Azərbaycanlı alim "Nobel" aldı

Azərbaycan Milli Elmlər Akademiyasından AzNews.az-a verilən məlumata görə, Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi naliyyətləri qiymətləndirmək üçün beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir Avropa Elmi və Sənayə Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, "Publishing House" Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elmi Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev mükafata layiq görülüb.

RTEA-nın beynəlxalq "Fundamental və tətbiqi tədqiqatlar", eləcə də "Elm və təhsilin müasir problemləri" jurnalında dərc olunmuş məqalələr aktual problemlərə həsr olunan elmi nailiyyətlər kimi qiymətləndirilib, müəllif A.Nobel medalı mükafatına layiq görülüb.

"Azərbaycanda dağ əkinçilik şəraitində istifadə olunan impulslu yağışyağdırmanın distansion avtomatlaşdırılmış idarəetmə sistemləri" və "Azərbaycanda becərilən dağlıq ərazi torpaqlarının eroziyadan mühafizəsinin elmi əsasları" sərlövhəli məqalələr sertifikatla təltif olunub və "Rusiya milli elminin qızıl fondu"na daxil edilib.

Eyni zamanda, RTEA-nın professoru seçilən və A.Nobel medalı döş nişanı ilə təltif olunan Z.Əliyevin soyadı "Rusiyanın tanınmış alimləri" elektron ensiklopediyasına daxil edilib.

AzNews.az