Şou-biznes əhlindən Hüseyn Dəryaya böyük sayğısızlıq – Yasına getmədilər

"Çox təəssüf edirəm, Azərbaycan şou-biznes nümayəndələri mərhum Hüseyn Dəryaya görünməmiş sayğısızlıq etdi".

Bunu AzNews.az-a açıqlamasında prodüser Sayqa Cahid deyib. Onun sözlərinə görə, Hüseyn Dəryanın sağlığında onun sənətindən pul qazananların biri də yasa gəlmədi: "Həqiqətən şou-biznes ordusu mərhumun yas mərasimində olmalı idi. Amma o ordu yox idi. Onun kassetlərindən, konsertlərindən pul qazananlar belə orada yox idi. Dostlar vardı, hansı ki, onların Hüseyn Dərya ilə heç bir bağlılığı olmamışdı. Firəngiz Mütəllimova, Elnarə, rəqqasə Fatimə gəlmişdi. Halbuki hamı, tanıyan ya tanımayan hamısı orada olmalıydı. Bu gün Hüseyn üçün olan sabah sənin üçündür. Hələ bilmək olmaz ki, sən necə olacaqsan? Bu insanın sağlığında arxasınca necə qaçırdılarsa, istedadına görə necə çəkinirdilərsə, sanki o yas mərasimində bir də özünü büruzə verdi. Hüseyn yoxdur, amma ondan yenə də çəkinirlər".

S.Cahid mərhuma olan sayğısızlığı belə izah etdi: "Hüseyn Dərya kimsəsiz, tək idi. Gəlmədilər, çünki bunun səbəbi vardı. O, səhnəyə çıxan gündən hər kəs onun paxıllığını çəkirdi. Çoxları da onun başına gələnlərə sevinirdi. Ona görə də yasa gəlmədilər, olmasınlar, amma təəssüf. Mən şou-biznesə çox üzülürəm, çünki bu məkan həddindən artıq cılızlaşıb".

Bahar Rüstəmli
AzNews.az