Pol Qoblun aşıqlamasına açıqlama

Qərb həyacanlanıb. Rus ordusunun Krıma girməsi, Moskvanın iradəsi ilə orada referendum keçirilməsi və bu bölgənin Rusiyaya qatılması Qərbi sözün əsl mənasında "şoka salıb".

Rusiyanın artıq dünya siyasətində olmadığını iddia edənlər birdən-birə fakt qarşısında qaldıqlarını etiraf etmək zorundadırlar. Təxminən 10-15 il əvvəl Yer üzündə alternativ fikir və güc sahibinin qalmadığı qənaətinə gələnlər birdən-birə çaşıb qalıblar. Onlar fikirləşirdilər ki, daha dünya öz əllərindədir, İraqda, Əfqanıstanda, Tunisdə, Liviyada, Misirdə etdiklərini Rusiyanın sərhəddində də edəcəklər. Amma qəfildən rus ayısı ayılıb, "stop" işarəsi verdi. Hətta Rusiyanı sevməyənlər də son illərdə dünyada birtərəfli proseslərin getdiyini və baş verənlərin heç də ədalətə söykənmədiyini görürdü. Görürdü ki, Səddam Hüseyndən sonra dünyanın ən qədim dövləti olan İraqda hansı xaos baş verir, qədim Babilin param-parça olunan varisinə tarixdə adı-sanı olmayan köçərilər hökm edir. Sovet ordusunun qara-ağ üzünü görmüş Əfqanıstana daxil olan Qərb əsgəri qanunsuz-məhkəməsiz adi kəndliləri necə gullələyir, qadınları necə zorlayır. Prezident kürsüsünü çoxdan tərk etmiş, bununla bərabər Liviyanı cənnətə çevirmiş Qəddafini necə ağzı –burnu palçıqlı bir Qərb küçüyü döyə-döyə öldürür. Misirdə qanuni yolla hakimiyyətə gəlmiş Mürsi hökumətini devirib, zorakı hərbçiləri iqtidara gətirən Qərb-yəhudi birliyinin sifarişi ilə 529 nəfərə 20 dəqiqə ərzində necə edam cəzası kəsilir. Bir vaxtlar Qərbi ədalət və haqq mücəssəməsi kimi görənlər yavaş-yavaş başa düşür ki, Qərb ayrı-ayrı xalqlar üçün ayrı-ayrı demokratik dəyərlər fikirləşir. Öz demokratik dəyərlərini bu ölkələrə tətbiq etmir, onlar üçün xüsusi demokratiyalar yaradır. Əsas o deyil ki, hər yerdə bəşəri dəyərlər hakim olsun, əsas odur ki, hakimiyyətlər sözəbaxan olsun. Bax, elə Qərbin bu yanaşması da sonda Rusiyanın mövqelərinin getdikcə güclənməsinə rəvac verir. Rusiya Krıma girib, referendumda böyük əksəriyyət Rusiyaya səs verib, beş-on tatardan başqa. Və elə bu məqamda tatarlar Qərbin yadına düşüb. Məşhur politoloq, Rusiya və postsovet məkanı üzrə ekspert "Amerikanın səsi"nə müsahibəsində birdən-birə bu millətin qayğısına qalmağa balayıb: "Əslində, Krım yerli tatarlara məxsusdur, hazırda rus qüvvələri onları yarımadadan qovmağa çalışır." Politoloq rusların tatarları yarımadadan qovmağa hazırlaşdıqlarını nəyə əsasən deyib, bilmirik, amma istər-istəməz sual doğur, əgər Krım tatarların özünə məxsus deyilsə, yəni müstəqil dövlət qurumu yoxdursa, onun Rusiya, yaxud Ukraynaya aid olmasının heç bir ciddi fərqi yoxdur. Məgər əvvəlki dönəmlərdə tatarlar müstəqil idilər?

Əslində, Rusiyanın bu addımı Qərbi ona görə qıcıqlandırmayıb ki, o, həqiqətən Krım əhalisinin qayğısına qalır, sadəcə ona görə ki, Rusiya Qərbin Qara dəniz planına mane olub. Bu strateji dəniz Rusiyanın əl-ayağını bağlamaqda, Qərbin isə əl-qolunun açılmasında mühüm əhəmiyyət kəsb edirdi. Necə deyərlər, Qərbin planına qarşı Rusiyanın tutarlı gedişi.

İndi Qərb Pol Qoblın dili ilə beynəlxalq ictimaiyyətdən kömək umur. Xeyir ola, Rusiya daha öncə bu addımı atanda, Azərbaycan torpaqlarının 20 faizini erməni işğalçılarının ayaqları altına tulayanda niyə Qərb susurdu? Krım variantını bu və ya bağqa formada Rusiya Qarabağda, Dnestryanı bölgədə, Gürcüstanda həyata keçirməyibmi? Niyə Qərb zamanında Rusiyanın bu addımlarına təpki göstərmirdi ki, vəziyyət bu yerə gəlib çıxırdı. Pol Qobl deyir: "Vladimir Putinin Krıma hərbi müdaxiləsi İkinci Dünya müharibəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir: "Suveren dövlətin ərazisini ilhaq etməklə və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksək mövqeyə qaldırmaqla prezident Putin sülhün və sabitliyin əsasını təşkil edən prinsipləri rədd edib. Beynəlxalq ictimaiyyət Rusiyanı bu əməllərinə görə cəzalandırmalı və aydın mesaj göndərməlidir ki, dövlət suverenliyinin zor gücünə tapdanması yolverilməzdir."

Putin adı təbii ki, burada şərtidir, guya başqa bir rus olsaydı, bu addımı atmayacaqdı? Məsələ tamam başqa şeydədir, məgər Ermənisan 20 il bundan öncə Rusiyanın əli ilə başqa bir dövlətin – Azərbaycanın ərazisini ilhaq etməyibmi? Onlar etnik mənsubiyyəti vətəndaşlıqdan üstün tutmurmu tutmurmu? Niyə beynəlxalq müzakirələrdə Azərbaycan Ermənistan məsələsi gündəmə gələndə beynəlxalq ictimaiyyət tərəfləri güzəştə çağırır, Krım məsələsində isə Rusiyanı ittiham edirlər. Pol Qobl müsahibəsinin sonunda Moldova və Azərbaycanı MDB-dən çıxmağa çağırır, çünki Qərbə belə lazımdır. Azərbaycana nə lazım olduğunu isə Qərb vecinə almır. Xeyir ola, Azərbaycan nəyə görə Qərbin havasına oynamalıdır? Ermənistan, Pol Qobl-ın dediyi kimi, suveren bir dövlətin ərazisini tanıyır, bununla bərabər Qərb ona daha həssaslıqla yanaşır, bizə isə bütün bu münasibətlərdən sonra Rusiyanı qınamağı məsləhət görür? Bu, nə məntiqdir, bu nə münasibətdir?

Belə olan halda, Azərbaycan Qərbə cütləşmiş barmaqlar arasından baş barmağı göstərməli deyilmi? Şərtdirsə, gəlin biz də öz şərtimizi irəli sürək....

AzNews.az