17:14
(077) 610-22-33

“Rusiya Sovetlər Birliyi dönəminə qayıdır“- Politoloq

  • >
1 259 19 Mart 2014 11:02 | Cəmiyyət

"Prezident Vladimir Putin Krımda referendumu dəstəkləməklə Rusiya daxilindəki sosial və iqtisadi problemləri ört-basdır etmək istəyir".

Bunu "Aktual.az"a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, bəli, ilk baxışdan Rusiya Ukraynada istədiyini həyata keçirə bilir. Lakin belə aqressiv yanaşma hansı fəsadları verəcək - bu tamam başqa bir mövzudur:

"İlkin görüntü belədir ki, Rusiya istədiyini həyata keçirir. Bu, Rusiya üçün hansı nəticəni yarada bilər? Birincisi, Krım ətrafındakı hadisələri başa düşmək üçün Rusiya daxilində gedən prosesləri bilmək, anlamaq lazımdır. Ötən əsrin sonlarında Sovetlər Birliyi dağılandan sonra Rusiya yeni bazar iqtisadiyyatına qədəm qoydu. İqtisadiyyatın inkişafında Rusiya uğursuzluğa düçar oldu. Hazırda Rusiyanın vəziyyəti acınacaqlıdır. Rusiya rublunun məzənnəsi düşüb, bahalaşma gedir. Rusiya geriyə -Sovetlər Birliyi dönəminə qayıdır. Əvvəla, Rusiya qələbə əhval-ruhiyyəsi yaratmaq istəyir. Qərbə meydan oxuyaraq Krımı işğal edir".

Qərblə Rusiya arasında əlaqələrin bazar iqtisadiyyatı əsasında qurulmadığını qeyd edən Vəfa Quluzadə bildirib ki, Rusiya Avropa ölkələrinə bənzəmir, Amerika ilə müqayisəyə gəlincə isə, burada əlavə şərhə ehtiyac yoxdur: "Rusiyanı ən yaxşı halda Hindistanla müqayisə etmək olar. Bəlkə də sonuncu bir qədər də daha yaxşı inkişaf edib. Rusiyanın təkcə nüvə silahı ortadadır. Ona görə də rus əsgəri şantaj və anneksiya yolunu seçib".

Azərbaycan torpaqlarını - Dağlıq Qarabağ bölgəsini erməni bayrağı altında Rusiyanın işğal etdiyini söyləyən politoloq vurğulayıb ki, rəsmi Moskva münaqişəyə tamamıilə başqa rəng qatmaq, fərqli motiv vermək istəyir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinə başqa rəng vermək istəyir. Baxın, Abxaziya və Osetiyanı da işğal etdi, onların müstəqilliyini tanıdı. Hazırda isə Krımı öz tərkibinə daxil etmək fikrindədir. Avropa bununla barışmaq fikrində deyil. Hər yolla Rusiyanı sıxışdıracaq, oradakı milli azlıqların separatçılığını dəstəkləyəcək. Çeçenistanda müharibəni alovlandıracaq. Müstəqillik uğrunda mübarizələr dəstəklənəcək. Putinin əleyhinə ciddi tədbirlər görüləcək. Birmənalı deyirəm – bu atmosfer Rusiyanın indiki acınacaqlı vəziyyətini pərdələmək üçün keçirilən tədbirdir".

AzNews.az
Bağla X