05:15
(077) 610-22-33

Suriyada axan qanın bahası

  • >
1 473 17 Mart 2014 12:21 | Cəmiyyət

Bu yazını yazmağa hazırlaşanda sosial şəbəkədə bir video ilə rastlaşdım. Suriya ilə bağlı idi. Bir dəstə silahlı diz üstə çökdürdükləri gənci əvvəl kəlmə-kəlmə şəhadət gətirdilər. Sonra isə "Allahu Əkbər" səsləri ilə yaraqlılardan bir gəncin başını kəsdi. Dəhşətli səhnələr idi. Amma yeni deyildi. Son iki ildə Suriya ilə bağlı onlarla bu cür videoların şahidi olmuşuq. Bu gedişlə yəqin ki, hələ davam edəcək.

Martın 15-də Suriyada hökumət əleyhinə etirazların başlanmasının 3 ili tamam oldu. BMT hesabatına görə, 3 ildə Suriyada 100 min nəfərdən artıq insan öldürülüb, 2,5 milyon insan isə ölkələrindən didərgin düşüb. 9,3 milyon insan isə ağır şərtlər altında, yardıma ehtiyaclı durumdadır. Suriyadakı hazırkı vəziyyətin necə dəhşətli olduğunu sübut etmək üçün başqa rəqəmlər də yazıb siyahını uzatmaq olardı.

Suriyada etirazlar "ərəb baharı" dalğasında başladı. Tunis, Misir və Liviyada nümayişlərin təsiri altında 2011-ci il martın 15-də Suriyanın cənubunda, İordaniya sərhədi yaxınlığında yerləşən Dəra şəhərində ilk etirazlar başladı. Buna qədər devrilən və devrilməkdə olan ərəb rejimlərini "xalqın səsini eşitməyə" çağıran Suriya prezidenti Bəşər öz ölkəsində başlayan etirazları vaxtında önləyə bilmədi. Etirazlar başladıqdan 8 gün sonra Dəra şəhərinin valisini vəzifədən qovsa da, artıq "cin şüşədən çıxmışdı". Hətta prezidentin Dərada vəhşilik edən hökumət məmurlarını cəzalandırılacağı ilə bağlı vədləri də nəticəsiz qaldı.

Ancaq Suriyada olaylar Tunis və ya Misirdə olduğu kimi dinc etirazlar şəklində davam etmədi. Suriya müxalifəti və dəstəkçiləri bu ölkədə Liviya ssenarisini tətbiq etdilər. Çox tezliklə Suriyada ordudan ayrılan qruplar Azad Suriya Ordusu adlı müxalif silahlı qruplaşma yaratdılar. Davam edən "ərəb baharı" dalğasında bütün diqqət Suriyaya yönəldi. Heç kəs şübhə etmirdi ki, Suriya devrilən növbəti ərəb rejimi olacaq.

Amma bu, baş vermədi. Suriyada inqilab daxili müharibəyə çevrildi və tökülən qanlar həndəsi ölçüdə çoxaldı. O zaman dünyada Bəşər Əsədə münasibət birmənalı idi. Hər kəsə aydın idi ki, Əsəd sülaləsi xalq ayaqlanması qarşısında davam gətirə bilməyəcək. Hakimiyyətdən sürətli qopmalar, ordu generallarının, hökumət nazirlərinin müxalifətin tərəfinə keçməsi Əsəd rejiminin devrilməsinin yaxında olduğunu göstərirdi.
Hələ o zaman beynəlxalq ekspertlər Əsəd rejiminin ömrünü uzadan faktorlar qismində ordunun ona sadiq qalmasını (digər ölkələrdə belə olmamışdı), yerli sünni-ərəb burjuaziyanın tərəddüdünü göstərirdi. Amma bu proses çox davam edə bilməzdi, bir çoxları Qəzzafinin ardınca Əsədin devriləcəyini düşünürdü.

Amma olmadı. Səbəb isə çox sadə idi. Yuxarıda qeyd edildiyi kimi, baş kəsmə səhnəsinə yenidən qayıtmalı olacağıq. Suriyada proseslərin uzanması və Bəşər Əsədin mövqelərinin möhkəmlənməsində əsas rolu məhz ölkəyə xaricdən göndərilən radikal dinçi savaşçılar oynadı.

Bəli, məhz bu cür radikal, nəzarətdən kənar silahlı təkfirçi qruplar Suriyada tez bir zamanda zorakılıqlarla məşhurlaşdılar. Kütləvi edamlar, qətllər, zorakılıqlar, baş kəsmək və digər dünyanı dəhşətə gətirən olaylar (bu hadisələrin videogörüntüləri məqsədli olaraq çex tez bir zamanda dünyaya yayılırdı) həm Suriyada, həm də dünyada Suriya olaylarına və Bəşər Əsədə münasibəti dəyişdi. Təsadüfi deyil ki, Suriya böhranının ikinci ilində artıq Əsəd arxayın şəkildə xarici KİV-lərə müsahibə verərək ölkəsində terrora qarşı mübarizə apardığını bəyan edirdi.

Bütün dünyada islamçı radikalları Suriyaya gəlməyə həvəsləndirənlər, onların maliyyələşdirənlər, onlara yer verib hazırlıqlarına dəstək olan dövlət və qurumlar əslində bu ölkədə üsyanın məcrasını dəyişdilər və nəticə etibarilə Suriya xalqına qənim kəsildilər...

İndi budur, 3 il keçib və bu gün Suriyada hökumətə qarşı döyüşən qüvvələr indi müxtəlif birliklər yaradaraq özləri aralarındakı münaqişəni silahla çözməyə çalışırlar. Bütün baş verənlərin isə bir yekunu var: o da hər gün tökülən qanlardır. Bu qanlarda ən azı Bəşər Əsəd qədər bu qüvvələrin də payı var.

musavat.com
Bağla X