Qızıldaşdakı gənclərin gerçək həyatı

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən, Təhsil Nazirliyinin tabeliyində olan uşaq evlərində böyümüş, sonradan yaşla əlaqədar olaraq 8 saylı Texniki Peşə Liseyinə göndərilmiş gənclərin
Acı tale yazısı

Taleyindən, həyatından, maddi vəziyyətin çətinliyindən şikayət edən insanları dinlədikcə, qəlbimin dərinliyində taleyinin acı yükü altında əzilən, ata –ana kəlmələrini dilə gətirməyin həsrətini çəkən bir qrup gəncin həyatını göz önümə gətirdim. Bu gənclər Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən, Təhsil Nazirliyinin tabeliyində olan uşaq evlərində böyümüş, sonradan yetkinlik yaşı ilə əlaqədar olaraq 8 saylı Texniki Peşə Liseyinə göndərilmiş gənclərdir.

Ailə sevgisinin, ata zabitəsinin, ana nəvazişinin, əziz insanların məhəbbətinin həsrətini çəkən və həmin sevgidən məhrum olmuş bu gənclərə isə heç bir şey lazım deyil. Bir xoş söz, insanı münasibət, diqqət bu gənclərə hər şeydən dəyərlidir. Necə deyərlər, bir qarnı ac, bir qarnı tox yaşamaqlarına baxmayaraq, biri-birilərinin tərəfini tutur, qayğılarını çəkir, dəstək olurlar. Bu acı talelərinə şükür etməyi də unutmurlar.

Ana – ata sevgisi

Gənclərdən bəziləri həyatlarında bir dəfə də olsa ana-ata qayğısı, məhəbbəti görməsələr də, valideynə olan sevgiləri hədsizdir. Qızıldaşda yaşayan bu gənclərdən birinə sual verdim ki, ananı uzun axtarışdan sonra tanış polisin köməyi ilə tapa bilmisən və ona qarşı diqqətli olmağa çalışırsan, niyə gedib onunla yaşamırsan? Bu gəncin mənə cavabı belə oldu: "O mənim anamdır. Məni körpəliyimdəm qardaşımla birlikdə uşaq evinə verdiyinə görə barışa bilmirəm, lakin 9 ay məni bəsləyib bu dünyaya gətirdiyi üçün ömrümün sonuna kimi ona borcluyam!!!"
Kaş ki, min bir əziyyətini çəkib, həyatın gözəllikləri, maddi və mənəvi köməyini əsirgəməyən, uşaqlarının yolunda həyatından belə keçməyə hazır olan anaların övladları da belə düşünə və valideynlərinə qiymət verə biləydi.

Qızıldaşda məskunlaşmış gənclərin hüquqlarını kim müdafiə etməlidir?

Azərbaycan Respublikasının Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malikdir və birbaşa qüvvədədir. Konstitusiyanın 17-ci, 24-cü və 26 –cı maddəsində qeyd edildiyi kimi cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 72-ci maddədə isə qeyd olunur ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Yuxarıda qeyd olunduğu kimi, gənc qızlar və oğlanlar ailə qayğısından mərhum olduqlarından tam dövlət təminatındadırlar. Bu uşaqların, gənclərin taleləri dövlətimiz tərəfindən təyin edilmiş yüksək mövqe sahiblərinə etibar olunsa da, nədənsə bəzi şəxslər öz vəzifə səlahiyyətlərini unudaraq, bu uşaqların nəinki hüquqlarını müdafiə edirlər, əksinə onların şəxsiyyətlərini alçaldır, insanlıq hisslərini öldürür, həyata nifrət etmələri üçün hər vasitə və üsula əl atırlar. Uzun illərdi ki, mən Qızıldaşda yerləşdirilmiş bu uşaqları ziyarət edirəm. Onlarla olan görüşdən sonra düşündüm ki, görəsən, sözdə insanlıqdan, vətənpərvərlikdən, yardımdan danışan, yüksək vəzifələri zəbt etmiş bəzi məmurlarımız övladlarını bu şəraitdə yaşadardılarmı?

Bu gənclərin hüquqlarını kim müdafiə etməlidir? Qaradağ rayonu üzrə seçilmiş millət vəkilləri görəsən, bir dəfə də olsa, bu uşaqların ziyarətinə gəlməyi düşünübmü? Axı bu gənclər də onların seçilməsi üçün səs veriblər.

Venera Yusifqızı