02:54
(077) 610-22-33

Ombudsman Aparatı bəyanat yaydı

  • >
1 442 27 Mart 2014 14:31 | Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən daxil olan bəyanatda qeyd olunub ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub: "XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.

Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, "Cümə" və "Təzəpir" məscidlərini, dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasını top atəşinə tutaraq dağıdıblar".

Bəyanatda o da qeyd olunub ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox müdafiə edir və problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə tərəflər arasında etimadın qurulması sahəsində daha fəal iştirak etmək istəyini dəfələrlə bəyan edib.

Bildirilib ki, hələ 2012-ci ildə ABŞ-ın Nyu-York ştatının senatı, ötən ilin martında isə Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib.

Eyni zamanda vurğulanıb ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib: "Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik.

Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına. soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, yüz minlərlə qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq.

Ümid edirik ki, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəklər".

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

AzNews.az
Bağla X