15:20
(077) 610-22-33

Abid Şərifov: “Hər gün 10-15 müraciət daxil olur”

  • >
682 27 Mart 2014 15:23 | Cəmiyyət

Bakının "Sovetski" məhəlləsində inventarlaşma dayanmayıb, sadəcə, Novruz bayramı ilə bağlı fasilə verilmişdi". Bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib.

Bu gündən inventarizasiya prosesinin davam edəcəyini deyən A.Şərifov inventarizasiyanın yalnız köçmək istəyən sakinlərin evləri və obyektləri ilə bağlı aparıldığını da bildirib: "Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər".

Baş nazirin müavini nəzərə çatdırıb ki, martın 19-na qədər "Sovetski" məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olub və bu gündən yenə müraciətlərin daxil olmasına başlanıb.

A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarizasiya prosesi başa çatandan sonra baxılacağını qeyd edib.

Xatırladaq ki, martın 3-də keçirilən görüşdə A.Şərifov hökumətin 1 kv. m üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.

Qeyd edək ki, "Sovetski" məhəlləsi sakinlərinin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev açıqlamasında martın 3-də Təşkilat Komitəsinin üzvləri və hökumət rəsmiləri ilə keçirilən görüşdən sonra həmin vaxta qədər aparılan kütləvi inventarizasiya prosesinin dayandırıldığını bildirib. O, "Sovetski" məhəlləsindən köçmək istəyənlərin əsasən bir neçə il əvvəl bu ərazidən ev alan kənar şəxslər olduğunu, yerli sakinlərin 1 kv. m üçün 1500 manat müqabilində köçmək niyyətində olmadığını bildirib: "Biz də həmin şəxslərin "Sovetski"dən köçməsini istəyirik, çünki hazırda məhəllədə sıxlıq müşahidə olunur. Ümumiyyətlə, ən yaxşı halda hazırda "Sovetski" məhəlləsində yaşayanların 10-12 faizinin hökumətin 1 kv. m üçün 500 manat təklifi ilə razılaşaraq köçəcəyini proqnozlaşdırırıq. 2 ay ərzində mənzərə daha aydın olacaq".

AzNews.az
Bağla X