02:44
(077) 610-22-33

“İcmalara dini ədəbiyyatların paylanması üçün göstəriş verilib“- Komitə sədri

  • >
621 13 Mart 2014 15:05 | Cəmiyyət

Elşad İskəndərov dindarların müraciətlərini dinlədi



İcmaların dini ədəbiyyatla təmin olunması üçün müvafiq göstəriş verilib.

AzNews.az Regional TV-yə istinadən xəbər verir ki, bunu Xaçmazda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.

DQİDK sədri Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət sarayında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan sakinləri qəbul edib. O, sakinlərin, o cümlədən dindarların müraciətlərini və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Qəbula gəlmiş bəzi vətəndaşlar komitə sədrinə radikal dini cərəyanların fəaliyyəti ilə bağlı narazılıqlarını çatdırıb, eyni zamanda, dövlətin bu istiqamətdə atdığı addımları dəstəklədiklərini bildiriblər.

Qəbulda iştirak edən DQİDK-nın struktur rəhbərlərinə müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Daha sonra jurnalistlərə açıqlama verən Dövlət Komitəsinin sədri bildirib ki, vətəndaşların müraciətləri, əsasən, mövcud ibadət yerlərinin təmiri və bərpası, dini ədəbiyyatın çatışmazlığı, həmçinin dini icmaların qeydiyyatı ilə bağlı olub.

E.İskəndərov bildirib ki, dini ədəbiyyatların icmalara çatdırılması məsələsinə aydınlıq gətirib: "İcmaların dini ədəbiyyatla təmin olunması üçün müvafiq göstəriş verilib. İcmalara dini kitablarla yanaşı, Azərbaycan tarixini əks etdirən, eyni zamanda, vətənpərvərlik mövzusunda nəşrlər təqdim olunacaq".

Komitə sədri həmçinin qeyd edib ki, ölkədəki məscidlərin təmiri yaradılan xüsusi ekspert şurasının rəyi əsasında aparılacaq: "Ekspert şurası rəy verərkən təmir və bərpa olunacaq bir sıra məscidlərin, ibadət yerlərinin tarixi abidə kimi qeydiyyatda olmasını və memarlıq üslubunun qorunub saxlanılmasını nəzərə alacaq".

AzNews.az
Bağla X