“İsa Muğannanın vəfatı böyük itkidir“- Anar

AYB sədri Azərbaycanın görkəmli Xalq yazıçısı İsa Muğannanın vəfat etməsi ilə bağlı açıqlama yayıb.

AYB-nin saytında bildirilir ki, AYB sədri açıqlamasında İsa Hüseynovu öz ustadı hesab etdiyini və onun ölümünün ədəbiyyat üçün çox böyük itki olduğunu bildirib:

"İsa Hüseyeynovun vəfatı ədəbiyyatımız üçün çox böyük itkidir... Şəxsən mənim üçün çox böyük itkidir... Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım. O, Azərbaycanda yeni nəsrin yaradıcılarından və öncüllərindən biri idi. Hər kəsin örnək saydığı bir yazıçı idi. İnsan kimi də son dərəcə nəcib, saf və gözütox bir insan idi. Onun xatirəsi mənim üçün hər zaman əziz olacaq. Mən İsanın yaradıcılığı haqqında bir neçə iri məqalə yazmışam. Bu kədərli gündə isə qısa da olsa öz hisslərimizi bildirməyə ehtiyac duyuram."

Qeyd edək ki, İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.

AzNews.az