“... Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığı verilə bilər” - XİN

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin AzNews.az-a müsahibəsi:

- Elman müəllim, hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları necə qiymətləndirirsiz?

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensiv şəkildə aparılır. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Biz mövqeyimizi beynəlxalq ictimaiyyətə də dəfələrlə bildirmişik. Danışıqlar əsnasında Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpası durur. İlk növbədə Ermənistanın Silahlı Qüvvələri DQ tərk etməlidir. Azərbaycan dəfələrlə hərtərəfli sülh sazişinin bağlanmasını təklif edib və hətta bu təklifi irəli sürübdür. Ermənistan işğal faktorundan əl çəkməlidir. Mahiyyət üzrə aparılan danışıqların əsas başlıca maneə olan işğal faktoru aradan qaldırılmalıdır. Bizim yanaşmamız bundan ibarətdir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan hələdə konstruktiv yanaşma nümayiş etdirmir və biz bunu görmürük.

Hesab edirik ki, bunun nümayiş etdirilməməsinə də birmənalı şəkildə beynəlxalq ictimaiyyət öz təsirini göstərməlidir. Beynəlxalq ictimaiyyətin təsiri olmayınca təbii ki, Ermənistan özünü cəzalandırılmamış kimi hiss edir. Çünki Ermənistan bu gün beynəlxalq hüquq normaları prinsiplərinə hörmətsizlik nümayiş etdirən bir tərəfdir. Beynəlxalq ictimaiyyət də buna birmənalı şəkildə də öz reaksiyasını verməlidir.

-Bir müddət öncə Azərbaycan XİN olaraq ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikini sosial şəbəkələrdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmağa çağırmışdınız. Hazırda Amerikalı həmsədrin çıxışlarında fərq varmı?

- Bilirsiz ki, DQ münaqişəsinin həlli ilə bağlı danışıqlar prossesi həssas bir məsələdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi var. Bu qətnamələr qəbuluna digər ölkələr kimi ABŞ-da iştirak edib. Sözü gedən ölkə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində münaqişənin həllini istəyib. Belə olan halda bu ölkələr Ermənistanı sülhə məcbur etməlidir. Hazırda Ermənistan beynəlxalq hüquq və norma prinsiplərini pozmaqda davam etdirir. Bu ölkə cəzalandırmadığına görə də danışıqlar prossesində qeyri-konstruktiv yanaşmasını davam etdirir. Ona görə də həmsədrlər bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki həmsədrlərin başlıca prinsipləri ədaləti bərpa etməsidir. Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur olunmasıdır. Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Son vaxtlar Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xoşagəlməz fikrinə rast gəlinmir.

- Gələn ay Azərbaycan Ermənistan XİN rəhbərlərinin Moskvada görüşü nəzərdə tutulurmu?

- Ola bilər. Lakin görüşün baş tutması ilə bağlı konkret məlumat yoxdur. Olan kimi ictimaiyyətə məlumat veriləcək.

-Məlum olduğu kimi millət vəkili AzNews.az vasitəsi ilə yeni təkliflə çıxış edib. O, deyib ki, Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə yenidən baxılmalıdır. Bu təklifə münasibıtiniz necədir?

- Erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın tarixi və əzəli torpağıdır. Beynəlxalq ictimaiyyət də Azərbaycanın əraziləri kimi qəbul edir. Təbii ki, Azərbaycan torpağında yaşayan insanlarda ölkəmizin vətəndaşlarıdır. Ona görə də Dağlıq Qarabağda yaşayan ermənilər istədikləri vaxt ölkəmizə vətəndaşlıq üçün müraciət edə bilər və bu məsələyə dərhal baxılacaq. Bu gün Azərbaycanda 30 mindən çox erməni yaşayır və hər bir ölkə vətəndaşı kimi onların da hüquqları qorunur. Hər halda hazırda Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycanı seçdiyi halda onlara da dərhal vətəndaşlıq verilməsi məsələsinə baxılacaq.

Amid Əyyuboğlu
AzNews.az