19:25
(077) 610-22-33

Müdafiə Nazirliyində baş verənlər Avropa mediasında

  • >
2 030 20 Mart 2014 10:53 | Cəmiyyət

“Bu iki qrup daim konfliktdə olub”




Azərbaycanda hərbi sahədə daxili çəkişmələr, bundan qaynaqlanan kadr dəyişiklikləri beynəlxalq medianın da diqqətini çəkib. Jurnalist Joshura Kucera "Azərbaycanda hərbi sahədəki təmizləmələrin arxasında nə dayanır?" başlıqlı məqalə hazırlayıb. "Eurasianet.org"da yayımlanan məqalənin tərcüməsini təqdim edirik:

Azərbaycanda Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ötən bir neçə ay ərzində yeni rəhbərlik hərtərəfli təmizləmələr həyata keçirir.

Bir müddət əvvəl məlumat yayıldı ki, yüksək rütbəli bir neçə zabit ehtiyata buraxıldı. Başqa sözlə, onlar xidmətdən kənarlaşdırıldı. Onların arasında keçmiş müdafiə naziri Səfər Əbiyev və ən azı, daha yeddi nəfər yüksək rütbəli zabitin adı vardı.

Hərbi analitik Cəsur Sümərinli bildirib ki, əslində, həmin adamlar hələ ötən ilin noyabr-dekabr aylarında vəzifələrindən çıxarılıblar, sadəcə, indi ehtiyata göndəriliblər.

Bundan başqa, dövlət başçısı İlham Əliyev Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovu vəzifəsindən azad edərək, onu Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, birinci dərəcəli kapitan Yunis Məmmədovla əvəzlədi. Maraqlıdır ki, bu sərəncamdan əvvəl Sultanovun həbsi barədə məlumatlar yayılmışdı, Müdafiə Nazirliyi isə həmin xəbərləri təkzib edirdi.

Yanvarda Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zakir Həsənov Silahlı Qüvvələrdə bir sıra kadr dəyişiklikləri etdi və görünür, həmin dəyişikliklərlə bağlı hesabatlılıq Müdafiə Nazirliyini qıcıqlandırıb. "Dəyişikliklər "Hərbi Xidmət haqqında" Əsasnamənin tələblərinə uyğun həyata keçirilir və xidmətdə səmərəliliyin artırılması məqsədi daşıyır", - deyə nazirlik bəyan etdi.

Müdafiə Nazirliyi vətəndaşlara, eləcə də KIV nümayəndələrinə müraciət edərək, onları Silahlı Qüvvələrdə islahatlar, struktur dəyişiklikləri, görüşlər və s. barədə məlumatlar yayarkən dövlət sirrinin qorunması məsələsinə həssas yanaşmağa çağırıb.

Cəsur Sümərinli deyir ki, dəyişikliklərin əsas səbəbi daxili güc mübarizəsindən qaynaqlanır: vəzifədən çıxarılan generalların böyük əksəriyyəti Əbiyevə yaxın olmuş adamlardır.

Nazirlikdə digər güc mərkəzinə isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov rəhbərlik edir. "Bu iki qrup daim konfliktdə olub. Sadıqov vəzifəsində qalır və Zakir Həsənov gərginliyi azaltmaq üçün Əbiyevin adamlarını uzaqlaşdırır", - deyə Sümərinli bildirib.

Hərbi analitik qeyd edir ki, yeni təyinatlarla bağlı daha bir faktor bu sahədə korrupsiyanın azaldılması ola bilər. Bir sıra media orqanları da bu məqama diqqət çəkib. Bununla belə, Cəsur Sümərinli onu da əlavə edir ki, Sadıqov və ona yaxın generalların Əbiyevə yaxın adamlardan daha az korrupsiyalaşdığını düşünməyə heç bir əsas yoxdur.

"Azadlıq" qəzeti
Bağla X