22:48
(077) 610-22-33

Ərdoğandan İlham Əliyevə nurçularla bağlı xahiş

  • >
1 273 19 Mart 2014 09:39 | Cəmiyyət

Türkiyə Baş nazirinin Azərbaycan prezidentinə telefon açdığı, onun Elnur Aslanovun görəvdən alınması ilə başlanan prosesin nurçu şəbəkə tam ləğv olunana qədər davam etdirilməsini arzuladığı iddiası yayılıb.

Türkiyədəki mənbələrdən musavat.com-a verilən sensasion məlumatda iddia olunur ki, qardaş ölkənin baş naziri Azərbaycan prezidentinə telefon edib. Buna səbəb 17 martda Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılmasının Türkiyə iqtidarını olduqca məmnun etməsidir. Bununla əlaqədar Türkiyənin Baş naziri Recep Tayyip Ərdoğanın Prezident İlham Əliyevə telefon açdığı və Azərbaycanda da şəbəkələşən nurçuların neytrallaşdırılması prosesinə başlandığına görə, ona təşəkkür etdiyi söylənilir.

Mötəbərliyinə şübhə olmayan mənbəmizin iddiasına görə, Ərdoğan bildirib ki, "Hizmət" hərəkatı Türkiyədə qanuni hakimiyyətə qarşı basqılarında Azərbaycandakı şəbəkəsinin imkanlarından geniş istifadə edir: "Belə ki, son bir neçə ildə Azərbaycandakı nurçu şəbəkənin maliyyə imkanları hesabına Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilib. "SOCAR Türkiyə"nin, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Strateji Araşdırmalar Mərkəzinin resursları hesabına fəaliyyət göstərən bu təşkilatlar və media "Hizmət" hərəkatının səsinə səs qataraq Türkiyə ictimai rəyinin ölkə iqtidarına qarşı yönəldilməsinə ciddi dəstək verirlər. Belə təşkilatlardan biri kimi Ərdoğan Xəzər Strateji İnstitutunun (HASEN) adını xüsusi qeyd edib. O, Türkiyə istihbaratı tərəfindən Azərbaycan hakimiyyətindəki nurçuların və onların dəstəyi ilə Türkiyədə yaradılmış müştərək qurumların yeni siyahısının hazırlandığını və yaxın zamanlardı həmin siyahının İlham Əliyevin Administrasiyasına təqdim olunacağını deyib".

Mənbə bildirib ki, Türkiyənin Baş naziri Elnur Aslanovun görəvdən alınması ilə başlanan prosesin Azərbaycandakı nurçu şəbəkə tam müəyyənləşdirilib neytrallaşdırılana qədər davam etdirilməsini arzulayıb: "Aslanov Azərbaycan hakimiyyətində nurçuların istəklərinin icrası ilə məşğul olub. Ancaq onun arxasında duran və idarə edən daha ciddi qüvvə hələ də fəaliyyətdədir. Nurçu şəbəkənin tam ləğv edilməsi bu qüvvənin və dövlət strukturlarında, ictimai təşkilatlarda, mediada yerləşdirilmiş çoxsaylı tərəfdarların ifşa edilməsi nəticəsində mümkün ola bilər".

Mənbənin sözlərinə görə, Ərdoğan bildirib ki, Türkiyə hakimiyyəti heç vaxt Azərbaycanın daxili işlərinə qarışmayıb və həmişə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, qanuni seçilmiş hakimiyyətin yanında olmağa çalışıb. O, Azərbaycan hakimiyyətinin də bu prinsiplərə uyğun fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu deyib.

AzNews.az
Bağla X