Bahar Muradova Azərbaycandakı dini vəziyyətdən danışdı

"Azərbaycan dünyaya tolerantlıq modeli bəxş edib. Ölkəmizdə hər zaman insanların bir-birilərinə qarşı dini və milli mənsubiyyətlərindən asılı olmayaraq çox müsbət və tolerant münasibətləri mövcud olub. Bu ənənə hazırkı dövrdə də qorunub saxlanır. Eyni zamanda, hər bir vətəndaş öz etiqad azadlığından sərbəst şəkildə - qanunlara müvafiq olaraq istifadə edə bilir".

"Qafqazinfo" xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B. Muradova təssüfünü bildirib ki, bəzən dini zəmində bəzən mənfi hallara rast gəlinir: "Ya dindən siyasi vasitə kimi istifadə olunur, ya da ayrı-ayrı dini qruplaşmalar, təriqətlər milli maraqlara və ictimai dəyərlərə zidd əməllərlə çıxış edirlər. Bu, əslində, bir çox cəmiyyətlərə xas haldır. Hətta ayrı-ayrı ölkələrdə dini zəmində qarşıdurma və ziddiyyət yaradılması cəhdlərinə rast gəlinir. Müəyyən dini təriqətlərə qoşulmuş şəxslər, xüsusilə də gənclər ayrı-ayrı ölkələrə gedərək silahlı mübarizələrə qoşulurlar. Şübhəsiz, dövlət bu istiqamətdə müvafiq tədbirlər görür. Həm cinayət məsuliyyətinin müəyyən olunması, həm də dini maarifləndirmə işinin ardıcıl olaraq aparılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.

Qeyd edim ki, mübarizə çərçivəsində dini siyasəti həyata keçirən müvafiq dövlət strukturları səmərəli tədbirlər görürlər – yerlərdə vətəndaşlarla, ayrı-ayrı dini icmaların nümayəndələri ilə görüşlər keçirilir, eyni zamanda, dini maarifləndirmə işi uğurla aparılır. Həmçinin dini icmaların fəaliyyətinə nəzər yetirilir, spesifik problemlər müəyyən olunur və müvafiq işlər görülür.

Onu da vurğulamaq istəyirəm ki, bu cür hallarla mübarizədə mətbuatın, xüsusilə də sosial medianın rolu və fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz, mətbuat bu məsələyə xüsusi diqqət yetirməli, öz informasiya siyasətini milli maraqlara və ictimai dəyərlərə uyğun həyata keçirməlidir. Eyni zamanda, sosial şəbəkələrdə bu məsələlərlə bağlı maarifləndirici məlumatlar paylaşılmalı və ciddi müzakirə platformaları yaradılmalıdır. Beləliklə, bütün imkanlar dəyərləndirilməli və dövlət strukturları ilə ictimaiyyət nümayəndələri birgə, koordinasiya olunmuş formada işləməlidirlər".

AzNews.az