Mir Şahin: “Cənablar, bəlkə, bir az sakitləşək?!“- HESABAT

Rusiyanın Ukrayna ərazisinə soxulub Krımı götürərək çıxmasından sonra elə bil cəmiyyətdə kütləvi bir xof yaranıb. İndi nə olacaq, Rusiya Azərbaycana da girəcək, Qarabağı da özünə birləşdirəcək… "vay dədəm vay, qoyma gəldi" ovqatı şimal küləyi tək üzə vurur. Əlbəttə, region üçün, dünya üçün o qədər də xoş olmayan, güclünün gücsüzü basması ilə beynəlxalq rəyə meydan oxumağı bütün ləçərliyi ilə əks etdirən fakt baş verib. Müstəqil bir dövlətin BMT səviyyəsində tanınan ərazi bütövlüyü pozulub, bəli bütün bunlar olub. Amma indi neyləməliyik biz? Az qala, "11-ci Qızıl Ordu meydanınını deyəsən tələsmişik sökməyə" deyən əfəl vətən bitərəflərinin qorxaq əhval-ruhiyyəsi özünə yeni miqyaslar axtarır… Kimlərsə guya öz adi işlərini görürlər, müsahibələr verirlər, çıxışlar edirlər…

Amma Rusiyanın neoimperiyaçı fəallığı fonunda mənə heç nə təsadüfi görünmür. Heç nə! Hətta kimsə bürünc "Neftçi" komandasının Markarov - Tuayev - Banişevski üçlüyünün ayaq həmrəyliyni bu gün xiffətlə xatırlasa belə bu mənə soxulmağa yer axtaran sovet başları barədə siqnal verir. Azərbaycanın keçmiş prezidenti və Bakıya qayıdanda "heç vaxt müsahibə verməyəcəyi, siyasi mövzuda ümumiyyətlə danışmayacağını" şəxsən ANS-ə çatdıran Ayaz Mütəllibovun müəmmalı bir qəflətənliklə dillənməsi və dərhal da 1991-ci ilin 17 mart referendumunda Sovet İttifaqının saxlanması lehinə əksəriyyətin səmimiyyətlə səsverməsini guya elə - belə, söz gəlişi xatırlatmasını təsadüf saymıram. Çünki bu xatırlama Kremlin Sovet İttifaqı arzularını dilə gətirməsi ilə bir vaxta düşür.

Mütəllibov bu cavabı Azərbaycanın Sovet İttifaqından çıxmasını təsdiq edən başqa bir referendumdan sonra vermişdi. Görürsünüz, heç nə yadaşımızdan, arxivimizdən silinmir. Əlyazmalarınız bizdədir və onlar yanmır. Və ya İlyas İsmayılov. Adətən öz gününə susan, Azərbaycanda adətən seçkidən seçkiyə seçilən İsmayılovun birdən birə, özü də sıravi bir deputata yox, baş nazirin, Milli Məclis sədrinin üzərinə və məhz indi getməsi kim məni inandıra bilər ki, təsadüf idi.

Axı biz İlyas İsmayılovu da, onun həmişə İran İslam Respublikası və Rusiya xəttini sədaqətlə müdafiə etmiş etibarlı nümayəndəsi yaşıl Mais Gülalıyevi də tanıyırıq. Doğrudanmı İlyas İsmayılov elə zənn edir ki, o danışanda biz kadrda yalnız onu görürük və arxasında, yan-yörəsində, qarşısındakıları yox?! Məni düz başa düşün, Oqtay Əsədovun vəkili deyiləm, sadəcə olaraq ondan danışıram ki, bu gün hər bir siyasətçi öz bəyanatlarında ehtiyatlı olmalıdır. Özünə hesabat verməlidir ki, onun fikirləri hansısa dövlətin Azərbaycanda aranı qarışdırmaq planları ilə üst-üstə düşə bilər. İlyas İsmayılov niyə belə fəaldır və hətta Milli Məclis sədrini provakasiyaya da çəkir.

Rusiyapərəst qüvvələrin "qara piar da bir piardı" məntiqi ilə artıq özlərini xatırlatmağa başlaması boşuna deyil. Ortada məqsəd var. 5-ci cərgə fəallaşır. İstəyirsinizsə mən sizə potensial fəalların adlarını sadalayım. Amma yox… gəlin tələsməyək, bir az da gözləyək. Ümumiyyətlə mənə elə gəlir ki, bu gün Azərbaycanda, rəhmətlik Heydər Əliyev demişkən, hər kəs gərək öz mövqeyini bildirsin. Və xalq da görsün ki, kim dövlətin yanındadır. Məsələn, bir qədər əvvəl Rusiya Krımı götürüb aparanda bu fakta İki prezidentin reaksiyasını müşahidə etdim. Ermənistan prezidenti və Azərbaycan prezidenti. Ermənistan prezidenti Krım Ukraynadan qoparılandan dərhal sonra Moskvaya Putinə müraciət etdi. Azərbaycan prezidenti isə Azərbaycan xalqına.

Deməli hər kəs öz arxasını, öz dayağını nişan verdi.

BMT-də isə Azərbaycanın iradəsi şifahidən yazılıya keçdi.

Rusiyanın qorxusundan bəzi dövlətlər bitərəf qaldılar, bəzi dövlətlər isə sadəcə gücün tərəfinə keçdilər. Keçmiş Sovet respublikaları arasında yalnız iki dövlət, Azərbaycan və Gürcüstan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu əslində bir test idi, bir lakmus kağızı idi. Heç də hamı əvvəldən sonadək mərdanəliyini qoruya bilmədi. Şifahi şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən dövlətlərin bir çoxu imzası ilə təsdiq etməyi bacarmadı. Məsələn, Özbəkistan bir az əvvəl öz xarici işlər nazirliyi səviyyəsində bəyan etmişdi ki, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Amma BMT-də başqa bir mövqe nümayiş etdirdi. Bitərəf qaldı. Qazaxıstan Ukraynanın ərazi bütövlüyünün əleyhinə oldu. Ermənistan və Belorus kimi. Moldovanı ümumiyyətlə gördüm deyən olmadı. Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü müdafiə etməklə, əslində öz dövləti kişiliyini, beynəlxalq mərdliyini nümayiş etdirdi. Bax elə buna görə də Azərbaycanın siyasi əhval-ruhiyyəsini müəyyənləşdirən qüvvələrdən tələb edilməlidir ki, onlar da öz mövqelərini dəqiqləşdirsinlər. Məsələn, şəxs, ya da partiya çıxıb desin ki, o Azərbaycanın istiqlalını, dövlətin müstəqillik kursunu dəstəkləyir, dövlətin yanındadır. Qoy camaat da görsün ki kim milli qüvvədir, kim antimilli. Antimilli qüvvələrlə məşğul olmaq isə müvafiq qurumların işidir. Milli Təhlükəsizlik, Daxili ilşər nazirliklərinin. Vəssəlam. Bu gün əsl hesab vaxtıdır.

Vəziyyət çox həssasdır, hansısa məhəllənin sökülməsi zəminində mitinq, adicə sosial narazılıq fonunda aksiyalar təşkil etmək istəyən qüvvələrin başqa vaxt sıradan biri olan əməli bu gün antidövlət səciyyəli hərəkət kimi görünə bilir. Müstəqilliyin dönməz və əbədi olması barədə şüarların əməllə təsdiqinin zamanıdır. Prezident şəxsən bunu edir.

Bir halda ki, dövlətin birinci şəxsi bu nümunəni göstərir, qorxmur, onda xof hardandır, kim yayır onu?

Cənablar! Bəlkə, bir az sakitləşək?!

Bizimlə hər şey qaydasındadır. Nə Rusiya göründüyü qədər dəhşətlidir, nə Azərbaycan zənn edildiyi qədər zəif, nə də Ermənistan haqlı. Bir də ki, mən başa düşmürəm, biz nə üçün Ukrayanadan Krımı almış Rusiyaya baxıb, özümüzü Ukraynanın yerinə qoymalı, acizliyimizin qabağına getməliyik. Bəlkə özümüzü Rusiyanın yerinə oyaq və bizə göstərilmiş nümunədən bəhrələnək? Bir halda ki, Rusiya özünün olanı heç vaxt satmadağını və satmayacağını bəyan edir. Bu əhdinə də sadiq qalır. Özü də indi yox a, bir zamanlar onunku olmuşu bütün qanunlar onun əleyhinə olsa da geri qaytarır, bəs biz niyə bütün beynəlxalq qanunların bizim tərəfimizdə olduğunu bilə - bilə özümüzünkünü - Qarabağı almayaq. Kim deyib ki, Rusiya Qarabağa girəcək, doğrudanmı Vladimir Jirinovskinin ruhi xəstə bəyanatları Azərbaycan xalqını qorxutmağa kifayət edir?

Bəs qan tökməyə cümlə qadiriz hökmü? O məgər yalnız Azərbycan qadınlarının ayda bir dəfə həyata keçirdiyi təbii aksiya ilə bağlı qüvvədədir? Bəs kişilərin kritik günü olmur? Olur qardaşlar. Dövlətin vətənə çevrilən, qorunmağa amadə günü. Burda axı heç qorxmağa səbəb də yoxdur.

Axı bizi də anamız ehtiyyatsızlıqdan doğmayıb. Ehtiyyat üçün doğub. Düşmən çəpəri kimi! (anspress)