Cəmil Quliyevdən İsmayıl Ömərova məktub: “Pulları geri qaytar”

İTV rəhbərliyi kanalın keçmiş direktoru İsmayıl Ömərovdan adına yazdırdığı artıq pulları geri istəyir.

AzNews.az-a daxil olan məlumata görə, bununla bağlı artıq İ.Ömərova rəsmi məktub da göndərilib. Məktubda bildirilir ki, onun maaşı hesablanarkən yanlışlığa yol verilib, bununla da televiziyanın büdcəsindən əlavə pul mənimsənilib. Məktubda xahiş olunur ki, həmin vəsait televiziyanın büdcəsinə qaytarılsın. Məlumata görə, keçmiş direktordan geri istənilən pulun məbləği təxminən 4 min manatdır.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı İsmayıl Ömərovla əlaqə saxlayıb. O, xəbəri təkzib etməyib: "Mən nə "hə" deyirəm, nə də "yox". Telefonla heç bir açıqlama vermək istəmirəm. Bayram günləri gələrsiz, yaxından danışarıq".

Bu yazını hazırlayarkən məlum oldu ki, eyni məzmunlu məktub İTV-nin çıxarılmış departament rəhbərlərinə və əməkdaşlarına da göndərilib. Bununla bağlı dəqiqləşdirmələr apardıqdan sonra geniş material təqdim edəcəyik.

Azər
AzNews.az