08:12
(077) 610-22-33

Buna «Azərbaycanın böyük səhvi» deyəcəklər

  • >
4 252 14 Mart 2014 14:07 | Cəmiyyət

Səhv "detektorundan" siyasətə yanaşmada düz və
yanlış olanlar
(Rusiya siyasətimaterialında)

Siyasətdən söhbət etməyi sevən mədəniyyətlər

Bir mədəniyyətlə o birisini onunla tutuşdurmaq olar ki, hərəsində adamlar nə haqda ləzzətlə söhbət edirlər. İsveçdə öz araşdırmam üçün sorğu aparanda mənə dedilər ki, dost-tanış maşınların modelindən, idmandan və bir də turist oluban gəzdikləri ölkələrdən danışırlar. Bunun davamı kimi deyim: elə mədəniyyətlər var ki, kişilərin ləzzətli söhbəti qadınlardır, əsasən də, ciddi əxlaqlı qadınlar yox – bunun özü simptom deyilmi?!

Mədəniyyət də var ki, adamları doymadan gül-çiçəkldən söhbət edə bilirlər – ancaq bu, deyəsən, bizə yox, yaponlara aiddir.

Bəs, biz – Azərilər hansı konularda söhbətdən ləzzət alırıq? Özü də o ləzzəti ki, içində özümüzü ağıllı bilməyimizin xoşnudluğu var?
Biri şikayətə, narazılığa köklənmiş söhbətlərdir. O birisi siyasətə. Azərbaycanın və bir çox başqa ölkələrin kültür məkanında yer alan siyasi söhbətlərin bir özəlliyi, bir paradiqması, yəni danışıq, söyləm yöndəmi var – bunu təxminən belə düsturlaşdırmaq olar: "gör, Buş nə axmaqlıq etdi ki, Putinin baxışlarına inandı!", "gör, Putin nə səhv etdi ki, Güney Osetiyanı tanıdı!", "Gör, Amerika nə səhv etdi ki, İraqa, ya Əfqanıstana girdi!".

Siyasətdə səhv axtaranların səhvi

Belə çıxır ki, kəşfiyyat məlumatları, özəl və peşəkar araşdırma qurumları olan bu ölkələr Bakı çayxanasında oturub gap edən milli "politoloqlarımızdan" səviyyəcə aşağıdırlar, onların fəhm etdiklərini qanmırlar.

Ancaq məsələni belənçi çevirməyimin məqsədi bu milli "politoloqları" ləkələmək deyil. Məqsəd başqadır. Bütün dünya mediasında gedən bir çox politoloji analizlərdə siyasi gedişlə bağlı "səhv etdilər" söhbəti var. Düzdür, Buşun, Obamanın, Putinin "ağız çaşıb düzünü deyər" prinsipində yanlış yapmasına səhv damğasını yapışdırmaq olar (məsələn, 11 sentyabrdan bir an sonra Buş ağzından qaçırmışdı ki, Əfqanıstana Yeni Səlib müharibəsi edəcəyik. Səlib-Xaç savaşı isə bütün müsəlmanların xətrinə dəyən sözdür). Ancaq dövlətin siyasi gedişlərini tezcə səhv terminində düşünmək mənə savadlı deyil.

Ciddi dövlətlərin çox vaxt ilk addımlar, gedişlər qatında səhvi olmur. Necə ki şahmatda öz-özünə debüt səhvi yoxdur. Debüt seçiminin səhv olmasını yalnız o zaman demək olur ki, partiyanın gedişində şahmatçı debütdən çıxan imkanlardan ya bacarıqsızlığına, ya rəqibinin gücünə görə istifadə edə bilmir. Bunun siyasət üçün açımı: əgər Dövlət filan gedişi edirsə, sonralar bu gedişin gətirib çıxardığı situasiyalarda dolaşırsa, o zaman bu sonradan başlanğıca baxıb həmin gedişin yanlış olduğunu tapmaq olar. Türkiyənin Ermənistanla bağlı protokolları qollanmasında, Azərbaycanın buna qarşı çıxmasında prosesin fraqmentini götürsək, səhv yoxdur. Bu gedişin ardınca sıra-sıra gələcək situasiyalarda bilinəcək Türkiyə səhv idi, yoxsa Azərbaycan, ya Ermənistan.

Soruşula bilər ki, indi nə edək? Amerikanı, Türkiyəni, Rusiyanı, Azərbaycanı tənqid etməyək, səhvlərini göstərməyək?

Bunun cavabı: dövlətlərin siyasətində səhv tutmaq məsələsinə məsuliyyətlə yanaşmalıyıq. Əgər Azərbaycanın Türkiyə və Ermənistan arasında anlaşma ideyasına mənfi yanaşmasını səhv kimi kvalifikasiya etmək istəyiriksə, gərək göstərək ki, o anlaşma baş verəndən sonra hansı real proseslər doğa bilər və sonucda Azərbaycan öz etirazına görə necə pis vəziyyətə düşə bilər.

Kimsə gələcəkdə Çeçenistanın müstəqilliyinin tanınması ehtimalından itələnərək Rusiyanın Abxaziyanı tanımasını səhv adlandıra bilər. Ancaq başqası sübut etsə ki, o gələcəyin zəif mümkünlüyünə baxanda Gürcüstanın NATO-ya girməsi Rusiya üçün daha ağır və qorxulu idi, Rusiyanın gedişi elə də səhv görünməyəcək.

Bütün bu dediklərimin sonucu: dövlətlərin siyasətini səhv terminində düşünmək öz ağlımıza heyranlıq üçündürsə, elə də edək! Yox, bu düşünüş bizə dünyanı bilmək üçündürsə, "səhv"i ən axıra saxlayaq – bütün partiyanı tam da olmasa xeyli cızandan sonraya.

"Səhv"in linqvistikası

Yeri gəlmişkən, ərəbcənin "səhv" sözünün sinonimi türkün "yanlış" kəlməsidir. Bu kəlmə hədəfdən yan keçməklə ilişgilidir. "Yanlış" atmaq, getmək, vurmaqla sıx bağlı sözdür. İlgincdir ki, ruscanın "oşibko" sözü də ilkində hədəfdən yan keçməyi bildirib.

Xırda səhvlərə qarşı nə edilir?

Gündəlik yaşamda biz hansı yanlışları görürük? Adam dəvət alanda hazırlıqsız TV verilişinə gedir və biabır olur. Maşını sürəndə rolu tez burub divara vurur və s. Ancaq hətta normal adam belə, öz vəziyyətini bilib yanlışlardan yayınmaq üçün türlü araclar tapır, məşqlər edir. Tutalım, TV-yə dəvət alanda bilmədiyi məsələlərdə pərt olmamaq üçün "qoltuğunda" hazırcavab sözlər saxlayır, məsələn, gərəkəndə söyləyir: - "Sokratın "mən bilirəm ki, heç nə bilmirəm" sözlərini yadınıza salım. Bilməmək bilməyin yüksək mərhələsidir". Eləcə də evdən çıxanda dərman və s., kimi gərəkən nəsnələri yaddan çıxarmasın deyə irəlicədən ayaqqabısına ağ vərəq qoyur və bu mnemonik (xatırladıcı) nişan qoymur ki, dərmanı unutsun. Deməli, əgər bizim adi dünyamızda adamlar yanlış yapmamaq üçün bu qədər köməkçi vasitələr ixtira edirsə (tutalım, barmağına sap bağlayırsa), dövlətlər nədən etməsin?!

Böyük siyasətdə səhvləri iraq edən alqoritmlər

Dediyim kimi, dövlətlər, dövlət başçıları siyasətdə qəza, ayağı düz atmayıb yıxılmaq türündə adi səhvlər etmirlər. Yalnız, Yanukuviç kimi seytnot, macalsızlıq vəziyyətində danışıqda yanlışa yol verə bilərlər. Dedim ki, Buş 11 sentyabr terrorundan sonra qızıb "Səlib yürüşü edəcəyik" söyləmişdi. Səhv etmişdi, ona görə sonra bir daha təkrar etmədi. Ancaq bu olağanüstü (fövqəladə) vəziyyətdə informasiya siyasətini necə aparmaq, Buşu harada gizlətmək eyləmlərində Dövlət belə hallar üçün irəlicədən qovluqda olan "A" variantı ilə işləmişdi. Bu variant boşuna çıxsaydı, "B" variantını işə salacaqdı. Yəni gəlişmiş dövlətlərin tipik situasiyalarda necə davranmaqla bağlı alqoritmləri, davranış ssenariləri olur.

Bir sözlə, böyük siyasətdə yanlışa yol verməmək üçün kəşfiyyat məlumatları, analitiklərin arayışları, müşavirlərin məsləhətləri elə bir sıxlıq yaradır ki, büdrəyib "yıxılmağa" az yer qalır.

Siyasətdə yanlışlar məsələsinə daha bir həmlə

Dövlətin ciddi problemi - qoyulan amaclara çatmaq üçün maliyyənin, imkanların, resursların olub-olmamasıdır ki, buna bizim qandığımız anlamda səhv demək olmaz. SSRİ dağılanda Rusiyanın öz ordusunu Azərbaycandan çıxarmağa razı olması yanlış qərar deyildi. Çünki başqa imkanı yox idi.

DÖVLƏT GÜCÜ ÇATMAYAN ÖHDƏLİYİ GÖTÜRÜB YERİNƏ YETİRMƏYƏNDƏ GERİYƏ BAXIB DEYİRLƏR Kİ, HƏMİN ÖHDƏLİYİ GÖTÜRMƏSİ YANLIŞ İDİ. BƏZİ AĞILLI ADAMLAR İSƏ DÖVLƏT ÖHDƏLİYİ GÖTÜRƏNDƏ İRƏLİCƏDƏN SÖYLƏYİRLƏR Kİ, GÜCÜN ÇATMAYACAQ.

Bax, dövlət, siyasətçi səhvləri bu cür eyləmlərdə olur. Dağlıq Qarabağ ermənilərinin separatçı siyasiləri, məncə, bunu bütün yaxın tarix göstərir, gücləri çatmayan işin altına girməklə yanlış yola düşdülər. Əslində, özlərinin yox, Rusiyanın işinə yaradılar. Onlara elə gəldi ki, öz oyunlarını oynayırlar və Rusiyanı da bu oyuna qata biliblər. Ancaq faktlar göstərir ki, onlar Rusiyanın oyununu oynayırlar. Bunu 10-15 il qabaq bir ağıllı erməniyə deyəndə üzü əyildi. Ona söylədim ki, sizin yəhudilərdən fərqiniz küyə getməyinizdədir. Siz separatçılıq etməsəydiniz, Gəncədə, Bakıda böyük iqtisadi gücə çevrilərək yəhudilər ABŞ-də, Rusiyada olan kimi olardınız.

Siyasətdə səhvlər belə olur, hərçənd onu sübut etmək heç də asan deyil. Ola bilər ki, başqa erməni cavabında deyəydi ki, onsuz da Azərbaycan bağımsız olandan sonra mili şüurunun gəlişməsi ermənilərlə bağlı içəridə güclü təhlükəsizlik sisteminin qurulmasına gətirəcəkdi. Dövləti erməni vətəndaşlarından gələn siyasi-iqtisadi təhlükələrdən qoruyan sistemin.
Bütün bu söylədiklərimdən sonra soru çıxır: bəs bu qədər yarış, mübarizə olan dünyada səhv olmursa, necə hansı dövlətsə uduzur?
Birincisi, dövlətlərin uduzması uzun çəkən prosesdir. Faşist Almaniyasının uduzması 45-ci iləcən çəkdi. SSRİ-nin səhvinin nəticəsi çox-çox gec aydın oldu.

İndi belə bir soru: Rusiya bilmirdi, Yanukoviç kimdir və onun üstündə oyun qurmaq olmaz?! Güman ki bilirdi, ancaq olanı bu idi, axı! İndi isə Krım məsələsi göstərir ki, Putin Maydan qələbəsini yeni hakimiyyətin burnundan gətirmək istəyir və axırda elə olacaq ki, "qardaş xalqın" anti-rus siyasəti o qədər yumşalacaq ki, hər halda Rusiyanın uduzması (və deməli, səhvi) xeyli məcazi olacaq. Bu, Putin siyasətinin xeyrinə arqumentdir. Əleyhinə arqumen isə odur ki, Rusiya Ukraynanın timsalında yağı düşmən qazanacaq və o, AB-nin, NATO-nun üzvü olanda dişləri daha da iti olacaq.

DÖVLƏTLƏR PRİMİTİV YOX, STRATEJİ SƏHVLƏR EDİRLƏR. Strategiya uzun zamana köklənmiş amac və hərəkətlər planıdır. Rusiyanın strategiyasını "başqalarını məndən çəkinməyə zorunlayan siyasət" təşkil edir. Bəzən, bu siyasət gerçək imkanlardan güc almayanda dövlət öz strategiyasının girovuna çevrilir və onun səhvləri buradan gəlir. Rusiya hələ ki, Abxaziya, Güney Osetiya, Suriya və Ukrayna ilə bağlı səhv etmiş kimi görünmür, çünki strategiyasını davam etdirir. Ancaq elə ki dünya işləri imper siyasətindən əl çəkib başqa cür davranmağı tələb edəcək, Rusiya isə öz strategiyasının girovuna çevrildiyi üçün bunu etməyəcək, onun səhvləri aydınca görünəcək.

Siyasi yanlışlar bənzətmələrdə

Bu məsələni düşünmək üçün insan xarakterləri dadımıza çatar. Əxlaqda "yaxşı adam" ideyası onu bildirir ki, bu adam bütün cürbəcürlüklərə baxmayaraq öz payından kəsib başqalarına verməyi bacarır. Yaxşı adam təkcə özünə yox, başqalarına yararlı olandır. Bu yararlılığı, gəlin, primitivləşdirməyək. Yaxşı adam əclafa onun yarmaslıq etməsi üçün yararlı olmur. Yaxşı adam buna səlahiyyəti çatırsa, hətta əclafı cəzalandıranda belə, onun insan təbiətini təhqir edən fiziki cəzalar tətbiq etmir. Yaxşı adam cəza məsələsində Avropa kimi davranır, dustağı Ortaçağın zindan əzablarına salmır.

Yaxşı adamın intellektual çevikliyi

Kimsə irsi və başqa etgilər altında yaxşının bir növü olan mərd xasiyyət qazanandan sonra mərdliyinin girovuna çevrilə bilər. Tutalım, saxta gülümsəməni, saxta mehribançılığı yaltaqlıq sayaraq etmədiyi üçün rəisinə "quru adam" kimi görünər. Bu dəm bic birisi saxta mehribançılığı bacararaq qabağa çıxar və sonra rəisin dalından dəyər. Dünya çox dolaşıqdır. Mərd adama ağıl gərəkdir ki, bilsin, harada xasiyyətinin girovuna çevrilib nəyisə etmək olmaz, harada dünyaya güzəşti o qədər etmək olmaz ki, sonucda korlanıb xasiyyətini (şəxsiyyətini) itirəsən. Və ya dünya zorunlayırsa, mərdlik çərçivəsindən çıxmamaq şərti ilə özünü xeyli dəyişdirəsən.

İndi, bundan dövlətlərə çıxaq

Rusiya belə görünür ki, öz xasiyyəti ilə bacarmır. O, nəyin bahasına olursa, olsun dünyada sayılan, az qala ikinci sayılan subyekt olmaq istəyir. Buna olmazın pullarını xərcləyir. Halbuki elə Rusiyanın içində məsləhət verənlər tapılır ki, həmin pulları təhsilə, elmə xərcləyib Yaponiya, Çin kimi yüksək iqtisadiyyat qur və bununla sayıl!

İndi bu iki variantdan hansı düzdür, hansı yanlışdır, tapmaq çox çətindir. Olsa-olsa, gələcək göstərəcək. Ancaq indidən yüz faiz demək olar, Rusiya seçdiyi birinci variantın girovuna çevrilib vəziyyət tələb edəndə dəyişməsə, yanlışa yol verəcək. Çin isə dəyişməyi bacarır. İqtisadiyyatda uğurlarına, əhalisinin sayına baxmayaraq heç yerdə özünü Rusiya kimi hikkəli aparmır. Sadəcə, gərəkəndə Rusiyanı Suriyada olduğu kimi "fitilləyir".

Rusiyanın Ukrayna ilə bağlı strateji səhvi odur ki, "qardaş" xalqını öz orbitində saxlamaq üçün elə addımlar atmalı olacaq ki, həm ukraynalıların, həm uyqar dünyanın gözündə eybəcər sifət alacaq.

Axırda Ukrayna ilə bacarmayacaq, ancaq yaxşı imici də əldən gedəcək. Baxın, Polşa ruslar üçün "qardaş" slavyanlar olmalı idi, ancaq polyaklar qədər Rusiyanı sevməyən slavyan tanımıram. Tarix boyu Rusiya onlara qarşı elə işlər yapıb ki, heç cürə özünü onlara çox istədə bilmir ki bilmir.

Özümüz üçün sonuclar

Ermənistanın bizim torpaqlarımızı işğal etməsi Azərbaycan imicinə öz təsirini göstərib. Biz torpağını itirmiş və geri alanmayan ölkə durumundayıq. İndi bundan biz elə ölkə xasiyyətini qazanmalıyıq ki, həmin zərbədən güc qazanaq. Qaçış yarışında ağıllı sprinter bəzən rəqibini qabağa buraxır ki, qaçıb ötmək üçün hədəf qazansın. Biz erməniləri təsəvvürümüzdə belə bir rəqibə çevirməliyik, həm elmi, həm iqtisadi planda. Ermənilərdən qabağa çıxmaq, Qarabağı qaytarmaq amacı elmə, təhsilə, gəncliyin həyat mənalarına öz enerjisini verməlidir.

Çağdaş Azərbaycanın ciddi problemi məmur korpusunu dövləti SAXLAMAĞA yox, Dövləti IRƏLILƏTMƏYƏ yönəltməkdir. Kimlərsə day pullarını yığılıb, kimlərsə day varlanıb. İndi onların pul yığması, varlanması korrupsiya mexanizmi ilə yox, iqtisadi mexanizmlə baş verməlidir. Əslində, bu proses işə düşüb, rüşvətdən qazanılmış pullarla zavodlar tikilir, şəhərciklər salınır. Ancaq korrupsiya mexanizmi hələ də birinciliyini saxlayır. Bizim Dövlət 5-6 ilə həmişə ermənilərdən qabaqda olmaq ideyasını mili ideyaya çevirib, bu ideya ilə korrupsiyanı iqtisadiyyata və qanunçuluğa uduzdurmasa, işlər yaxşı olmayacaq. O zaman buna "Azərbaycanın böyük səhvi" deyəcəklər.

AzNews.az
Bağla X