18:00
(077) 610-22-33

Həkim savadsızlığının qurbanı olan uşağın anası: “Ümidimi prezidentə bağlamışam“

  • >
2 665 1 Aprel 2014 15:17 | Cəmiyyət

Aprelin 1-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutununda Kərimova Şəhla övladının həkimin səhv müalicəsinin nəticəsində ağır xəstələnməsi və Səhiyyə Nazirliyin bu məsələyə biganə yanaşması ilə bağlı mətbuat konfransı keçirib.

Tədbirdə ilk olaraq, vəkil Elçin Namazov çıxış edib. O, bildirib ki, həkimin səhv müalicəsi nəticəsində azyaşlı bir uşağın gələcəyi məhv olub: "2011-ci il avqustun 8-də valideyinləri Şəhriyar Əliyevi Nəsimi rayonu 3 saylı uşaq poliklinikasına aparıblar. 3 saylı uşaq poliklinikasının həkimi Fəryal Əliyeva Ş.Əliyevi müayinə edib. Müayinədən sonra F.Əliyeva deyib ki, uşağın soyuqlaması var. Sahə həkimi bildirib ki, 4 gün içində uşağa 8 ampula antibiotik vurulmalıdır. Bu isə 12-13 yaşından kiçik olan uşaqlar üçün istifadəsi qadağandır. Valideyinlər də həmin dərmanları alıblar. Dərmanlar uşağa vurulduqdan sonra bu, onda şok effekti yaradıb. Valideyinlər ilk öncə nələrin baş verdiyini anlamayıblar. Bakının demək olar ki, bütün xəstəxanalarına müraciət ediblər. Həm dövlət, həm də özəl... Heç bir yerdə çarə tapılmır. Sonradan valideyinlər uşağı İrana aparıblar. Orada bir çox müayinədən sonra xəstəliyin səbəbi aydın olur. Oradakı həkimlər deyirlər ki, 3 saylı uşaq poliklinikasının həkimi Fəryal Əliyevanın səhv verdiyi dərman ucbatından Ş.Əliyevin dalağında zədə əmələ gəlib. Bu isə sağalması çətin olan xəstəlik əmələ gətirib".

"Uşağın müalicəsi yalnız Danimarkada mümkündür"

Elçin Namazov onu da qeyd etdi ki, Ş.Əliyevin müalicəsi yalnız Danimarkada mümkündür: "Körpənin müalicəsi Azərbaycanda mümkün deyil. Ona görə də Ş.Əliyevin valideyinləri bu xəbəri öyrəndikdən sonra bir çox ölkələrdə olan xəstəxanalara müraciət ediblər. Aydın olub ki, Ş.Əliyevin müalicəsi yalnız Danimarkada mümkündür. Bunun da qiyməti 250 min avrodur. Onsuz da bu müddət ərzində çəkilən xərclərə görə evlərini satan valideyinlərin bu pulu vermələri mümkün deyil. Ş.Əliyevin hər dəqiqəsi onun ömründən aylar, bəlkə də illər aparır".

"Səhiyyə Nazirliyi məsələyə laqeyd yanaşır"

E.Namazov öz çıxışında Səhiyyə Nazirliyinin bu işə laqeyid yanaşdığını da vurğuladı: "Məsələ burasındadır ki, Səhiyyə Nazirliyi bu işə çox laqeyid yanaşır. Bu uşağın bu hala düşməsinin səbəbkarı onlardır. Həkimin savadsızlığı və ya səhlənkarlığı ucbatından azyaşlı bir uşaq dünyasını dəyişə bilər. Onlar bu işlə ciddi maraqlanmaq əvəzinə müraciətlərimizə cavab vermirdilər. Mətbuatda yazılar çıxdıqdan sonra bizimlə görüşdülər. Çox çətinliklə də olsa, biz Səhiyyə Nazirliyindən rəsmi sənəd ala bildik ki, Ş.Əliyevin bu hala düşməsinin səbəbkarı həkimdir. Bundan sonra müalicəni səhv aparan həkimə şiddətli töhmət verilib, xəstəxananın baş həkiminə isə xəbərdarlıq edilib. Bunun bizə nə xeyir var? Körpənin həyatının xilas olması, kimlərəsə təhmət verməkdən asılı deyil. Maddi cəhətdən yardım etsinlər. Səbəb nədir, nə üçün laqeyid yanaşırlar? Pullarımı yoxdur? Necə olur ki, bir asfalt yol çəkib, sonra onu dağıdırlar və yenidən çəkib, milyonlar yeyirlər. Amma bir uşağın həyatını xilas edə bilmirlər? Biz onsuz da Səhiyyə Nazirliyini məhkəməyə vermişik. Haqqımızı tələb edəcəyik. Burada körpə bir uşağın taleyindən söz gedir. Buna göz yummaq olmaz"

"İnsanın balasının hər gün gözünün önündə əriməsi dəhşətdir"

Ş.Əliyevin anası Şəhla Əliyeva deyir ki, ümidini bir tək Allaha, bir də İlham Əliyevə bağlayıb: "Bütün əziyyətlərimizdən sonra evə Səhiyyə Nazirliyindən nümayəndə gəlmişdi. Amma bunun da heç bir şeyə xeyri olmadı. Çünki onlar açıq-aşkar bizə dedilər ki, bu məsələyə baxılmayacaq. Bizə dedilər ki, uşağın sənədləri üçün gəlmişik. Onlardan soruşduq ki, bunun bir xeyri olacaqmı, müalicəsi üçün yardım ediləcəklərmi? Cavab olaraq dedilər ki, özünüzü çox da yormayın. Böyük ehtimalla baxan olmayacaq. Biz də dedik ki, əgər elədirsə, onda nə üçün bura qədər özünüzü yorurdunuz. Sonra da yalandan deyəcəksiniz ki, getdik və baxdıq".

"9 yaşına kimi müalicə olunsa, uşaq tam sağalacaq"

Şəhla Əliyeva onu da qeyd etdi ki, əgər 9 yaşına kimi müalicə olunsa, uşaq tam sağalacaq: "Hemotologiya və Transfiziologiya İnstitutunun kliniki dioqnostika laborotoriyasında uşağın sümüklərindən götürülən nümunələr və qan biokimyəvi analiz edildi. Və məlum oldu ki, uşağın sümüyündə "Nemman-pik" hüceyrələri aşkar edilib. Ondan sonra bizə bildirdilər ki, bu xəstəlik dünyada nadir hallarda yayılan xəstəlikdir. Bu xəstəliyə milyon adamdan yalnız biri tutulur. Həkimlər deyirlər ki, uşağın dalağı həddindən artıq böyüdüyünə görə, onun müalicəsi yalnız Danimarkada mümkündür. Lakin bizim buna maddi imkanımız çatmır. Artıq 3-cü ildir ki, övladım bu dəhşətli xəstəlikdən əziyyət çəkir. İnsanın balasının hər gün gözünün önündə əriməsi dəhşətdir. Həkimlər deyir ki, əgər 9 yaşına kimi müalicə olunsa, uşaq tam sağalacaq. Mən prezidentdən xahiş edirəm ki, səsimizi eşitsin. Ümidimi bir tək Allaha, bir də İlham Əliyevə bağlamışam. Bir ananın övlad acısı çəkməsinə imkan verməsin. Bu vəsaitin toplanması, övladımın müalicə olunması üçün bizə kömək etsin".(musavat.com)





Bağla X