23:20
(077) 610-22-33

Dünyaya gəlmək istəyən yeni din... - Nurçuluq haqda mühüm məqamlar

  • >
3 332 17 Mart 2014 13:12 | Cəmiyyət

GÜLƏN HƏRƏKATI: ƏSL MAHİYYƏTİ, MƏQSƏDİ VƏ FƏLSƏFƏSİ BARƏDƏ


Son bir ayda Azərbaycan mediasında ciddi müzakirə olunan nurçuluqla bağlı maraqlı təhil yazısını tədim edirik. Bu yazı nurçulularla fətullahçıların ayrı-ayrı məqsədlərə xidmət etdikləri və aralarında olan ziddiyətlər barədə məlumatlardan ibarətdir:

Professor Ahmet Tekininin iddiaları

Bir neçə gün öncə Türkiyənin tanınmış ilahiyyatçılarından olan Ahmet Tekinin xəbər kanallarının birində Fətullah Gülən camaatı ilə bağlı açıqlamaları o dərəcədə ciddi rezonans doğurdu ki, bunu yazılı KİV də öz səhifələrində sensasiya kimi təqdim etdi. Professor gülənçilərin İslam dininə paralel din yaratmaq istəyi, bunun isə Vatikan, ABŞ və Kilsələr Birliyi tərəfindən dəstəkləndiyi iddiası ilə çıxış etmişdi. A.Tekinə görə, Fətullahçıların yaratmaq istədikləri din Müsəlman Xristiyanlıq və ya Xristiyan Müsəlmanlıq adını alacaq.

O, bildirirdi ki, Gülən camaatının ən əsas hədəfi Türkiyəni xristiyanlaşdırmaqdır. Onun sözlərinə görə, gülənçilər öz məqsədləri naminə az qala Qurani-Kərimi belə təhrif etməkdən çəkinmirlər. "Türkiyədə səkkiz missioner qrupu fəaliyyət göstərir və hamısı da camaatla sıx təmasdadır. Gülən cammatı missioner təşkilatının Türkiyə bölməsi kimi fəaliyyət göstərir. Məhəmməd Peyğəmbərin İsa Peyğəmbərin atası olduğunu iddia edirlər ki, xristianlarla müsəlmanları bu cür yaxınlaşdırsınlar".

Sözün həqiqi mənasında sensasiya sayılacaq bu iddia nədənsə cəmi bir gün sonra mətbuatın diqqətindən kənarda qaldı. Halbuki, A.Tekinin iddiası həm gündəmlə səsləşirdi, həm də onun özünün bir şəxsiyyət kimi ictimai nüfuzu, elmi çəkisi belə bir açıqlamanı gündəmdən bu qədər tez və müəmmalı şəkildə çıxmasına şübhələr yaratdı. Bu iddiaların nə dərəcədə əsaslı olduğuna dair elmi ictimaiyyətdə qəti bir fikir yoxdur. Lakin bəzi mülahizələr var və bu mülahizələr kifayət qədər inandırıcılıq yükünə malikdir.

Yeni din ideyası?

A.Tekinin iddia etdiyi doğrudursa, yeni din yaratmaq idyeası hardan qaynaqlanır? Bu ideyanın mahiyyəti nədən ibarətdir?

Uzun zamandan bəri Qərbdə belə bir fikir çox aktualdır ki, dünyada mövcud olan sivilizasiyalar arasında toqquşma labüddür. S.Hattinqtonun "Sivilizasiyaların toqquşması" və O.Şpenqlerin "Avropanın qürubu" əsərlərində bununla bağlı açıq mesajların olduğu heç kimə sirr deyil.

Bəzi qərb alimləri və dinşünasları bu labüd toqquşmadan qaçmağın yeganə yolunu dinlərarası dialoqda görürlər. Bəziləri isə hətta daha uzağa gedərək, dinlərin inteqrasiyasından, başqa sözlə desək, bütün bəşəriyyəti birləşdirə biləcək vahid inanclar sisteminin yaradılmasından bəhs edirlər. Onlara görə, Qərb artıq öz inkişafının son mərhələsinə yaxınlaşır, İsam sivilizasiyası isə hələ inkişaf etməkdədir.

Elə bir zaman gəlib çatacaq ki, İslam dünyası ilə Qərb sivilizasiyasının imkanları bərabərləşəcək və bu, o zaman olacaq ki, Qərb artıq süquta doğru, müsəlman aləmi isə tərəqqinin növbəti mərhələsinə istiqamət götürəcək. İslam sivilizasiyasının Qərbi üstələməsi prosesinin qarşısını almaq mümkün olmadığından, ikincini xilas etməyin ən doğru yolu dinlərin inteqrasiyası ola bilər. Bununçün isə "arzuolunmaz gələcəyin" gəlişini gözləmək yox, ona hazırlaşmaq lazımdır. Bu inteqrasiya Qərb sivilizasiyasının daha üstün olduğu dövrdə həyata keçirilməlidir.

Lakin təqdimat təbii ki, daha inandırıcı olmalı və elə qurulmalıdır ki, İslam dünyasını qorxutmasın. Buna görə də, sözügedən ideyanın tərəfdarları, vurğulamağı vacib bilirlər ki, yeni təriqətlərin, dinlərin yaradılmasını tarixi bir zərurət kimi izah etmək lazımdır. Belə ki, dinlər yarandığı dövrlə indiki dövr arasında çox böyük zaman kəsiyi olduğundan, dini baxışlar, yanaşma tərzlərində də fərqlərin ortaya çıxması qaçılmazdır. Bir zamanlar möcüzə kimi görünən hadisələrin izah edilən olduğu, saysız-hesabsız elmi kəşflərin meydana çıxdığı, elm və teknikanın inkişaf etdiyi indiki dövrdə insanlar təbiətin və cəmiyyətin həyatına dair bəzi bəsit dini izahları qəbul etmirlər. Dini kitablarda deyilənlərin elmi əsaslarla diqqətə çatdırılması, insanlara daha inandırıcı tərzdə aşılanması zərurətə çevrilib. Dinin insanlara çatdırılması orta əsrlərdəki sxolastik xristiyanlıqdan, bəzi yerlərdə mövhümatçılıq həddinə çatmış islam mühitindən fərqli şəkildə, elmi əsaslarla həyata keçirilməlidir.

Albert Eynşteyn və "Vahid sahə" Nəzəriyyəsi

Ömrünu bir ateist kimi yaşadığı deyilən Albert Eynşteyn də həyatının 30 ilinə həsr etdiyi "Vahid sahə" Nəzəriyyəsi də yeni din yaratmaq ideyasının tərəfdarlarının da əsas istinad mənbələrindən biri kimi çıxış edir. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, üç fundamental qüvvənin – elektromaqnit, qravitasiya və nüvə qüvvələrinin birgə təsirini yeganə vahid bir tənlik vasitəsilə ifadə etmək mümkün olsun. Nəzəriyyə mövcud bütün materiyanın və enerjinin təbiət və davranışını izah etmək üçün bütün bildiyimiz varlıqları bir-birinə bağlama vasitəsidir. Ömrünün son illərini bu nəzəriyyəyə həsr edən Eynşteyn artıq bu nəzəriyyənin Kvant mexanikasını əvəz edəcəyinə inanmağa başlamışdı. Bu nəzəriyyə onun ümumi nisbiliyi genişləndirmək və kainatdakı məlum qüvvələri birləşdirmək cəhdi idi. Eynşteyn ümid edirdi ki, dünyanın əslində öncədən görünən olduğunu göstərə bilər.

"Vahid sahə" nəzəriyyəsi ilə bağlı tədqiqatlar Eynştenin İlahi qüvvənin varlığına dair düşüncəsində köklü dəqyişikliklərə səbəb oldu. O, Allahın mövcudluğunu inkar etmir, sadəcə insanları daha əsaslı şəkildə Allaha inanmağa çağırırdı. Ömrünün son illərində dediyi fikirlər bunu bir daha təsdiq edir. 1954-cü ildə o, elm və din haqqında baxışlarını belə bir cümlə ilə ifadə edirdi: "Elmlə ciddi məşğul olan hər kəs əmin olur ki, təbiətin qanunlarında müəyyən ruh var və bu ruh insandan yüksəkdir". Bəzi mülahizələrə görə Eynşteyn kainatı Allahın yaratmış ola bildiyinə inanır, Kvant mexaniklərinin dünyanı şərh etmə yolu sadəcə səhv olduğunu düşünürdü.

Beləliklə, bu nəzəriyyə kainatın və təbiətin vahid bir qanunauyğunluqla idarə olunduğuna dair iddiaların elmi izahını axtarır. Yeni din ideyası da məhz bu kəşfə əsaslanaraq, gələcəkdə kainatın İslamda, Xristianlıqda və digər dinlərdə göstərilən izahından daha fərqli, elmi cəhətdən əsaslandırılmış izahını verəcəkdi. Başqa sözlə desək, bütün dinlərdən müəyyən dəyərləri və dünyanın elmi izahını vahid bir inanclar sistemində birləşdirəcək. Bunun üçün isə hazırlıq görmək, ənənəvi dinlərdən və dəyərlərdən "xilas olmuş" yeni bir toplum yaratmaq lazımdır.

Robert Kollecinin missiyası

1863-cü ildə Sayrus Hamlin və Xristafor Robert adlı iki amerikalı missioner tərəfindən İstanbulda Robert Kolleci adlanan yeni bir məktəb quruldu. Kollec Amerika təhsil sistemi əsasında fəaliyyət göstərir və bütün dərslər ingilis dilində keçirilirdi. Məktəbdə əsasən xristianlar təhsil alırdı və onların içərisində ermənilərin sayı kifayət qədər çox idi.

Amerikalı missionerlər 1871-ci ildə bugün Boğaziçi Universitetinin olduğu yerdəki ərazini Ahmet Vefik Paşadan satın aldılar. Qeyd edək ki, A.V.Paşa Osmanlı imperiyasının məşhur diplomatlarından biri idi və bir neçə Avropa dilini mükəmməl bilir, Parisdə, Tehranda səfir kimi çalışmışdı. Bəzi mənbələrdə göstərilir ki, Hamlin Rumelihisara gəlir, və buradan bir müddət İstanbulu seyr edir. Sonra yanındakılara: "Fateh, necə ilk dəfə inşa etdirdiyi bu qalayla Bizansı fəth etmişsə, mən də burda quracağım məktəblə eyni şəhərə mədəniyyət yolu ilə girəcəyəm" – deyərək məktəbin Rumelihisarıda qurulmasına qərar verir. Qeyd edək ki bu, ABŞ-dan kənarda qurulmuş ilk Amerika məktəbi idi.

1971-ci ildə Robert Kolleci 1890-cı ildən bəri varlığını qoruyan Amerikan Qız Kolleci ilə birləşdi. Bu hadisənin ardından, Robert Kollec Bebekdəki şəhərciyini, əsasında bir universitetin qurulması şərtiylə dövlətə bağışladı və beləcə Boğaziçi Universitetinin təməlləri də atıldı. Robert Kolleci 1971-ci ildə bəri Arnavutköydəki şəhərciyində təhsil verməyi davam etdirir.

İlk baxışdan burda qeyri-adi heç nə yoxdur. Ancaq bu, ilk baxışdan belə görünür...

Bəzi tarixi mənbələrdə göstərilir ki, ötən əsrin əvvəllərində Osmanlı İmperiyasının məğlubiyyətini sürətlənməsində ən önəmli rolu ölkədəki xarici kolleclər və məktəblərdə təhsil almış tərcüməçilər oynamışdılar. Onlar daimi xarici və yerli diplomatların yanında idilər və danışıqlar barədə bütün zəruri məlumatlara malik olurdular. Bu tərcüməçilərin demək olar ki, hamısı qeyri-müsəlmanlardan ibarət idi. Bəzi tarixi mənbələrdə hətta onların xüsusi təşkilatlarla bağlı olduğuna dair iddialar da var. Bütün düşüncəsi, ideologiyası, siyasi baxışları ilə Türkiyəyə zərrə qədər də bağlı olmayan bu kadrların yetişdirilməsində Robert kollecinin müstəsna xidmətləri olmuşdu. Onlar, ABŞ, İngiltərə kimi dövlətlərdən ciddi maddi və digər dəstək alırdılar.

Bu kollecin türk məzunları arasında çox maraqlı adlar var: Bülent Ecevit, Tansu Çillər, Orhan Pamuk, İsmayıl Cem və bu gün Türkiyənin ictimai-siyasi həyatında çox fəal iştirak edən onlarla yazar, ictimai xadim, elm adamı.

Kollecin əsas üstünlüyü yüksək təhsil verməsidir. Burada ən yaxşı mütəxəssislər çalışır, təhsil prosesinə ciddi nəzarət mövcuddur və eyni zamanda ən istedadlı, imtahanlardan yüksək bal toplamış gənclər kollecdə təhsil hüququ əldə edə bilirlər. Lakin əlbəttə ki, bu yeganə şərt deyil. Burada təhsil almaq istəyənlərin maddi durumu da yaxşı olmalıdır, əks halda kifayət qədər yüksək olan təhsil haqqını ödəmək mümkün olmaz. Nə qədər tanış şərtlərdir, deyilmi? Eynilə Gülən məktəblərində olduğu kimi... Və bənzərlik sadəcə bu deyil. Gülən məktəblərində olduğu kimi, Robert kollecində də ilahiyyət bölməsi yoxdur. Yalnız 2012-ci ildə Türkiyə hökumətinin qərarından sonra burada da Qurann tədrisinə (əlavə dərs kimi) başlanıldı...

Robert Kollecləri barədə Türkiyədə çox ciddi ictimai şübhələr var. Ancaq istisnalar da yox deyil. F.Gülənə yaxın olan KİV-lərin arxivində bu kollecləri tərif edən, təhsil tarixində az qala inqilab olduğu fikrini irəli sürən məqalələr tapmaq mümkündür. Bu məqalalərdə kollecin təsisçilərinin "Osmanlı bürokratiyasına qarşı qibtəediləcək mübarizəsindən", bu məktəbin yüzlərlə önəmli müəxəssislər yetişdirməsindən elə rəğbətlə bəhs edilir ki...

"Nurçular" və "Gülənçilər"in dini və ideoloji baxışlarında fərqlər

Bu gün Robert Kollecinə çox bənzəyən Gülən hərəkatının əsl mahiyyəti, məqsədi və fəlsəfəsi barədə ictimaiyyətdə tam aydın təsəvvür yoxdur. Bu cərəyan necə və hansı məqsədlə yaranıb? Hansı amala xidmət edir? Dini missionerliyin bir növüdürmü? Bəşəriyyət üçün, xüsusilə də, türk və islam dünyası üçün, ölkəmiz üçün nə vəd edir? Bütün bu suallara cavab vermək üçün ilk növbədə bir məsələni dəqiq şəkildə müəyyənləşdirmək lazımdır – nurçuluq və gülənçiliyin fərqli hərəkatlar olduğuna dair iddialar doğrudurmu?

Məlum olduğu kimi, Nurçuluq hərəkatının qurucusu Səid Nursidir. O, 1873-cü ildə Bitlis Elinin Hizan Mahalının Nurs Kəndində dünyaya gəlmişdir. Səid Nursinin yazmış olduğu kitablara "Risaleyi-Nur" və ya "Risaleyi-Nur Külliyatı" deyilir. Bu kitabların dili öz dövründə istifadə olunan Osmanlıcadan da fərqlidir. Mədrəsə təhsilini Kürd dili üzrə aldığından və Türkcə təhsil görmədiyindən, əsərlərində bolluca ərəb sözlər istifadə edib.

Səid Nursi 23 Mart 1960 tarixində Urfada vəfat edir. Ancaq yetişdirdiyi tələbələri (Nur Şagirdləri) onun fəlsəfəsini günümüzə qədər gətiriblər.

Nurçular arasında ilk dəfə 1955-1957 illərində Qurani Kərimin və "Risaleyi-Nur"un yazılışına baxışlarda ortaya çıxan fərqlər S.Nursinin ölümündən sonra daha qabarıq bir hal alır. Birinci qrup "Qurana küfr yazısı ilə xidmət olmaz" tezisi ilə çıxış edərək, "Risaleyi-Nur"un mütləq ərəbcə və yazılmasını, bunun üçün də bütün nurçuların ərəbcə öyrənmələri lazım gəldiyini müdafiə etmişlər. Bu qrupa "Yazıçı nurçular" deyilirdi. İkinci qrup "Oxucu nurçular" deyə tanınır və onlar Quranın latın əlifbası ilə yazılmasında və tərcümə olunmasnda heç bir problem görmürdülər. 1969-cu ildən sonra təriqət bir neçə qrupa bölünür. Onlardan biri də Fəthullah Gülən qrupu idi.

Gülənin tərəfdarları ilə nurçuları birləşdirən bir ideya var. Hər iki tərəf hesab edir ki, dünyada İslam bir din kimi mütləq qələbə çalacaq. Bildirilər ki, bu marifçiliyin, biliyin çərçivəsində baş verəcək. Yəni, onlar zorakılığı rədd edirlər. Hesab edirlər ki, insan şüurlu şəkildə, könüllü islamı qəbul etməlidir. Ancaq aralarındakı fərqlər də çoxdur.

Nurçular Nursini "Bədi üz zaman" adı ilə anır və dini məsələlərlə bağlı çıxışlarında, şərhlərində Nursiyə istinad edirlər. Fəthullah Gülən isə söhbətlərində Nursiyə çox istinad etməməyə üstünlük verir.

Nurçu qrupların hamısında "Risaleyi-Nur" külliyyatı Quran və Sünnədən sonra əsas istinad mənbələrdindən biri kimi çıxış edir. Onların Quranı anlamaq üçün Nursinin əsərlərinə müraciət etdiklərinə dair də bilgilər var. "Gülən camaatı" isə Fəthullah Gülənin əsərlərinə daha çox müraciət edirlər.

Nurçu qruplar "Risaleyi-Nur"un dilinin sadələşdirilməsinə və və türk dilində daha anlaşıqlı olmasına gərək olmadığını bildirirlər. "Gülən camaatı" isə "Risaleyi-Nur"u nəinki türk dilinə uyğunlaşdırdı, hətta türkcəyə uyğunlaşdırılmış variantını böyük tirajla çap edərək yayımlamaqdan belə çəkinmədi.

S.Nursinin davamçıları "nurçu" olaraq xatırlanmaqdadırlar və bu onları heç vaxt narahat etməyib. F.Gülən isə "nurçu" olaraq xatırlanmağı hər fürsətdə rədd edir. Bir əsərində "Həyatımda, Şərqdən və Qərbdən bir çox tarixçi, ədəbiyyatçını oxuyub, onlardan istifadə etdiyim olub və Səid Nursi də bunların ən öndə gələnlərindən biridir. Ancaq onun özünü görməmişəm. Digər tərəfdən, həyatımda "ci", "cu" kimi bir qrupa aidiyyət ifadə edən sözləri heç istifadə etmədim" – deyərək, "nurçu" olaraq xatırlanmaqdan duyduğu narahatlığı dilə gətirir.

S.Nursi həbs və sürgünlərə düşməsinə baxmayaraq, başqa ölkərə mühacirət etməyib və bunu doğru saymayıb. Nursidən sonra gələn davamçıları da bu ənənəyə sadiq qalıblar. Fətullah Gülən isə Türkiyə tarixinə 1997-ci il 28 fevral hadisələrindən sonra Türkiyədən mühacirətə gedib və bu günə qədər də ABŞ-da yaşamaqdadır.

Bu nurçularla gülənçilərin ideoloji baxışlarındakı fərqlərdir. Əsas fərq isə hər iki hərəkatın fəaliyyət metodları ilə bağlıdır.

Əsas fərq

Nurçular inancını güzəştsiz yaşamağa üstünlük verir və və istənilən şərtlər altında seçdikləri yolu, ideyanı, Allaha ibadəti davam etdirməyi, Şəriətin qoyduğu ənənələrə uyğun olaraq davranmağı vacib hesab edirlər. Gülən Camaatı isə bu mövzuda daha elastikdir. Onlar bütün güclərlə hesablaşmağı, cəmiyyətin tələblərinə uyğunlaşmağı daha yaxşı bacarırlar. Təsadüfü deyil ki, bu gün gülənçilərin vaxtilə Türkiyədə baş vermiş hərbi çevriliş zamanı hakimiyyətə gəlmiş generalitetlə əməkdaşlığına dair faktlar onların əleyhinə istifadə olunan əsas arqumentlərdən biridir. Bir çox məsələdə olduğu kimi, hicab məsələsində də gülənçilər güzəştə gediblər.

Bugün bir çox ölkələrdə "gülənçilər"in əsas fəaliyyəti məktəb, universitet kimi təhsil müəssisələri açaraq, burada öz məqsədləri üçün dinlər və mədəniyyətlərarası dialoq adı altında fəaliyyətləri həyata keçirməkdir. Hərəkatın müxtəlif vəqf və dərnəkləri, mətbuat sistemləri, xəstəxanaları və maliyyə təşkilatları, biznes strukturları da mövcuddur. Bu isə məhz onu deməyə əsas verir ki, Gülən hərəkatının həyata keçirdiyi fəaliyyətlər missionerlik anlayışına daha yaxındır.

Elə nurçularla gülənçilər arasında əsas fərq də məhz bundan ibarətdir: Nurçuluq İslamda bir təriqətdir və bütün digər təriqətlər kimi, zərəli cəhətləri var, bunu təbii ki, mütəxəssilər daha düzgün qiymətləndirə bilər. Gülən hərəkatı isə bütün parametrləri ilə bir missonerlik fəaliyyətidir və həm də məqsədi heç də İslamı dünyaya yaymaqdan ibarət deyil. Bu hərəkatın konkret siyasi məqsədləri hədəf götürdüyünü və bu hədəflərə çatmaq üçün bütün mənəvi, əxlaqi və ən əsası İslamı dəyərləri belə "unutmağa" hazır olduğunu Türkiyənin təcrübəsində hər kəs gördü. Eynilə Makiavellinin "Məqsəd vasitəyə haqq qazandırır" tezisinə uyğun olaraq. Yeri gəlmişkən A.Tekin gülənçiləri makiavellist adlandırmışdı.

Dünyada yeni bir hərəkatın başladığlna dair Ahmet Tekinin iddialarından sonra isə Gülən hərəkatı ilə Robert məktəblərinin fəaliyyəti arasında bu qədər çox "təsadüfi bənzərliklər"in olması ən azı şübhəli görünür. Və professorun iddiaları dogrudursa, yaxud doğru olmaq ehtimalı varsa, deməli, əsas təhlükə də başqadır: Gülən hərəkatının fəaliyyət göstərdiyi ölkələrdə əsas məqsədi cəmiyyətin ideoloji sistemini dəyişməkdir. Onlar bu dəyişikliyi insanları öz milli-mənəvi dəyərlərindən, köklərindən uzaq salmaqla həyata keçirmək niyyətindədirlər. Bu artıq siyasi təhdid yox, ondan daha ciddi olan milli təhlükəsizlik məsələsidir.

Və sonda, bütün bunların fonunda, nurçu olduğu ehtimal olunanların çox yüksək səslə, az qala bağıraraq, nurçu olmadıqları barədə söylədiklərinə inanmaq istəyirsən. Bəlkə onlar doğurdan da nurçu deyillər, yaxud biz onları öz adları ilə çağırmırıq?... Axı F.Gülən də özünü nurçu hesab etmir...

Samir Əliyev,
"Qafqazinfo"
Bağla X