"Qəzetin ağlamalı vəziyyətini illərdir ki, xatırlatmaqdayam" "Qəzetin ağlamalı vəziyyətini illərdir ki, xatırlatmaqdayam"

Yazıçılar Ayaz Vəfalını sərt tənqid etdi – AYB-dəki dəyişikliyə münasibət

"Qəzetin ağlamalı vəziyyətini illərdir ki, xatırlatmaqdayam"




"Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalının istefa ərizəsi Yazıçılar Birliyində böyük dəyişikliyə səbəb oldu. Elçin Hüseynbəyli "Ədəbiyyat" qəzetinə, Qulu Ağsəs isə "Ulduz" jurnalına baş redaktor təyin edildi. Bəs, yazıçılar bu dəyişikliyi necə qiymətləndirir?

Yazıçı, dramaturq Firuz Mustafanın sözlərinə görə, Ayaz Vəfalının rəhbərliyi altında olan ədəbi orqan hətta divar qəzetindən də aşağı səviyyədə olub:

"Bizdə adətən, kimsə vəzifədən çıxarılandan sonra tənqidə tuş gəlir. Mən isə "Ədəbiyyat qəzeti"nin ağlamalı (bəlkə də gülməli) vəziyyətini illərdir ki, yumşaq desəm, xatırlatmaqdayam. Hətta, redaktorun özünə də demişdim ki, adımın bu qəzetdə çəkilməsini heç başsağlığında belə istəmirəm. İndi redaktor dəyişib. Ədalət naminə deyim ki, Ayaz Vəfalı nəfsi-gözü tox, təmiz bir adamdır. Sözün yaxşı mənasında vasvasıdır. Özünə hörmət qoyan insandır. Amma buraxdığı qəzet göz qabağındadır; bu, divar qəzetindən də aşağı səviyyədə çıxan bir şey idi. Vaxtında, hətta gecikmiş bir qərardır. Əminəm ki, qəzetin yeni redaktoru yeni heyət formalaşdırıb qəzetin səviyyəsini qaldıracaq. Elə köhnə heyətdə də qəzetçilik təcrübəsi olanlar var idi. Uğurlar arzu edirəm".

Yazıçı-jurnalist Rəşad Məcid "Ədəbiyyat" qəzetinin ədəbi proseslərdən uzun illər kənarda qaldığını etiraf etdi:

"Uzun illər "Ədəbiyyat" qəzetini təqib ediblər, onu ədəbi prosesdən kənarda saxlayıblar. Dəfələrlə bu barədə deyilsə də, heç nə dəyişməyib. Mən özüm də bu barədə fikrimi demişəm. Elə oldu ki, bu günlərdə Ayaz Vəfalı ərizə verdi. Görünür artıq ona da çatıb ki, "Ədəbiyyat" qəzetində yeniləşmə lazımdır. Odur ki, bunu başa düşüb istefa ərizəsini yazıb. Dünən də Yazıçılar Birliyinin katibliyi qərara aldı ki, onun ərizəsini qəbul eləsin. Elçin Hüseynbəyli "Ədəbiyyat" qəzetinə təyin olundu. Hesab edirəm ki, o, indi özünü təsdiq etmək, özünü doğrultmaq üçün geniş imkanlar açılıb. İndi o, necə edəcək, haradan başlayacaq bu artıq ondan asılıdır."Ulduz" jurnalında isə Qulu Ağsəsin olmasının mən də tərəfdarı olmuşam. Hesab edirəm ki, o, maraqlı bir gənclik jurnalı çıxarda biləcək".

Tənqidçi Əsəd Cahangir isə bu dəyişikliyi məntiqli hesab edir:

"Hesab edirəm ki, Elçin Hüseynbəyli "Ədəbiyyat" qəzetində müsbət dəyişikliyə nail olacaq. İlk növbədə qəzetin formatı dəyişəcək, onun içərisində yer alan yazılar müasirləşəcək. Bütün ədəbi prosesi özündə daha çox əks etdirəcək. Qəzet aktuallaşacaq, ədəbi prosesə müdaxilə etmək cəhdləri dayanacaq. Bir sözlə, ədəbi proses qaynayıb-qarşıcacaq. Qulu Ağsəs neçə ildir ki, "Ulduz" jurnalında işləyir. Onun daha maraqlı jurnal çıxaracağına inanıram. Hər ikisi gəncdir, enerjilidir və onlara bu yolda uğurlar arzulayıram".

Bahar Rüstəmli
AzNews.az