Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib.

Akademik, Əməkdar Elm Xadimi, görkəmli iqtisadçı alim Asəf Nadirov 85 yaşında dünyasını dəyişib.
Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alimin vida mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər Əməkdar Elm Xadimi Asəf Nadirovun iqtisadiyyat elminə verdiyi töhfələrdən söz açıblar. Qeyd olunub ki, akademik 800-dən çox monoqrafiya, dərslik, iri həcmli elmi məqalələrin müəllifidir. Onun əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa, Hindistan, Yunanıstan və bir sıra digər ölkələrdə nəşr olunub. Alim, həmçinin beynəlxalq konqres və simpoziumlarda Azərbaycanı təmsil edib. A.Nadirov "Şərəf" və "Şöhrət" ordenləri, həmçinin bir sıra nüfuzlu elmi mərkəzlərin fəxri diplomu və fərmanları ilə təltif olunub. Akademik A.Nadirov 2012-ci ilin oktyabrında İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən 12-ci sammitində bu qurumun mükafatını alan ilk və yeganə azərbaycanlı kimi tarixə düşüb.
Akademikin rəhbərliyi altında 7 elmlər doktoru, 70-dən artıq namizədlik dissertasiyası müdafiə edilib. Alimin əsərləri Azərbaycan iqtisadiyyatının inkişafının aktual problemlərinə və xüsusilə də məhsuldar qüvvələrin yerləşdirilməsi, şəhərlərin və regionların inkişafı, sənaye qovşaqları və ərazi-istehsal komplekslərinin səmərəli şəkildə formalaşdırılması və s. aktuallıq kəsb edən problemlərə həsr olunub.

Görkəmli iqtisadçı alim ikinci Fəxri xiyabanda dəfn edilib.(Azər Tac)