04:57
(077) 610-22-33

Gülənin müsahibəsini niyə Qafqaz Universiteti yaydı?

  • >
4 808 18 Mart 2014 12:08 | Cəmiyyət

Nurçu kimi tanınan dini zümrənin missionerlərinin fəaliyyəti ilə bağlı ifşaedici faktların ortaya çıxdığı bir dönəmdə həmin təriqətin rəhbəri Fətullah Gülənin "Zaman - Türkiyə" qəzetinə verdiyi müsahibə Azərbaycan mediasına ayaq açıb. Türkiyə türkcəsində yazılan müsahibə qısa zaman kəsiyində Azərbaycan dilinə tərcümə olunaraq ölkənin media qurumlarına göndərilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, bir çox media qurumlarının e-mail poçtuna recebrza1972@hotmail.com ünvanından göndərilən müsahibənin Qafqaz Universiteti tərəfindən istiqamətləndirildiyi ortaya çıxıb. Məlum olub ki, bu universitetin rəhbər şəxsləri şəxsi əlaqələrindən istifadə edərək, müsahibənin KİV-də yayılmasına nail olub. Qeyd edək ki, müsahibədə Azərbaycanda son 20 ildə hökumət strukturlarına nüfuz etmiş bu icmanın təmsilçiləri Fətullah Gülən tərəfindən məsum, günahsız və böhtana uğramış qövm kimi təqdim edilib.
Müsahibə isə belə başlayır: "Fəthullah Gülən uzun səssizliyə son qoydu və müzakirə edilən məsələlərlə bağlı ilk dəfə ictimaiyyətə açıqlama verdi. 17 Dekabr rüşvət və korrupsiya istintaqından Ergenekon cinayət işində ittiham olunan şəxslərin azadlığa buraxılmasına, adına ünvanlanan iftira və həqarətlərdən 30 mart bələdiyyə seçkilərinədək hər kəsi maraqlandıran sualları böyük səmimiyyətlə cavablandırdı. 5 gün çəkəcək müsahibədə Xocaəfəndinin Türkiyənin keçirdiyi bu ağır dövrdə baş verən hadisələrə münasibəti, duyğu və düşüncələri ilə tanış olacaqsınız. Müsahibə almaq üçün yanına gedəndə kədər və hüzn içində idi, amma mətanətini zərrə qədər itirməmişdi. Görünür, xoşagəlməz sözlərdən incimişdi, ancaq bu inciklik onu azacıq da olsa, ümidsizliyə sövq etməmişdi, əksinə zülmət qaranlıqdan sonra gözlənilən günəşin doğuşu üçün dua edirdi. Vaxtı-vədəsi çatanda hər şeyin şək-şübhəsiz üzə çıxacağına ürəkdən inandığını sezmək çətin deyildi. "İftiralarla, məqsədli hücumlarla üzləşmək bu yolun yolçusunun dəyişməz alın yazısıdır. Vaxtı gəlincə bəsirət və fərasət hər şeyi silib-süpürüb bir kənara atmış və atacaqdır. Bəsirət qarşısında nə gizli planlar, nə də iftiralar duruş gətirə bilər", – dedi və əlavə etdi: "Kaş bu gizli planlara və yersiz düşüncələrə qapılanlar getdikləri yolu Quran və sünnə işığında gözdən keçirəydilər...".

Bütün mübahisəli məsələlərin Camaatın üstünə yıxılmasından narahatdı. İctimaiyyətə izah edə bilmədikləri hər məsələni Camaatın üstünə yıxma və özünü təmizə çıxarma refleksinin formalaşdığına diqqət çəkdi. "Orduya kumpas (Hərbçilərə tələ quruldu)" iddialarını bəzi qüvvələrin hiyləgər gedişinə bənzətdi. Şəraitdən asılı olmayaraq, hüquq və ümumbəşəri dəyərləri müdafiə etməyin əhəmiyyətinə toxundu".

F. Gülənin müsahibəsində yer alan fotonun altında isə "Fotoşəkildə Xocaəfəndinin əynində gördüyünüz geyim 1999-cu ildə Türkiyədən gedəndə geyindiyi kostyumdur. Bu kostyumu Vətənə dönüş gününə saxlayır. Cibində hələ də Türkiyədən gəldikdə oxuduğu Cövşən duası durur" - sözləri yazılıb.

Xatırladaq ki, nurçuların Azərbaycandakı fəaliyyətinin əsas dayağı kimi göstərilən Qafqaz Universiteti bu fikirləri rədd edir, Fətullah Gülənlə hansısa bir bağlılığının olmaması barədə açıqlamalar yayırlar.
Belə olan halda, Qafqaz Universitetinin Gülənin mübarək müsahibəsinin yayılması üçün niyə belə canfəşanlıq etməsi yəqin ki, hər kəsi maraqlandırır...

Yeri gəlmişkən, müsahibənin yayıldığı gün nurçulara yaxınlığı ilə tanınan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov da vəzifəsindən kənarlaşdırıldı.

AzNews.az
Bağla X