17:46
(077) 610-22-33

Yaşamağın dəhşətə çevrildiyi yer - Reportaj-Fotolar

  • >
1 910 29 Avqust 2012 07:15 | Cəmiyyət

Bəhruz Əlimədətov “Qocalar evi”nin hər otağını 800-1000 manata satır

Bakının Bilgəh qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və Əmək Əlilləri üçün Pansionatındayam. Jurnalist kimi yox, sadəcə bir ziyarətçi kimi...Əslində bu ünvanın sorağını Qocalar evi kimi eşidib elə tanıyırdım. Ancaq burada 3-4 yaşında uşaq da gördüm, gəncləri də, əlil insanları da, ahılları da... Yəni kimsəsiz və problemli insanların məskəniydi bura. Ancaq bununla da bitmirmiş. Sağlam, ailə sahibi olub, evini-eşiyini sataraq ucuz qiymətə burda özünə yer tapanlar da varmış.
Məni bu faktdan yaşlı həmsöhbətim agah etdi. "Nə qədər çox bilirsən, bir o qədər az danışasan gərək. İndiki zəmanədə susmaq məsləhətdir, yoxsa..." - desə də, qoca kişi, bunları gizlədə bilmədi. Deməli, qocanın sözlərinə görə, pansionat rəhbərinə bir azacıq "hörmət" (800-1000 manat) etsən yaşayış yeri hazırdır. Hələ gündəlik yemək-içməyin də. Digər qocalar da bunu deyir: "Burada yaşayan tək biz deyilik ki... Müftə yeməkdi də, dövlət verir. Camaat da gəlib yığışıb bura, bir qırağından yeyir". Belə məlum oldu ki, pansionat dövlətin öhdəliyində olduğundan lazım olan hər bir şeylə təmin olunur.
Bununla yanaşı, pansionatda yaşayanların sözlərinə görə, həm hökumət tərəfindən, həm də xeyriyyəçi, imkanlı şəxslərin etdiyi yardımlar, bağışlanan hədiyyələr heç biri öz ünvanına çatmır. Ancaq pansionat sakinləri nəinki bu yardımdan pay almır, hələ bir suyu da "cirəylə" tapırlar: "Bura həmişə yardım olunur, çox insanlar bizdən köməklərini əsirgəmir. Ancaq bundan bizə çatan heç nə yoxdur. Hələ bu nədi ki...Allahın suyunu da doyunca işlədə bilmirik. Həftədə iki dəfə su verirlər bizə, o da soyuq su. Mən neyləyim o suyu?"
Antisanitariya baş alıb gedir. Bəlkə də, rəhbərliyin bu və ya digər məsuliyyətsizliyi hələ problemin ən sadəsi, başlanğıcıdır.

28 yaşlı gənc: "Yazıb-oxumağı öyrənmək istəyirəm..."

Bu kimi yerlərin ən böyük problemi adətən bizə maddi çatışmazlıq kimi görünür. Ancaq heç də belə deyil. Onların ən böyük yoxsulluğu gözdən-könüldən uzaq, cəmiyyətdən təcrid olunmalarıdır. Elə ona görə də, bu insanlar, aclıqdan, susuzluqdan deyil, daha çox psixoloji cəhətdən sarsılıblar. Sizə elə gəlməsin ki, bir gün gedib onları gördük, birgə çalıb-oynadıq, gücümüz çatan qədər maddi yardım etdik və bununla da insanlıq borcumuz başa çatdı, onların da problemi həll olundu. Elə orda yaşayan bəzi gənclərin fikrinə görə də, bir çox insanlar buraya sadəcə öz vicdanlarını rahatlatmaq, bəzən isə görüntü naminə gəlirlər. "Bəli, mən kimsəsizləri yad etdim, deməli, yaxşı, xeyirxah insanam" deyirik. Ancaq onlar buna minnətdar olsa da, tam olaraq belə düşünmürlər: "Nə olsun ki, bir gün gəlib bizi görüb, sonra da tək qoyub gedirsiz də. Bizə nəyə lazımdır ki, çalıb-oynamaq, maddi yardım? Bizim dərdimiz başqadır..." Bilirsiniz, onların bir dərdi də nədir? Həmsöhbətlərimdən birinin 28 yaşı var. Adətən 28 yaşlı bir gəncin fikri-zikri nə olar sizcə? Yaxşı işi, gəliri olsun, evlənsin, ailə-uşaq, ev sahibi olsun... Ancaq bu gənc ən böyük arzusu sadəcə yazıb-oxumağı öyrənməkdir...

Bir dam altındakı uzaqlıq...

Bəli, cəmiyyətdən bu dərəcədə təcrid olunmaq, mədəniyyətdən, təhsildən, ictimai mühitdən uzaq düşmək özü bir faciədir. Ancaq bu, məsələnin bir üzüdür. Belə ki, tək edilən şikayətlər deyildi, insanı narahat edən. Elə pansionat daxilində insanların bir-birindən necə uzaq olmağı, hətta bir-birlərinə yuxarıdan aşağı baxmaları çox üzücü idi. Bu münasibəti və baxışı əsasən qocalar arasında gördüm. Əslində eyni dərdli, eyni problemli insanlar bir-birlərinə daha yaxın olur, daha doğma olur. Daha yaxşı anlayırlar bir-birlərini. O da qaldı eyni məkanda, eyni dam altında yaşayasan. Burda da bir ailə istiliyi, doğmalığı gözləyirdim. Ancaq onlarla söhbət zamanı tam əksini gördüm. Bir qoca qadının digəri haqqında "O səfehdir, başı işləmir" deməsilə başladı bu qənaətim. Daha sonra bir qoca kişi əvvəlcə özünün necə ürəyiyumşaq, əsl Allah bəndəsi olmasından danışdı: "Mənə Allahdan vəhy gəlir həmişə. Nəyi hiss eləmişəmsə, olub həmişə. Dünyada çox fəlakətlər olub, Azərbaycanda da olacaq... Bu cür saxtakarlıqlar, özbaşınalıqlar çox gedə bilməz. Ancaq Allah haradan olur-olsun, ruzimi yetirir. Amma mən burda çox təkəm, mənə layiq insan yoxdur. Danışmağa uyğun adam tapa bilmirəm burda, hamısı alaq otlarıdır, yığışıblar bura".
Həmin gün bir qrup xeyriyyəçi gəncin təşkilatçılığı ilə keçirilən konsertdə də insanların bir-birlərinə qarşı əcaib münasibəti diqqət çəkirdi. 78 yaşlı Səməndər dayı uşaqların əlindən tutaraq çoxlu oynayırdı. Elə bu vaxt bir qadın tələsik hamının qulağını pıçıldayaraq "Onu əlinizdən tutmağa qoymayın, keçici xəstəlik var onda" deyə xəbərdarlıq edirdi.

Daha sonra bir qoca qadın digəri haqqında ən xoşa gəlməz ifadələr işlədirdi. Bir sözlə, bir damın altında, eyni dərdləri şəkən adamlar elə bir-birinin "ətini yeməklə" məşğuldular. Əsəb, gərginlik "küləkləri" bu balaca şəhərciyi daim yırğalayır. Bəlkə də onlara kimsəsizliklərini unutdurmaq, bu cəmiyyətin bir üzvü olduğunu hiss etdirmək vəziyyəti xeyli düzəldər. Axı əsas bizim yaxşı insan olduğumuzu sübut etmək deyil, əsas olan, onların insan olduqlarını, var olduqlarını, bu həyatda, bu cəmiyyətdə bizimlə yaşadıqlarının vacib olduğunu hiss etdirməkdir.

Sevinc Fədai
AzNews.az
Bağla X