Fəxri Xiyabanda kimlər dəfn olunur? - QAYDA

Xəbər verdiyimiz kimi bu gün xalq yazıçısı İsa Muğanna 86 yaşında dünyasını dəyişib. Yazıçı gecədən dünyasını dəyişsə də, bu gün günorta saatlarına qədər onun Fəxri Xiyabanda, yoxsa anadan olduğu Ağstafa rayonunda dəfn olunacağı müəmmalı olaraq qalırdı.

Ümumiyyətlə, son dövrlərdə tanınmış adamların dəfni ilə bağlı mübahisəli məqamlar ortaya çıxır. Kimlərin Fəxri Xiyabanda dəfn edilməsində fərdi yanaşmanın olması fikri hakim kəsilməyə başlayıb. Buna misal kimi Xalq yazıçısı Sabir Əhmədovun Fəxri Xiyabanda dəfninə icazə verilməməsi göstərilir. Elə buna görə də, İsa Muğannanın Fəxri Xiyabanda dəfn olunub-olunmamsı günün sonuna qədər sual olaraq qalırdı.

AzNews.az kimlərin Fəxri Xiyabanda dəfn olunması qaydası ilə bağlı maraqlanıb.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovun sözlərinə görə, kimlərin Fəxri Xiyabanda dəfn olunması məlum məsələdir. Onun sözlərinə görə, hətta kimin I Fəxri Xiyabanda, kimin II Fəxri Xiyabanda dəfn olunması qaydası da var: "I Fəxri Xiyabanda sovet dövründə və müstəqillik illərində yüksək vəzifə tutmuş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olmuş şəxslər, həmçinin dövlət başçıları, parlament sədrləri, deputatlar, II Fəxri Xiyabanda isə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri dəfn olunurlar".

Qeyd edək ki, Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılıb.

Fəxri Xiyabanda dəfn olunanlar, əsasən Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlardır.

Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, yüksək vəzifəli partiya işçilərinin də bir qismi Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin, dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da var.


İntiqam Valehoğlu
AzNews.az