Bu gündən məhsulların üzərindəki “halal“ sözü yığışdırılacaq

Bu gündən ölkədə daha bir yeni standart qüvvəyə minir. Bu "Halal qida. Ümumi tələblər" adlı dövlət standartıdır. Yeni tələblər kolbasa, sosiska və digər ət məhsullarına aiddir.

Artıq bu gündən bu standarta cavab verməyən məhsulların üzərindəki "halal" sözü yığışdırılacaq. Standartlaşdirma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarI artıq bu gün səhərdən kolbasa və digər ət məhsullarının satış və istehsal müəssisələrində reydlərə başlayıblar.

Əsas məqsəd üzərində "halal" yazılan kolbasa və sosiskaların dövriyyədən çıxarılmasıdır. Komitədən bildirirlər ki, əslində sahibkarlara hələ yanvar ayından vaxt verilib ki, "halal" sözünü məhsulların üzərindən çıxarsınlar. Çünki hələ ölkədə bu standarta uyğunluğu təsdiqlənən məhsul yoxdur. Həqiqətən də halal standartına uyğun məhsul istehsal edən iş adamları isə komitəyə müraciət edib sertifikat ala bilərlər. Artıq ilk müraciətlər olsa da, hələ ki sertifikat alan yoxdur.(ANS)