21:31
(077) 610-22-33

Azərbaycanın tanınmış ziyalıları “Qanun”a dəstək oldu- FOTOLAR

  • >
6 785 14 Mart 2014 19:15 | Cəmiyyət

Tanınmış ziyalılar "Qanun" Nəşrlər Evinə dəstək üçün redaksiyada olublar.

AzNews.az-ın məlumatına görə, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru, əməkdar-jurnalist, Prezident təqaüdçüsü, 90 yaşlı Şirməmməd Hüseynov "Qanun"a gələrək, Vergilər Nazirliyinin bu qurumda apardığı yoxlamadan narahatlığını bildirib.

O deyib ki, respublikada 500-ə yaxın nəşriyyat var. Bunların çoxu ilə bilavasitə əlaqəsi var. Amma "Qanun" Nəşriyyatını seçib: "Nə üçün? Mən təmənnasız olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətini yaradan M.Ə.Rəsulzadənin əsərlərini 50 ildir ki, toplayıram və nəşr edirəm. Xüsusilə, müstəqillik dövründə, indiki zamanda kitab nəşr etmək məlumdur ki, problemdir. Mənə bu işdə ən çox yardım edən "Qanun" Nəşriyyatıdır. Bu nəşriyyata M.Ə.Rəsulzadə əsərlərinin dördüncü cildini verdim. Heç bir vəsait ödəmədən əsəri nəşr etdirirəm. 2013-cü ildə M.Ə.Rəsulzadənin "Bakı və Azərbaycan tarixinə dair" (1918-19) əsərini verdim və nəşr etdilər, pulsuz və parasız. Yenə həmin il Ömər Faiq Nemanzadənin "Nəşri Asarə dəvət" (1905) əsərini verdim, pulsuz və parasız nəşr etdilər. Belə bir nəşriyyata respublikada kim rast gəlib? Bunu bilmək və qiymətləndirmək lazımdır, cəzalandırmaq yox. 90 yaşında kişi yalan danışmaz".

Redaksiyada olan jurnalist-teletənqidçi Qulu Məhərrəmli bu narahatlığa son qoyulmasını istəyib: "Biz indi olduqca kasıb mənəvi mühitdə yaşayırıq. Kitab oxuyanların, bilik, savad ardınca gedənlərin sayı azalıb. Bunun bir səbəbi də kitabların təbliğ olunmaması ilə bağlıdır. Belə bir şəraitdə "Qanun" nəşriyyatı, sözün əsl mənasında fədakarlıq göstərir.
Azərbaycanın aparıcı yazıçılarının, gənc qələm sahiblərinin, dünya ədəbiyyatı korifeyərinin əsərlərini çap edib yayır. Nəşriyyatın direktoru Şahbaz bəy bu işlərə tükənməz enerji ilə istiqamət verir. Ona görə də eşidəndə ki, bu nəşriyyatı sıxma-boğmaya salırlar, çox heyrətləndim. Nəşriyyata hücum, mənəviyyata hücumdur. Kitabı məhv etmək adamı öldürməkdən də pisdir. Bunlar məmin yox, Con Miltonun sözləridir. Düşünürəm ki, nəşriyyatın, kitabın işığ selinin qarşısı alınmazdır, hər halda bir adam ortaya çıxıb bu biabırçılığa son qoymalıdır. Mən buna ümid edirəm".

Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa isə AzNews.az-a açıqlamasında bildirib ki, bütün nəşriyyatların, o cümlədən "Qanun"un fəaliyyət göstərməsinin tərəfdarıdır: "Arzu edərdim ki, nəşriyyatlar əlavə dəyər vergisindən azad olunsunlar. Məsələn, qonşu Gürcüstandakı kimi. Kitab intellekt, dünyagörüş, səviyyə deməkdir. Məncə, kitabsızlıq gerilik, dayazlıq, düşüncəsizlik simvoludur".

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub da AzNews.az-a açıqlamasında "Qanun"a dəstək verib. Z. Yaqub deyib ki, cəmiyyətdə, yaşadığımız həyatda kitab çap olunan nə qədər nəşriyyatlar varsa, hamısının qapısı açıq olmalıdır: "Kitabla əlaqəli olan bütün nəşriyyatlar oxucu və xalqla ünsiyyətdə olmalıdır. Kitab evləri çoxalmalıdır və həmin nəşriyyatlar keyfiyyətli kitab çap edib cəmiyyətə, yetişməkdə olan nəslə təqdim etməlidir. Azərbaycanda heç bir nəşriyyatın bağlanmasının tərəfdarı deyiləm. O cümlədən də "Qanun" Nəşrlər Evinin. Bu nəşriyyata dəstək olmaq lazımdır".


Təhsil üzrə ekspert, alim Etibar Əliyev "Qanun"a dəstək olan ziyalılar sırasındadır. O, bildirib ki, Azərbaycan yazarları, oxucuları, elm və sənət adamları Qanun nəşriyyatının müdafiəsinə qalxmalıdır: "Qanun nəşriyyatı sovetlər dövründə Azərbaycanı kitabla təmin edən bir neçə nəşriyyatın funksiyasını yerinə yetirir. Azərbaycanın elə bir ailəsi tapılmaz ki, bu nəşriyyatın dərc etdiyi kitablardan faydalanmasın. Əslində naşirlər və oxucular kitaba tətbiq edilən ƏDV-nin ləğvini gözləyirdilər, vergilər nazirliyi elə bir addım atdı ki, bu həqiqətən cəmiyyətimizi şoka saldı. Bir alim kimi bütün dünyada kitaba olan sayğını, kitab çapına edilən dovlət yardımlarından xəbərdaram. Düşünürəm ki, bu problem ölkə başçısı səviyyəsində həllini tapacaq.
"Qanun"a edilən təhdidlər oxucular və yazarlara qarşıdır. Kitabsızlığa xidmət edir".

AzNews.az
Bağla X