19:40
(077) 610-22-33

“Məmurlar artıq qorxu içində nyu-medianı izləyir“- Elbrus Ərud

  • >
2 995 20 Mart 2014 11:46 | Cəmiyyət

"Nurçularla bağlı məsələdə mətbuat dövlətin maraqlarından çıxış etdi"



Son günlər medianın gündəmini dəyişən iki olay hələ də müzakirə olunur. Onlardan biri Azərbaycan prezidenti İlham Əliyevin Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun işdən çıxarması, xanəndə Ağasəlim Abdullayevin ailəsinə itki yaşadan oğlu Xalid Mədətonu həbs olunması, eləcə də "nurçularla" bağlı qalmaqal nəticəsində Prezident Aparatinin siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılması oldu. Hər iki olay Azərbaycanda nyu medianın gücünü bir daha sübut etdi.

Bu, son vaxtlar məmurların elektron medianın gücüylə hesablaşmasının nəticəsi kimi də qəbul edilə bilər. 10 il öncə məmurlar üçün çap mediasının oynadığı rolu indi elektron media əvəz edib. Artıq səhərlər qəzet səhifələrini vərəqləyib, barəsində tənqidi material axtaran məmur obrazını əlindəki planşetdə gün ərzində "onlayn olan" məmurlar əvəzləyib. Və bunu medianın yeni mərhələsi adlandıranlar var: medianın gücü artıb, onun yazdıqları ilə hesablaşırlar, tənqidlər cəzalandırma ilə nəticələnir. Mənzərə göründüyü qədər optimistdirmi?

"Yeni Müsavat"a açıqlamasında qafqazinfo.az saytının redaktoru Elbrus Ərud bildirdi ki, son yaşananlar birmənalı olaraq Azərbaycan mətbuatının nüfuz sahibi olduğunu göstərdi. Onun fikrincə, bu, "mətbuatın Azərbaycanda heç bir mövqeyi, gücü yoxdur" deyənlərə əks cavab oldu və media özünün dördüncü hakimiyyət olduğunu sübut etdi: "Nurçularla bağlı məsələdə mətbuat dövlətin maraqlarından çıxış etdi. Çünki bu, təkcə nurçuluq deyil, burada vəhhabilik məsələsi də var. Bir sözlə, dini cərəyanlarla bağlı medianın dövlət maraqlarını üstün tutması, iqtidardan, ölkə rəhbərliyindən bu adamların cəzalandırmasını tələb etməsi o qədər yüksək səviyyəli oldu ki, ancaq alqışlana bilər. Bir məqamı da deyim ki, proses hələ indi başlayıb. Açığı, Azərbaycan mediası bu cür yaşamağa alışqan deyil. Bəzən bir həftəyə bir xəbər tapıb çək-çevir etməklə məşğul ikən, indi onlarla manşet xarakterli xəbər gəlir".

Müsahibimizin sözlərinə görə, nurçularla bağlı son baş verənləri qrup davasında hansısa tərəfin qalibliyi kimi qiymətləndirənlər oldu. E.Ərud rəhbərlik etdiyi saytın bu məsələdə ancaq dövlət mövqeyini, maraqlarını qoruyaraq heç bir güzəşt etmədiyini dedi: "Bizimçün çox maraqlıdır ki, bütün təhlükəli dini cərəyanlar Azərbaycan dövlətindən uzaq olsun. Bu, bizim vətəndaşlıq və peşə borcumuzdur".

Son vaxtlar qudurğan məmur balalarının törətdiyi avtoqəzaların sayında artım olduğunu deyən E.Ərud medianın bunu işıqlandırdığını yada saldı. Baş redaktorun sözlərinə görə, onların sosial şəbəkələrdə dəbdəbəli həyat tərzlərini paylaşmaları dərhal ictimai müzakirələrə səbəb oldu: "Təəssüf ki, ağır, ölümlə nəticələnən qəza baş verdi. Amma sevindirici haldır ki, media bunu ictimailəşdirdi, prezidentin buna ciddi reaksiyası oldu. İlham Əliyevin fevralın 5-dəki müşavirədə məmurlara ünvanlanan "özünüzü yığışdırın" xəbərdarlığının məntiqi nəticəsi idi. Onlar bu sözdən nəticə çıxarmamışdılar. Amma mətbuat bu siqnalı almışdı. Xoşbəxtik ki, biz işıqlandırdığımız problemlərdən belə nəticələr çıxarılır. Bu, başqaları üçün görk olmalıdır. Azərbaycanda yüzlərlə belə məmur övladları var. Əvvəllər avtoritetlər və qoçular adamları silahla öldürürdülər, indi maşınla öldürürlər. Elə bil bu adamlar lotulardır., maşını silah kimi kullanırlar. Bədbəxt hadisə başa düşüləndir. Gözlənilməz qəzalar var. Bir də var 250 minlik "Galendevagen"lə içkili bir adam belə bir qəza törətsin".

E.Ərudun fikrincə, sözügedən iki hadisə Azərbaycanda yeni medianın qələbəsi sayıla bilər. Müsahibimiz dedi ki, artıq dövlət media ilə hesablaşır və bu, yaxşı haldır: "Əslində ayıq iqtidar elə belə də davranmalıdır. Çünki təkcə bu məsələ deyil. Srağagün İlham Əliyevin Qarabağ əlilləri ilə bağlı verdiyi 5 sərəncam medianın Qarabağ qaziləri ilə bağlı gündəmə gətirdiyi məsələnin, metro keçidlərində ticarət köşklərinin yığışdırılması, Tağı Məmmədovun işdən çıxarılması mətbuatın yazdığı tənqidi yazıların nəticəsi idi. Cəmiyyət bu xəbərləri oksigen kimi alır. Sanki cəmiyyət məmurları azad edib, bizləri – medianı onların yerinə təyin edib. Sosial mediada işıqlandırılan bir çox məsələlərə artıq operativ reaksiya verilir. Məsələn, biz ağac kəsilməsi ilə bağlı xəbər vermişdik, nazirlik yarım saat ərzində qanunsuz ağac kəsənləri tapıb cəzalandırdı. Məmurlar artıq təşviş və qorxu içində nyu-medianı izləyir. Biz islahat aparılan yerdəyik. Ədalət bərqərar olanda mətbuat da sevinir. Amma təəssüf ki, Azərbaycan mətbuatının böyük bir hissəsi hələ də bu məsələdə qorxaq mövqe nümayiş etdirirlər. Məsələn, Galenvagen xəbərini bir neçə aparıcı sayt verəndən sonra belə bəzi həmkarlarımız cəsarət edib onu işıqlandıra bilmirdi. Prezidentin sərəncamı çıxandan sonra xəbəri verdilər. Və ya Ziya Məmmədovun qardaşı oğlu ilə bağlı xəbərləri verəndə gedib ondan açıqlama alırlar, bizi təkzib etdirirlər. Elə anlaşıla bilər ki, kimsə hədəfə çevrilir. Amma elə deyil. Mən Aqil Abbasın rəis oğlunun adam döyməsini xəbər kimi verdim. Çünki döyülən Qarabağ əlili idi. Amma Rəşad Məcid statusunda yazdı ki, bu xəbəri vermək nakişilikdir. Halbuki ortaya mətbuat mövqeyi qoyulmalıdır".

Müsahibimiz bu sayaq məsələlərdə qafqazinfo.az olaraq sona qədər mübarizə aparacaqlarını deyib. Onun fikrincə, son hadisələr medianın nüfunuzu daha da artırdı və media bu üstün mövqeyini, dördüncü hakimiyyət statusunu qoruyub saxlamalıdır.

"Yeni Müsavat"
Bağla X