Fuad Ələsgərov: “Azərbaycan mövqeyini dəyişməlidir“

İndiyə qədər "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında komissiyanın proqramına münasibət bildirərkən deyib.

F.Ələsgərov qeyd edib ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: "Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik".

Qeyd edək ki, YAP Beynəlxalq əlaqələr komissiyasının proqramında insan hüquqlarının müdafiəsi ilə məşğul olan "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Avropada, Mərkəzi və Şərqi Asiyada bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə əməkdaşlıq edilməsi qeyd olunub.

AzNews.az