05:37
(077) 610-22-33

“Region TV” yayıma may ayında başlayacaq

  • >
807 14 Mart 2014 16:55 | Cəmiyyət

"Region TV" bu ilin mayından Bakıda yayımlanmağa başlayacaq.

"Region TV"-dən AzNews.az-a verilən məlumata görə, televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azəbaycanın ilk televiziya şəbəkəsidir.

Qurumdan deyilib ki, "Region TV"-nin Bakıda yayıma başlayacağı tarix isə 2014-cü ilin may ayına planlaşdırılır. "Region TV" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq.

Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq.
Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq "Region TV", eləcə də bütün regional kanalların yayımı rəqəmsal (DVB - T) formatda həyata keçiriləcək.

"Region TV"-nin yayım və proqram mərkəzi Kəpəz TV-nin bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın ilk xəbər kanalı - TTV-nin əsasında yaradılıb. "Region TV"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq.

Qeyd edək ki, bu gün "Region TV" televiziya şirkəti Milli Teleradio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X