17:16
(077) 610-22-33

ELnurçu saytlar əslində, kimə xidmət edir? - FOTOLAR

  • >
8 495 18 Mart 2014 12:59 | Cəmiyyət

Dünən nurçuluqda ittiham olunan Elnur Aslanovun işdən azad edilməsi və onun kurasiyasında olan mətbuat orqanlarının məsələyə münasibəti bir sıra maraqlı məqamları ortaya çıxarıb.

Belə ki, dövlətçilik, YAP hakimiyyətinin əsas təbliğatçısı donunu geyinən, Aslanovun nəzarətindəki saytlar Prezidentin sərəncamını öz oxucularına demək olar ki, təqdim etməyib. İki dəqiqədən bir xəbər yayan 1news.az, Gün.az, Baku Post.az və digər saytlar Prezidentin xəbərini düz bir saat sonra, özü də adi xəbər kimi və görünməyən yerdən qoyublar.

Bu fakt bir daha onu göstərir ki, PA-nın Siyasi təhlil və informasiya şöbəsinin müdiri səlahiyyətlərindən yalnız öz "imperiyası" üçün istifadə edirmiş. Dövlətin vəsaiti hesabına ərsəyə gələn və fəaliyyət göstərən xeyli sayda ELnurçu saytlar hətta Prezidentin sərəncamını belə dərc etməkdən imtina etmək gücünü hiss edirmiş.

Bu da Elnur Aslanovun onlara özünü necə təqdim etməsi, dövlətçiliyə qarşı hansı münasibət sərgiləməklə bağlı etdiyi mühazirələr barədə aydın təsəvvür yaradır.

Əlbəttə, "vurulan" Aslanovun dövlət içində dövlət yaratmaq xülyası, hansısa cərəyana qoşulması barədə fikirlər hələlik, yəni tam sübuta yetirilmədən dartışılan ola bilər. Amma vəzifədən azad edildikdən sonra onun formalaşdırdığı komandanın sosial şəbəkələrdəki "buynuzlama" kampaniyası, nəzarətindəki mətbu orqanların açıq-aşkar "əzələ" nümayişi ittihamların təkzibolunmaz fakta çevrildiyini göstərir.

AzNews.az-ın əməkdaşı adıçəkilən saytların, eləcə də Elnur Aslanovun nəzarətində olan Yurd.tv-nin rəhbərlərini danışdırmağa çalışıb.Onların öz dillərindən bu "qəhrəmanlıqlarının" izahını istəyib.

1news.az və Gün.az-ın baş redaktoru Rəhman Hacı ilə əlaqə yaratmaq cəhdləri boşa çıxıb. O, əvvəlcə mobil telefonunu söndürüb. Baş redaktoru daha sonra redaksiyada da tapmaq mümkün olmayıb.

Baku Post.az saytının rusdilli versiyasının baş redaktoru saytının Kənan Quluzadə isə bir neçə kəlmə danışıb.

O, saytın Azərbaycan versiyasında xəbərin qoyulub-qoyulmadığını bilməsə də, rus versiyasında sərəncamın yayınladığını bildirib: "Biz xəbəri yazmışıq. Bu dövlət başçısının qərarıdır və onun qərarları haqda biz həmişə xəbər vermişik". Baş redaktor sərəncamı bir saat sonra yayımlamasına isə belə izah verib: "Biz dövlət KİV-i deyilik ki, sərəncam çıxan kimi məlumat verək. Xəbəri gördüyümüz vaxt saytımızda yerləşdirmişik".

Kənan Quluzadə "Baku Post"un Elnur Aslanov tərəfindən maliyyələşdirilməsi məsələsinə da toxunub: "Onun bizi maliyyələşdirmək imkanlarını mən bilmirəm. Onu da deyim ki, Elnur Aslanovla bizim şəxsi əlaqələrimiz var, bunu inkar etmirəm. Bundan sonra da sayt tam necə işləyirdi, elə də fəaliyyətini davam etdirəcək və bu məsələdə əlaqə görmürəm ki, nəsə dəyişsin".

Yurd.tv-nin rəhbəri Rüstəm Əliyev iclasda olduğunu və danışmaq istəmədiyini bildirib. Sonra isə suallara cavab almaq üçün televiziya ilə əlaqə saxlamağı məsləhət bilib. Televiziyadan isə bildiriblər ki, dünən xəbər buraxılışlarının hamısında Prezidentin verdiyi hər üç sərəncam yer alıb.

AzNews.az bu saytlarda Prezident sərəncamının necə işıqlandırıldığını göstərmək üçün həmin saytların bugunkü görünüşlərinin fotolarını təqdim edir. Göründüyü kimi, nə preziodentin sərəncamları görünür, nə də Elnur Aslanovla bağlı hər hansı bir yazı. Paralel olaraq digər mətbuatlara nəzər salsaq, fərqi daha aydın görmək olar...






AzNews.az
Bağla X