01:28
(077) 610-22-33

31 Mart qurbanları Nərimanovda anıldı- FOTOLAR

  • >
849 31 Mart 2014 13:15 | Cəmiyyət

Nərimanov Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb.

XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılıb.

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbirdə qeyd edilib ki, 1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam edib. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində dəhşətləri ilə yadda qalan soyqırımı cinayətləri həyata keçiriblər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirlib, evlərini talan edib, on minlərlə insanı yurd-yuvasından didərgin salıblar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülüb, Şamaxı qəzasının 58 kəndi yandırılıb, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilib, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilib.

Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalıblar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılıb, əhaliyə qəddarcasına divan tutulub. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılıb və yandırılıb. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılıb, 132 min azərbaycanlı məhv edilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Tədbirdə Azərbaycan dövlətinin xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş apardığı, bu mənada qarşıda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarət olduğu nəzərə çatdırılıb və tezliklə dünya birliyinin ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcəyi və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəyinə əminlik ifadə olunub.

AzNews.az
Bağla X