“Lap uşaqlıqdan narkotikdən istifadə etmişəm” “Lap uşaqlıqdan narkotikdən istifadə etmişəm”

Rəmiş: “Saçını saunalarda ağardanlar gəlib Xalq artisti olur“

“Lap uşaqlıqdan narkotikdən istifadə etmişəm”

Onunla danışmağa çox mövzular var... Qeyri-adi xarakteri, təkrarlanmayacaq istedadı, hadisələrə qəribə yanaşmaları, unikal yaddaşı və s. Amma bu müsahibədə tamam başqa şeylərdən danışdıq. Redaksiyamıza özü öz ayağı ilə gəlmişdi. Cəmi 20 dəqiqə vaxtı var idi. Və həmin vaxt yeni rubrikanın ideyası doğulmuşdu - "Flash". Bu rublikanın əsas qayəsi məşhur simaların danışmaq istəmədiyi mövzularda danışdırmaqdır. Siftəsini onunla etmək qismət imiş. Beləliklə Rəmiş kimi tanıdığımız Rafiq Hüseynov "Flash"in ilk qonağıdır. Onunla narkotik, ailəsi, hökumət nümayəndələrilə münasibəti və cəmiyyətdə narazı qaldığı məqamlardan danışırıq.

"Qəzetlərdən zəhləm gedir"

-Bu yaxınlarda bir neçə jurnalistin sizinlə müsahibə almaq istəyinin baş tutmamasının şahidi olmuşam.Bu nəylə bağlıdır?

-He, Gülü (Həyat yoldaşı Güllü Hüseynovanı nəzərdə tutur-E.Z) qoymur danışam. Həm də qəzetlərdən zəhləm gedir. Yəqin buna da imkan verməzdi. Heç bilmirəm necə oldu, mən razılıq verdim. Bu yaxınlarda bir tanışımızgildə nişan var idi. Gülünü ora gətirmişəm. 20 dəqiqəyə düşəcək. Küçədə gəzişirdim, köhnə dostum Mahir məni yaxaladı, dedi küçədə qalma, gedək redaksiyada çay içək. Amma deyəsən, çay içməyə imkan verməyəcəksiz.

-Qəzetlərdən niyə zəhləniz gedir?

-Qəzetlərlə mənimki tutmur. Çünki qəzet bu gün məni tərifləyir, məndən yazır, sabah da musiqidən xəbəri olmayanları dahi sənətkar kimi qələmə verir.

-Misal deyə bilərsiz?

-Çoxdur. İndi musiqidən qandığı qrafa olmayan o qədər adam var ki, Xalq artistidir. Bu gün kişi adına yaraşmayan şəxslər fəxri adlar alır. Öz kişiliyini qoruya bilməyən adam necə Xalq artisti ola bilər? Danışanda da qeybət çıxır. Həm də qorxuram tutarlar məni. Amma məcbur oluram danışmağa. Düzü deməsəm, mənə yaraşmaz.

-Doğrudan qorxursuz?

-Yox... Mənim 68 yaşım var. İslanmışın yağışdan nə qorxusu?

- Sizcə niyə bəziləri layiq olmayan fəxri adlara layiq bilinir?

-Bilmirəm. Mən nə bilim?

-Bəlkə, sənətkarlar azdır. Yəni elə olanımız budur. Fəxri adlar da kiməsə verilməlidir, ya yox?

-Yox, o qədər sənətkarlarımız var ki...

-Məsələn, özünüzdən başqa kimin adını çəkərdiniz?

-Xalq kimi sevirsə sənətkar odur. Alim Qasımov, Qədir Rüstəmov böyük sənətkarlardır.

-Gitara ifa edənlər arasında bəs?

-Məndən başqa gitara çala bilən yoxdu. Onlar heç bilmirlər not nədir. Onlar hamısı mənim tör-töküntülərimdir. Yığışdırıb məşhur olmaq istəyirlər. Amma bilmirlər ki, disk buraxmaqla, şəkil paylaşmaqla sənətkar olmaq olmaz. Mən bu adı 45 ilə qazanmışam. 1966-cı ildə ifa edirəm.

-Niyə öz məktəbinizi yartmırsız?

-Necə eləyim? Dövlət Əməkdar artist olmağıma görə ayda 30 manat verir.

-Öz davamçılarınızı yetişdirmək, bir-iki nəfərə bu sənətin sirlərini öyrətməyə pulmu lazım?

-O mümkün olan şey deyil. Kimisə yanında oturdub ona çalmağı öyrətmək qeyri-mümkündür.

-Niyə?

-Çünki mən bir mahnını indi bir cür çalıram, bir az sonra isə başqa cür... Beynimə necə gəlir, damarıma necə düşür, elə çalıram. Mən bunu başqasına necə öyrədə bilərəm? Muğam da başdan-ayağa improvizasiyadır. Hər dəfə başqa cür çalırsan. Amma dünyanın harasında biri "narodni stildə" gitara çalanda deyirlər ki, bax, Rəmiş kimi ifa edir. Məncə bu elə məktəbdir.
Konkret nəsə eləməkdən ötrü gərək, gedib nazirlərin qapısı ağzında yatasan, yalvar-yaxar edəsən. O da mənim işim deyil. Mənim xoşuma gəlir ki, nazir özü məni çağırsın.

"Pullu adamlar hər çağıranda 50 min verir"

-Hansısa nazir, yüksək çinli məmurlarla əlaqəniz var?

-Hə var, vəzifədə olan çox dostlarım olub. İki dəfə Kamaləddin Heydərov çağırıb məni. Getmişəm, oturub söhbət etmişik, mən çalmışam, o da qulaq asıb. Ona hörmətim var, o, musiqini başa düşür. Amma çoxları yalnız pul vermək üçün çağırır. Elə adamlaçün fərqi yoxdur, kim olur -olsun məşhurdusa, çıxarıb pul verirlər.

-Elə milyarderlər hər çağıranda təxminən nə qədər pul verirlər?

-50 min, 30 min, baxır da... Pulum olanda heç götürmürəm.

-Nazirlərdən Kamaləddin Heydərovdan başqa kimsə sizi evinə çağırıb, musiqi dinləyib?

-Vəzifəli şəxslər çox çağırıb məni. Hamısı məni çox istəyir. Ancaq bilirsiz nə var, bir nazirin milyonu varsa, musiqi onun nəyinə lazımdır? O musiqiyə elə-belə baxacaq. Ancaq bir şeyə dəqiq inanıram. Bir adamın ki, başı ancaq pul yığmağa qarışır, onun aqibəti heç də yaxşı olmur. Mən bu cür çox oğlanlar görmüşəm, öləndə küçələrdə qalıb... Onların içərisində çox yüksək vəzifə sahibləri olanlar da var idi. Oğul gərək qocalanda özünü mənim kimi saxlasın... Maşınım da var, arvadım da, gitaram da... (Gülür).

-Bir ara səhhətinizdə problemlərin olduğu deyilirdi. İndi necəsiz?

-İndi yaxşıyam. 68 yaş az deyil. Gərək arada həkimə-təbibə gedəsən...

-Bu həkimə-təbibə düşməyiniz narkotiklə bağlıydı, deyəsən...

-Narkotik səhhətimə çox pis təsir edib, bu həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi -bu da həqiqətdir. Gör mən Allahın nə qədər düzgün bəndəsiyəm ki, hələ yaşayıram, ölməmişəm.

-Neçə il məşğul olmusuz?

-Uşaqlıqdan. Kubinkada, dağlı məhləsində olmuşam da...

-Deyirlər Rəmiş yaxşı "qidalanmasa" ifa edə bilmir...

-Bir şey ki, insanın ölümünə gətirib çıxarırsa, o yaxşı ifaya necə kömək edə bilər? Boş şeydi. Əksinə, narkotik olmasaydı, məncə daha yaxşı ifalar edə bilərdim. Gör mənim beynim necə saat kimi işləyib, ürəyim Allahla olub ki, o qədər "dəva-dərmanla" çalmışam, yartmışam...

-Niyə sənət adamları narkotikə meylli olur?

-Əslində, o elə də xatalı şey deyil. Qaydası var.

-Niyə axır vaxtlar görünmürsüz?

-Azərbaycanda götürüb ermənilərə fəxri adlar verəndə belə görünmərəm də. Mən də həmin adamlar olan yerə getmək istəmirəm. Manana erməni əsillidir, Əməkdar artst adını alıb. Bu gün-sabah Xalq artisti də olacaq. Xalqın mənim kimi sənətkarlarına hörmət qoymurlar.

-Necə düşünürsüz, bəlkə, sizə Xalq artisti adını verməməyin kökündə həyat tərziniz durur?

-Siz nə danışırsız? Küçə adamları, əxlaqsızlar, tindən yığışmayanların həyat tərzi mənimkindən təmizdir? Belə müqayisə olar? Saunalarda saçını ağardanlar məndən daha layiqlidir, deyirsiz? Mən gör neçə ildi bu xalqı təmsil edirəm.

"Ziyafət Əsgərov bizə gəlmişdi, yaxşı gitara çalır"

-Deyirsiniz, Nazirlərlə, vəzifəli şəxslərlə tez-tez görüşürsüz. Bu məsələni onlara niyə deməmisiz?

-Kişi öz xahişini eləməz. Mən başqalarının xahişini çox eləmişəm, amma özüm barədə bir kəlmə də demərəm. Qoy mənim barədə başqası desin. Məsələn, bu yaxınlarda bir rəis müavinini işdən çıxarmışdılar. Dost adam idi. Getdim onun xahişini elədim, qaldırıb rəis qoydular. 20 gün olar bir nəfəri yol polisinə düzəltdim. Amma bu imkanlardan özümçün istifadə etməyi özümə sığışdırmıram. Bunu bacarmıram. Yaxşı oğlanlar mənim sözümü deyə bilərlər.

-Belə çıxır tanıdıqlarının içərisində xahiş edə biləcək yaxşı oğlan yoxdur?

-Var, niyə yoxdur? O gün Ziyafət Əsgərov mənim dostumdur. Əla oğlandır. O gün də bizə gəlmişdi... Bir az o ifa etdi, gitarada, pianoda, bir az da mən... Çıxanda istədi mənə pul verə. İmkan vermədim. Mən ona deyə bilərdim ki, filənkəsə de, bunu eləsin. Amma niyə də deməliyəm. Onlar bilmirlər ki, mən 68 yaşında hələ də Əməkdar artistəm?

-Xalq artisti adını almaqçün niyə bu qədər narahatsız? Bu, sizin nəyinizə lazımdır?

-30 manat qalxıb olacaq 50 manat (Gülür). Bu yaşda Əməkdar artist yaraşmır da.

"İmkanlı dostlarımın hesabına dolanıram"

-Nəylə dolanırsız?

Həm toylardan, həm də imkanlı dostların hesabına... Mən elə şeylərə pis baxmıram. İmkanı var, versin xərcləyək.
Mən pulun fikrini heç vaxt eləmirəm. Lazım olsa, dostlara deyən kimi 50 min pul gətirərlər. Bir dəfə pul lazım idi. Zəng vurdum bir dostuma dedim ki, mənə təcili pul göndər. Həmin gün alınmadı. Səhəri bir paket pul göndərdi, sayını da bilmirəm. Mənsə o pulların hamısını pəncərədən küləyə verdim. Dedim, sən mənə dünən lazım idin, bu gün yox...

-Belə təcili pullar nəyinə lazım olur ki?... Narkotikə?

-Mən indi o işlə məşğul olmuram.

-Bəs neynirsiz bu pulları?

-İndi bax, brilliantlar alıram (Barmaqlarındakı iri qaşlı üzükləri göstərir). Xoşum gəlir daş-qaşdan.

-Toylara neçəyə gedirsiz?

-Mən heç vaxt pul demirəm. Kimin nəyə imkanı çatır verir. Hamı bir səviyyədə dolanmır, axı. Mən dolanışığımdan razıyam. Elə sənətkarlar var, ölənə yaxın siqaret pulları belə olmur. Mənə şükür. Ölənə kimi pulum da, hər şeyim də olacaq. Ölənə kimi çalacağam, maşın sürəcəyəm.

-Özünüz nəyə qulaq asırsız?

-Yalnız İran musiqisinə.

-Niyə?

-Çünki fars musiqisində həm şirinlik, həm həzinlik, həm yazıqlıq, həm də dəhşət var. Adamın tükləri biz-biz olur.

"İstədiyim vaxt Yerevana gedə bilərəm"

-Darıxanda neynirsiz?

-Gitarama çalıram. Gəzirəm. Əslində, evimdə şəraitim çox yaxşıdı. Allah İlham Əliyevin canını sağ eləsin, 3 otaqlı ev verib, təmirinə də 100 min manat xərcləyiblər. Hər bir şəraitim var. Adam heç evdən çölə çıxmaq istəmir.

-Haraları gəzirsiz?

-Mən çox gəzirəm... Hər yeri gəzirəm. Bu yaxınlarda İstanbuldaydım, sonra Gəncədə 3-4 gün qaldım, iki gün bundan qabaq Qusarda getmişdim. Oradan qayıdanda gəlib bir gün Nabranda qaldım. Bir müddət əvvəl Astaraya getmişdim. Oradan getdim Ərdəbilə. Sonra da Təbrizə getdim-gəldim. Maşındı da hara istəyirəm sürürəm.

-Bu yaşda, o boyda yolları maşınla...özünüz idarə edirsiz?

-Mən maşınımı həmişə özüm sürmüşəm, ölənə qədər də özüm sürəcəyəm. Mənə elə gəlir ki, yaxşı oğlanın şoferi olmaz. Hərə öz şoferi olmalıdır.

-Heç ata yurduna getmək ağlınızdan keçmir?

-Keçir. Darıxan kimi gedirəm Bərdəyə. Bilirsiz, bu dünya səviyyəsində həll olunmalı işdir. Əslində, o torpaqlar qaytarılsa da, heç kim gedib orada yaşayan deyil. Amma atalarımızın qəbirləri var orda. Heç olmasa gedib ziyarət edərdik. Yaxşı oğlan gedib valideynlərinin qəbrini düzəltməlidir. Mənim çox dostlarım orda şəhid oldu. Mən ancaq ölənlərin qəbirləri üstə getmək istəyirəm. Əslində, mən bu saat Yerəvana gedə bilərəm, mənə heç kim, heç nə də etməz. Çünki mənim erməni dostlarım çoxdur. Kim o tərəflərə gedir, qayıdanda deyir ki, sənə çoxlu salamlar var.

"Yanıma başqa qadınlar gələndə, Gülü çıxıb gedir işlərinin dalınca"

-Ümumiyyətlə, necə yerlərdən xoşunuz gəlir?

-Xoşum gəlir ki, təbiətə baxım. Bundan əvvəl cananlara baxmağı xoşlayırdım, indi isə, uyğun gəlmədiyindən təbiətə baxıram.

-Eşitmişəm vaxtilə çoxlu sevgi məktubları almısız...

-Hə, dünən biri yanımdaydı. Zəng elədi dedim oturmuşam restoranda, gəl. Gəldi dedi sevirəm səni. Gülü də mənləydi. Gördüm vəziyyət belədir, dedim Gülü bağışla bizi... O da getdi işlərinin dalınca... Belə məqamlarda deyirəm, Gülü mənim bacımdır.

"Hamama girib, 1-2 qram kokain vurub çıxırdıq"

-Bekar vaxtlarınızda neynəyirsiz?

-Kompüterdə şahmat oynayıram. Özü də kompüteri uduram. Damada ümumiyyətlə, hamını uduram. Amma şahmat bir az çətindir. Bilyardı da yaşı bacarıram. Cavanlıqda tennisi də yaxşı oynayırdım. İndi isə nəfəsimə ziyandır. Ümumiyyətlə, mən idmanı sevirəm. Əvvəl idmanla məşğul olmuşam.

-Hansı növülə?

-Uşaq vaxtı voleybol, gimnastika ilə məşğul olmuşam. Biz 4 qardaşıq. Hamımız da idmanla məşğul idik.

-Bəs necə oldu tamam başqa həyatı seçdiniz?

-Musiqi.... Kubuinkada hər səhər tezdən rəhmətlik Balami çağırırdı. Girib hamamda 1-2 qram kokain vurub çıxırdıq. Başqa necə olmalıydı, Bakıdı da... elə deyil? Amma daha yaşıma uyğun deyil. Xeyli vaxtdır, 13 ilə yaxındır ki, ondan qurtarmışam. Heç kimə də məsləhət bilmirəm.

- Amma deyirlər, çox sənətkarlar var ki, onların narkoman olmasında sizin müstəsna rolunuz olub. Hətta onlar arasında ölənlər də var...

-Onu səndən başqa deyənlər qələt eləyir. Əksinə, mən həmişə demişəm ki, ay bala, bundan istifadə etməyin. Ad çəkmək yaxşı deyil, amma hamınızın tanıdığı neçə adamlar var ki, onu vurmaqdan dəfələrlə çəkindirmişəm. Kişini evsiz, eşiksiz, arvadsız, uşaqsız edər narkotik. Ölən anasının yadigar qalan yeganə üzüyünü satan narkoman görmüşəm. Elə sənətkarlar olub ki, nişan üzüklərini girov qoyublar, elə mən özüm gedib geri qaytarmışam. İndi onların hamısı el sənətkarı, Xalq artistləridir. Bir neçəsi də oldu ki, bəli, vurub-vurub öldülər. Onların içərisində biri çox yaxşı oğlan idi: Qaxlı balası Elçin Cəlilov. Ona zəhər verdilər, vurdu və öldü.

"İki qızım var... Bilmirəm"

-Bir az da ailədən danışaq. Kimlər var, kimlər yox?

-Elə Gülü ilə mənəm. O mənə həm də qardaşdır.

-Bəs övladlarınız?

-İki qızım var. Moskvada olanda onlara pul göndərirdim. İndi mənə baş çəkmirlər, maraqlanmırlar. Yəqin pulları çoxalıb...

-Onlar nə ilə məşğuldular, hansı sahənin adamlarıdır?

-Nə bilim, birinin əri maşın satır, o birin ki, orqan işçisidir. Bilmirəm...

Bu yerdə Rəmiş saatına baxır və az qala cümləsini belə tamamlamadan, sağollaşıb otağı tərk edir...

Elçin Zahiroğlu
Fotolar Mahir Hüseynbəylinindir
AzNews.az
image description image description image description image description image description image description