İTV-dən çıxarılan baş direktor müavini İrana göndərildi

İctimai Televizyanın keçmiş baş direktor müavini Oqtay Bayramova AzərTAC-ın İrandakı bürosunda vəzifə verilib.

Bu barədə Qaynar.info-ya AzərTAC-dakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə AzərTAC-dan İTV-yə baş direktor müavini vəzifəsinə göndərilən Oqtay Bayramov bir müddət öncə Cəmil Quliyevin təkidi ilə ərizə yazaraq işdən çıxmış, yenidən əvvəlki iş yerinə qayıtmışdır. O, hazırda AzərTAC-ın İstanbul bürosunda xüsusi müxbir kimi çalışır.

Bununla yanaşı, adıçəkilən şəxsin İrana təyinat aldığı bildirilir.

Sözügedən qurumun baş direktor müavini Dağıbəyi İsmayılov Qaynar.info-ya açıqlamasında məlumatı təsdiq etdi: "Məlumat doğrudur. Oqtay Bayramov İstanbuldan çağırılaraq İrandakı büroya təyin olunub. O, bundan sonra İstanbulda deyil, ancaq İranda fəaliyyət göstərəcək".

İndiyədək bu vəzifəni İranda icra etmiş Sabir Şahtaxlıya gəlincə, D.İsmayılov onun yaxın günlərdə Naxçıvan bürosuna göndərilə biləcəyini istisna etmədi.(Qaynar.info)