13:08
(077) 610-22-33

Qırmızı şalvar, zərli köynəklə “Qarabağ davası“ aparmaq

  • >
3 102 17 Mart 2014 12:08 | Cəmiyyət

Azər Həsrət



Bugünlərdə sosial şəbəkələrdə və xəbər saytlarında gözümə bir video (youtube.com/watch?v=ZMMfLV_lhhg) sataşdı. Bir Azərbaycanlı gəncin yer aldığı videonu seyr etdikdən sonra elə bil başımdan bir qazan qaynar su töküldü. Ona görə yox ki, həmin gənc Azərbaycanlıdır və videoda göstərilən gündədir.

Ona görə ki, həmin gənc həm də çox iddialı bir adla və üstəlik də Azərbaycanda yüksək səviyyəli dövlət qurumlarının himayəsində olan Azərbaycanlı Tələbələr və Məzunlar Beynəlxalq Forumunun (ASAIF - Azerbaijani Students and Alumni International Forum) rəhbəridir. Kimdir, nədir? Youtube-da yayınlanmaqda olan videonun altında oxuyuruq: "ASAIF-in sədri Ramin Hakimov. Buna nə ad verərsiniz? Biyabırçılıq. Mənim fikrimcə bu vəzifəni ... əsl bir mərd kişi tutmalıdır. Buna sübut olaraq Londondakı olan geyimini göstərmək istərdim və bu şəxsə görə bu videoda Azərbaycan Respublikasına hamı gülürdü". (Yazının üslubuna toxunulmayıb.)

Bəli, həmin videonun altındakı bu izahdan sonra istər-istəməz onu seyr etməli olursan. Ötən ilin aprelində yayınlanmış bu videoda ASAIF-in sədri olduğu deyilən Ramin Hakimov zərli köynək, ağ mələk qanadları və qırmızı şalvarda İngiltərə TV kanallarından birində mahnı oxuyur. Auditoriya da bizim TV kanallarındakından fərqli olaraq 15-20 nəfərlə deyil, yüzlərlə iştirakçıyla doludur. Üstəlik, bu veriliş həm də efirdə yayımlanır. Yəni dünyanın hər tərəfindən hər kəsin görə biləcəyi bir verilişdir! Bunun da üzərindən keçə bilərdik. İndiki demokratik dünyada, hələ Azərbaycanın Avropa dəyərlərinə sadiq bir ölkə olması şəraitində kiminsə, lap elə ASAIF sədrinin öz geyiminin forma və rəngini seçməsinə irad tutmaq kimi bir haqqımızın olmaması lazımdır. Amma! Amma bu qədər də olmaz axı! Bu gənc Azərbaycanın dərdlərini dünyaya çatdırmaqda olduğunu iddia edir axı! Bunun daha bir örnəyi bu il martın 31-i, aprelin 1-də həmin gəncin başçılığı altında həmin təşkilatın keçirəcəyi "Berlin Forumu"dur. Artıq ərizələr qəbul edilib, ayın sonu üçün hardasa 150 gəncin həmin foruma toplaşması gözlənilir. "Yeni yanaşmalar, yeni imkanlar" adı altında keçiriləcək forumun şüarı "Hər kəs Qarabağ üçün"dür. Anlaşılan budur ki, bu mələk qanadlı, qırmızı şalvarlı gənc, sən demə, Qarabağ üçün yanıb-yaxılırmış! Yox artıq! İnanmaram, özümü inandıra bilmərəm! Bütün Avropanın, lap elə dünyanın gözündə bəyaz qanadlı, zərli köynəkli, qırmızı şalvarlı yumşaq bir Azərbaycan gənci obrazı yaradan birisinin Qarabağ üçün çalışdığına kimsə məni inandıra bilməz! Və əgər Qarabağ belələrinin hesabına düşməndən qurtulacaqsa, qurtulmaz olsun! Çünki hazırda qaçqın-köçkün durumunda yaşayan, min bir əziyyətə qatlaşaraq öz yurdlarına dönəcəkləri günü həsrətlə gözləyən, sözün həqiqi mənasında kişisi Kişi, qadını Xanım olan mənim tanıdığım Qarabağ camaatı bu cür "qanadlı kəpənəklər"in hesabına öz istəyinə qovuşmaq yerinə yüz il belə gözləməyə hazırdır! Onlar Qarabağdan ona görə didərgin düşüblər ki, kişiliklərini, mənliklərini sonadək qoruyublar. Kişisi Kişi ləyaqətini, qadını Xanım ləyaqətini qorumağı bacarmış bir toplumun dərdinə bir qırmızışalvarın çarə aramasından böyük ayıb ola bilərmi?

Yeri gəlmişkən onu da əlavə edim ki, Berlinin, Londonun lüks salonlarında "Qarabağ davası" döyən bu gənc hələ ki, əsgərlikdə də olmayıb. Bunu da elə-belə yazdım.

Bir də son günlər mediada diqqətimi çəkən bu rəngarəng gəncin başçılıq etdiyi təşkilata milyonlarla pul xərclənməsi, üstəlik də həmin imkanların arxasında Azərbaycan hakimiyyətinin az qala yüksək zirvələrinə qədər gedib çıxan məmurların, deputatların olması haqqında xəbərlərdir. Biz bütün ləyaqətimizi, kimliyimizi qoruyaraq və ölkədən kənara bir addım belə atdığımızda "aman, davranışımıza, geyimimizə diqqət edək, ölkəmiz, insanlarımız haqqında yanlış rəy yaranmasın" düşüncəsilə hərəkət etdiyimiz halda dövlətimizdən (QHT Şurasından) 3-5 min manatı zorla almaqdaykən, bu cür rəngarəng gənclər kiminsə himayəsi altında milyonları bir anda göylərə sovururlar! Bu dövlət mənimdir və onu belə gənclərin hesabına tanıdaraq məni aşağılamağa kimsənin haqqı yoxdur! İstər deputat olsun, istər yüksək rütbəli məmur olsun, istərsə də lap elə hansısa təriqət, yaxud da oliqarx olsun! Kimsə mənim dövlətimlə belə məzələnə bilməz! Hələ ətrafda Azərbaycanı layiqincə, yüksək səviyyədə təmsil edə biləcək, milli kimliyimizin simvolu, dövlətçiliyimizin keşikçisi sayıla biləcək on minlərlə kişisi Kişi, qadını Xanım olan gəncimiz varkən bu cür birisini ortaya çıxarıb ona milyonlarla pul xərcləyən, ölkəmizi xar edənlərin məqsədi nədir? Siz Azərbaycan xalqına düşmənmi kəsildiniz də bu cür gənclərlə Qarabağ müzakirələri təşkil edirsiniz? Belələrinin əsl kişi kimi yetişmiş ləyaqətli Azərbaycan gənclərinə nə öyrədəcəyini, necə örnək olacağını düşünürsünüz? Bunun adı millətlə məzələnməkdir sadəcə!

Biz rusun işğalından ona görə qurtulmadıq ki, günün birində özünübilməzin biri əyninə qırmızı şalvar, zərli köynək geyinib, qanadlı kəpənək görkəmində dünyanı üstümüzə güldürsün! Bunu həmin gənc anlamaya bilər, ancaq onun arxasında duranların anlamamaq haqqı yoxdur!



Bağla X