“İqtidarda olsaydım, bu cür müxalifətlə əməkdaşlığa maraq göstərməzdim” “İqtidarda olsaydım, bu cür müxalifətlə əməkdaşlığa maraq göstərməzdim”

Fəzail Ağamalı: «Partiyanı ona görə yaradırsan ki, prezident olasan?»

“İqtidarda olsaydım, bu cür müxalifətlə əməkdaşlığa maraq göstərməzdim”



Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ömrünün 65 ilini tamamladı. O, 66 yaşına qədəm qoyar-qoymaz AzNews.az-ın suallarını cavablandırdı:

- Arxada qoyduğunuz zaman çərçivəsində daha çox nələri xatırlayırsınız?

- XX əsrin sonlarında millətin və dövlətin taleyi naminə siyasi meydanlara atılmağımızı. Bu meydan da bizi gətirib bugünkü səviyyəyə çıxardı. Çətin siyasi proseslərdən keçərək, bugünkü Azərbaycanın siyasi mühitində hər kəs öz intellektual səviyyəsinə və söykəndiyi mənəvi dəyərlərinə uyğun yer tutdu. Azərbaycan artıq oturuşmuş dövlət səviyyəsinə qalxmaqdadır, artıq kataklizmlər də arxada qalıb.

- Dünya təcrübəsində partiyaların hakimiyyətə gəlmək iddiası var. Sizin partiyanız isə hakim partiyanın siyasətini müdafiə edir...

- Bizim iddiamız güclü, bütöv Azərbaycan dövlətinin yaradılmasıdır. Bu, Ana Vətən Partiyası yarandığı, gündən ortaya qoyduğu iddiadır. Bu partiyanın lideri olaraq mənim də ən böyük iddiam Azərbaycanın dünyanın ən güclü, ən demokratik, ən qüdrətli ölkəsinə çevrilməsinə töhfə verməkdir. Daha yüksək səviyyədə Azərbaycan dövlətinə rəhbərlik edən siyasi xadimlər varsa, öz iddialarımdan imtina edirəm. Onu da deyim ki, Heydər Əliyevi qəbul etməyənlər vaxtı ilə Elmlər Akademiyasında labarant işləyirdilər.

-Heydər Əliyevi lider hesab edirdinizsə, bəs niyə YAP-ın üzvü olmadınız?

-Partiyanı ona görə yaradırsan ki, prezident olasan? Bu belə deyil və biz öz tərəfdarlarımızla partiyanı ona görə yaratdıq ki, dövlətin və xalqın maraqlarına xidmət edək. Mən partiyanı yaradanda, ona sədr seçiləndə də hökmən prezidentliyə namizəd olmaq və seçilməyəndə də dövlətin düşməninə çevrilməyi düşünməmişəm.

-20 illik siyasi mənzərəni xarakterizə etdiniz. Amma iki 10 illik arxada qalsa da iqtidar-müxalifət münasibətləri problem olaraq qalır...

-Mən belə deməzdim. Müxalifətin müəyyən ənənəvi radikal qanadi ilə iqtidar arasında problemlər mövcuddur. Müxalifətin digər qanadları arasında isə bu cür problemlər yoxdur. Ötən prezident seçkilərində müxalifətin xeyli hissəsi seçkilərdə iştirak etdilər. Amma seçkidə uduzsalar da heç bir kompleks yaşamadılar və ölkə prezidentini qələbə münasibəti ilə təbrik etdilər. Çünki Azərbaycanın siyasi palitrasında İlham Əliyevə ciddi rəqib olacaq siyasi liderin, prezidentlik uğrunda mübarizə apara biləcək şəxsin olmadığı hamıya bəllidir. Buna baxmayaraq, bezi partiyalar yenə də problem yaradırlar.

-Ölkədə problemlərin olduğunu demək niyə "tünd rəng", onun müəllifləri isə radikal adlandırılır?

-Ölkədə problemlərin olmadığı qənaətində deyiləm. Dünyada heç bir cəmiyyət, heç bir dövlət ideal, problemsiz deyil. Azərbaycanın da problemləri, çətinlikləri var. Hakimiyyətdə bəzi sahələrdə səhvlərə, nöqsanlara yol verilir. Məmur vətəndaş münasibətlərində problemlər mövcuddur. Xüsusi olaraq orta və aşağı səviyyəli məmurlarla vətəndaşlar arasında daha ciddi problemlər yaşanır. Mən bunu dəfələrlə müşahidə etmişəm. Hər hansı bir nazirlə vətəndaş arasında normal münasibət var, nəinki, nazirliklərin yerli qurumları ilə vətəndaşlar arasında. Amma bunu bütövlükdə tünd rənglərlə qabardaraq, iqtidarı ən müxtəlif epitetlərlə ittiham etməyə əsas yoxdur. Uğurlar etiraf olunmalı, həm də nöqsanlar, səhvlər şişirdilmədən göstərilməli və onun aradan qaldırılması yolları bildirilməlidir. Necəki biz bunu qardaş Türkiyədə, digər demokratik ölkələrdə görürük. Mən bu cür münasibətlərin tərəfdarıyam və düşünürəm ki, iqtidar-müxalifət münasibətləri cəmiyyətin inkişafına töhfəsini verməlidir. Hər iki düşərgə öz səlahiyyətləri çərçivəsində cəmiyyətə töhfə verməlidirlər.

-Hesab edirsiniz ki, iqtidar-müxalifət münasibətlərinin bu səviyyədə olmasının səbəbkarı müxalifətdir?

-Əgər müxalifətin radikal qanadı hakimiyyəti qəbul etmirsə, ölkə başçısını prezident deyə dilə gətirmirsə, onda iqtidarın münasibəti necə qurmalıdır? Münasibətlər qarşılıqlı olmalıdır. Dəfələrlə iqtidar müxalifəti konstruktiv əməkdaşlığa dəvət edib. Amma müxalifət qarşılıq verməyib. Belə olan halda iqtidar hansı addımı atmalıdır, bu mənim üçün mübahisəli məsələdir. Mən iqtidarda olsaydım, bu cür müxalifətlə əməkdaşlığa maraq göstərməzdim. Onlar hətta hakimiyyətə zərbə vurmaq, onu devirmək üçün ən müxtəlif variantlardan istifadə etməkdən belə çəkinmirlər. Dövlət, iqtidarın fəaliyyəti ilə bağlı Azərbaycanı istəməyən ayrı-ayrı beynəlxalq təşkilatlara, dairələrə böhtan, iftira dolu donoslar yazırlar. Onun əsasında da Azərbaycana, onun imicinə qarşı bəzi beynəlxalq təşkilatların hesabatlarında xoşagəlməz nəticələr çıxarılır, ciddi zərbə vurulur.

-Radikal dediyiniz düşərgənin başında dayananlarla birgə mübarizə yolu keçmisiniz. Bu insanlar dövlətin milli maraqları baxımından hansı səbəbdən bu dərəcədə radikal ola bilərlər?

- Ambisiyalar çox böyükdür və onlar öz maraqlarını ümummilli və dövlət maraqlarından üstün tuturlar. Hətta radikal müxalifət liderlərindən birinin dediyi kimi onlar öz məqsədlərinə çatmaq üçün düşmənlə, şeytanla belə əməkdaşlığa hazırdırlar. Ona görə də bu cür insanlarla bərabər getmək, sona qədər ölkənin milli maraqlarına xidmət edən siyasi qüvvə, siyasi lider kimi onlara təsnifat vermək çox təəssüf ki, mümkün deyil.

-Siyasi düşərgənin münasibətləri baxımından hansısa yenilik gözlənilirmi?

-Yaxın zaman kəsiyində hər hansı ciddi dəyişikliklərin baş verəcəyini gözləmirəm. Vahid namizəd ətrafında müzakirələr açılsa da bu həllini tapmayacaq. Ola bilsin ki, radikal müxalifət liderlərinin heç biri 2013-cü il prezident seçkilərinə qatılmayacaq. Prezident seçkilərində məğlubiyyətə uğrayacaqlarını bəri başdan bildiklərindən və siyasi proseslərdən uzaqlaşmaq istəmədiklərindən seçkiyə getməyəcəklər.

Gültən
AzNews.az