Nazir vətəndaşları dinlədi- FOTO

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu martın 28-də Sumqayıt şəhərində keçirilib.

Qəbulda Abşeron rayonundan və Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak ediblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, istehlakçı hüquqlarının müdafiəsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Ş.Mustafayev müraciətləri diqqətlə dinləyib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn sahibkarların heyvandarlığın inkişafı, iri taxılçılıq və fermer təsərrüfatlarının, turizm, un və qənnadı məmulatları, plastik tara, şüşədən dekorativ məhsullar istehsalı sahələrinin, logistik mərkəzin yaradılması və s. sahələrlə bağlı təklifləri dinlənilib, sahibkarlarla müzakirələr aparılıb, investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbulda ümumilikdə 70-dən çox vətəndaş iştirak edib.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və onlar üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, Sumqayıt şəhərində keçirilmiş qəbulla bağlı vətəndaşların əvvəlcədən məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilib, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bundan başqa, vətəndaşların qəbul üçün qeydiyyatının onlayn rejimində həyata keçirilməsi məqsədilə nazirliyin saytında və "facebook" səhifəsində "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi yaradılıb.

AzNews.az