Yazıçılar forum iştirakçıları ilə görüşdü

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən "Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu"unun iştirakçıları Azərbaycan Yazıçılar Birliyində görüş keçiriblər.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. AYB sədri, xalq yazıçısı Anar 24 ölkədən Bakıya gəlmiş gənc şairələri salamlayaraq onlara yaradıcılıq uğurları arzulayıb.

"Bizim ədəbi tarixmiz zəngindir və qədimdir. Onun yaxından tanış olduqca buna bir daha əmin olacaqsınız"-deyə Anar qeyd edib. Daha sonra "Natəvan" klubunda qonaqlarla geniş tərkibdə görüş davam edib. AYB baş katibi, tanınmış yazıçı Çingiz Abdullayev və AYB Gənclər katibi Rəşad Məcid Avropanı, Asiyanı, Şərq ölkələrini təmsil edən gənc şairələri Bakıda görməkdən məmnun olduqlarını deyiblər.

Ç.Abdullayev bildirib ki, dünyadakı ədəbi mühitdə qadın faktoru ciddi amildir və öz xüsusi yeri var. Azərbaycanda qadın şairələrin çox olduğunu vurğulayan yazıçının sözlərinə görə, müsəlman ölkələri ilə müqayisədə ölkəmizdə qadınların ictimai həyatda rolu daha böyükdür. "Bizdə çoxlu sayda qadın deputatlar, nazirlər, məmurlar ölkə idarəçiliyndə təmsil olunublar.

Ədəbiyyat da bu baxımdan geri qalmır". Ölkədə yazıçılara qarşı hər hansı senzuranın mövcud olmadığını bildirən Ç.Abdullayev bildirb ki, əks halda Beynəlxalq Pen Klub Bakıda fəaliyyət göstərə bilməzdi. "Bu təşkilat yalnız senzura olmayan ölkələrdə işləyir"-deyə yazıçı bildirib.

Rəşad Məcid Azərbaycanda yazıçılar üçün yaradılmış şərait haqqında məlumat verib. Azərbaycan ədəbiyyat tarixində azərbaycanlı qadın şairələrin hələ 900 il əvvəl yazıb yaratdığını vurğulayan R.Məcid Məhsəti Gəncəvini nümunə göstərib. Xan qızı Natəvan barədə danışan natiq müasir Azərbaycan ədəbiyyatında da qadın şairələrin öz yerinin olduğunu bildirib.

Daha sonra qonaqların sualları cavablandırılıb. Qonaqlar AYB-nin yerləşdiyi bina ilə tanış olublar.

AzNews.az