10:21
(077) 610-22-33

Siyasi təhlillərinə ən çox dəyər verilən politoloqlar- SORĞU

  • >
2 542 18 Mart 2014 14:15 | Cəmiyyət

AZADİNFORM qəzet və internet portallarda çalışan jurnalistlərə "Siyasi təhlillərinə ən çox dəyər verdiyiniz politoloq kimdir?" sualı ilə müraciət edib.

Eyni zamanda politoloqlardan Vəfa Quluzadə, Rasim Musabəyov (millət vəkili), Elman Nəsirov (Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru), Rövşən İbrahimov (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri), Rasim Ağayev, Hikmət Hacızadə, Mübariz Əhmədoğlu, Fərhad Mehdiyev, Elxan Şahinoğlu, Elşad Mirbəşir və Samir Həmidovun adı jurnalistlərin diqqətinə çatdırılıb.

"OLAYLAR" İnformasiya Agentliyi - Elman Cəfərli: "OLAYLAR" İnformasiya Agentliyi vaxtaşırı dünyada, bölgədə və ölkədə baş verən siyasi hadisələrlə bağlı tanınmış politoloqlardan Vəfa Quluzadə, Rasim Musabəyov, Aydın Ağayev, Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov və Elşad Mirbəşirin fikirlərini öyrənirik. Onlardan Vəfa müəllimin, Elman Nəsirovun fikirləri daha maraqlı olur. Vəfa Quluzadə ancaq MDB və Rusiya məsələləri üzrə təhlillər verirsə, Elman Nəsirovun proqnoz və təhlilləri Yaxın Şərq, Qafqaz, MDB, Avropa Birliyi ölkələrini də əhatə edir. Hesab edirəm ki, Azərbaycan siyasi şərhçiləri arasında Elman Nəsirov daha mütaliəli, daha məlumatlı və daha hazırlıqlıdır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, Mübariz Əhmədoğlunun fikirlərini də mətbuat üçün maraqlı hesab etmək olar".

"Novosti Azərbaycan" İnformasiya Agentliyi - Mürtəza Bünyadov: "Elman Nəsirov və Elxan Şahinoğluya daha çox müraciət edirik. Elman Nəsirovun Dağlıq Qarabağ və son günlər baş verən Ukrayna hadisələri ilə bağlı təhlillərinə əsaslanaraq onun mövqeyini müsbət qiymətləndirirəm. Elman Nəsirovla yanaşı Elxan Şahinoğlunun da regionda baş verən proseslərə yanaşması obyektivdir".

"Trend" İnformasiya Agentliyi – Təmkin Cəfərov: "Elman Nəsirovun təhlilləri daha dolğun və əhatəlidir. Region, xüsusən də İran məsələləri ilə bağlı bir neçə açıqlamasını oxumuşam və bəyənmişəm".

"Avrasiya" İnformasiya Agentliyi - Cavid Şahverdiyev: "Politoloqlar arasında mətbuatın ən çox müraciət etdiyi şəxs Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirovdur. E.Nəsirov Azərbaycan və dünyada baş verən hadisələrə münasibət bildirən, onları obyektiv təhlil edən politoloqlardandır. Onu da bildirim ki, mətbuatla mütəmadi işləyən, mətbuatdan qaçmayan, ona müraciət edən mətbuat nümayəndəsinin sual və müraciətini cavablandıran 2-3 politoloq var ki, onlardan da biri E.Nəsirovdur".

Virtualaz.org - Famil Cəfərli: "Professor Elman Nəsirov daha çox savadlıdır."

Qhtxeber.az - Sənan Nəcəfov: "Elman Nəsirovdan başqa heç birini oxumamışam."

"Publika.az" - Vasif Həsənli: "Elman Nəsirov və Rasim Ağayevin verdiyi proqnozlar daha dəqiq olur. Mən bu şəxslərin verdiyi açıqlamaları daha çox izləyir və yeri gələndə yazılarımda istifadə edirəm."

AzNews.az - Amid İsbəndərov: "Azərbaycanda kifayət qədər politoloq var. Gün ərzində müxtəlif siyasi məsələlərlə bağlı sözügedən politoloqların birinə və yaxud bir neçəsinə müraciət etməli oluruq. Burda daha çox açıqlama aldığımız politoloqla bağlı xəbərin say etibarı ilə nə qədər çox oxunmasından asılıdır. Xüsusən Dağlıq Qarabağ problemi ilə bağlı siyasi təhlillərinə ən çox dəyər verdiyim politoloq Elman Nəsirlidir. E.Nəsirli həm mediaya açıq, həm də səmimidir".

"Kaspi" qəzeti – Həbibə Abdulla: "Ərəstun Oruclu və Vəfa Quluzadə".

APA - Etibar Məmmədov: "Elxan Şahinoğlu".

Editor.az - Azər Niftiyev: "Vaxtaşırı olaraq siyasi təhlilçilərlə və siyasi analitiklərlə təmas yaradan, onlardan müsahibə alan bir jurnalist kimi deyə bilərəm ki, obyektiv və güclü analizi ilə fərqləndirdiyim politoloq Fərhad Mehdiyev və Elman Nəsirlidir."

Modern.az – İlkin Pirəli: Politoloq Hikmət Hacızadə. Onun təhlilləri çox dəqiqdir. Bu politoloq pafosdan kənardır, reallıq nədirsə, onu deyir. Digərlərindən fərqli olaraq, uzun-uzadı danışmır, konkret məqamları açıqlayır. Qərbpərəst olsa da, təhlillərində tərəf hiss olunmur.

Simsar.az Xəbər portalı – Elmar Hüseynov: "Xəbər portalımız üçün hər hansı bir məsələyə münasibət öyrənmək və yaxud da politoloq rəyi lazım olanda daha çox Elman Nəsirova müraciət edirik".

"Üç nöqtə" qəzeti - Elməddin Muradlı: "Elman Nəsirov və Elxan Şahinoğlu".

"Gün.az" - Kamil Həmidov: "Vəfa Quluzadə".

SABAHİNFO.Az saytının baş redaktoru - Atif Sarıxanlı: "Azərbaycanda siyasi təhlillərlə məşğul olan və bu sahə ilə bağlı mətbuata açıqlamalar verən politoloqlar çoxdur. Tanınmış politoloqların hamısının açıqlamaları, təhlilləri və hansısa məsələ ilə bağlı proqnozlarını izləyirəm. Əvvəla, siyasi təhlillərdə mənim üçün maraqlı olan nüans proqnozdur. Proqnoz məsələsini heç də təsadüfi qeyd etmədim. Məsələn, deyək ki, gündəmdə olan məsələlərə bağlı bir çox politoloqların münasibəti öyrənilir. Hadisələrə yanaşmalarda politoloqların münasibəti tam mənada üst-üstə düşməsə də, bir-birinə yaxın görünür. Çox nadir hallarda fikirlər toqquşur. Mənim aləmimdə ən əsas məsələ baş verən hadisələrin hansı sonluqla yekunlaşacağıdır. Müşahidələr isə göstərir ki, bir çox politoloqların proqnozları özünü doğrultmur. Həmçinin münaqişələrin həlli istiqamətinə yönəlik addımların (yüksək səviyyəli görüşlər, səfərlər, bəyanatlar və s.) nəticələrinin necə olacağı ilə bağlı verilən proqnozlar da çox zaman üst-üstə düşmür. Çox danışmaq istəmirəm, siyasi şərhçilərin hamısının hadisələrə münasibətlərinə hörmətlə yanaşıram, amma fikirlərinə daha çox inandığım politoloqlar Vəfa Quluzadə, Elman Nəsirov, Fərhad Mehdiyev və Elşad Mirbəşirdir.

"Azxeber.com" - Əfsələddin Ağalarov: "Ümumiyyətlə bu suala birmənalı cavab vermək olmaz. Bu gün Azərbaycan cəmiyyətində siyasi prosesləri analiz edə bilən kifayət qədər peşəkar və qeyri-peşəkar mütəxəssislər var və onların sayı hər gün daha da artmaqdadır. Bir jurnalist kimi məncə, politexnoloqluğu bu ölkədə daha çox vaxtıykən dövlətin müxtəlif idarəçilik strukturlarında çalışan şəxslər daha yaxşı bacarır. Bura Vəfa Quluzadəni misal göstərmək olar. Amma yeni beynəlxalq siyasi prosesləri yaxından izləyən və politexnoloq olma yolunda irəliləyən bir çox gənclər də var ki, yaxın gələcəkdə biz onların adını ön plana çəkməli olacağıq. Çünki bu sahədə yeni isimlərə ehtiyac var və bu eyni zamanda fikir plüralizminin ortaya qoyulmasında da əhəmiyyətli yerə malikdir".

Qafqazinfo – Günel Əbilova: "Elxan Şahinoğlu"

Jurnalist - Elgün Məsimov: "Elman Nəsirovun açıqlamalarını daha çox oxumuşam. Siyasi təhlil mətbuat müraciət edəndən-edənə açıqlama vermək demək deyil. Sanballı təhlillər olmalı, elmə və fakta söykənən araşdırmalar təqdim etməlidirlər".

Müstəqil jurnalist - Ülkər Musazadə: "Əlbəttə Elman Nəsirlini birinci yerdə görürəm. Onun kimi siyasi hadisələri elmi və nəzəri cəhətdən proqnozlaşdıran və təhlil edən ikinci politoloq deyərdim ki, Azərbaycanda yoxdur. Ondan sonra mən bir politoloq kimi Asim Mollazadə və Zərdüşt Əlizadəni göstərərdim".

AzNews.az
Bağla X