18:53
(077) 610-22-33

İlham Əliyev Novruz münasibətilə ümumxalq şənliyində iştirak edib

  • >
834 19 Mart 2014 22:45 | Cəmiyyət

"Hərbi büdcə, döyüş hazırlığı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq"

"Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir"

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev Bakıda, Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində iştirak edərkən deyib.

Xarici siyasətlə bağlı əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını qeyd edən prezident bildirib ki, uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır", deyə prezident Əliyev vurğulayıb.

Dövlət başçısı tarixi ədalətin, beynəlxalq hüququn pozulduğunu qeyd edib: "Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaq. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülüb.Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".

İlham Əliyev bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amilinin ön plana çıxmasını vurğulayıb: "Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır. Biz bu məsələlərlə uzun illərdir ki, məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilib. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərə çatıb. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq".

"Bizim ideoloji əsaslarımız aydındır. Bu barədə mən artıq öz fikirlərimi bildirdim. Ermənistan isə faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Ermənistan haqqında müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı var", - prezident İ.Əliyev qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacağına ümid edib: "İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyil. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır".

"Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq. Beynəlxalq münasibətlərin həllində güc amili ön plana çıxır. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq", - deyə prezident İlham Əliyev vurğulayıb.


AzNews.az
Bağla X