Keçmiş şöbə müdirindən Bəxtiyar Sadıqova ağır - İttihamlar

"Azərbaycan" qəzetinin siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli bir sıra mətbu orqanlarda haqqında yazılan yazılara münasibət bildirimişdi.


O, bununla bağlı Publika.az-a açıqlama verərək bu yazının müəllifinin "Azərbaycan" qəzetinin sabiq şöbə müdiri Xalid Niyazov olduğunu demişdi: "Mən nə isə səhv bir yolda olsaydım və yaxud da orada yazılanlar doğru olsaydı, o zaman açıqlama verib özümü sığortalayardım.Amma onu yazan adam bu qəzetdə "maşennik" olduğuna görə qovulan, qəzetin adından istifadə edib insanlara 500 min manat pul atan bir gədədir. İndi mən durub ona əhəmiyyət verim? Söhbət Xalid Niyazovdan gedir".

İxtiyar Hüseyinli açıqlamasının yayılmasından bir neçə saat sonra bütün redaksiyalarla əlaqə saxlayaraq fikirləri təkzib etmiş və belə bir açıqlama vermədiyini bildirmişdi. Saytlarda həmin bu yazını silmişdilər.


İxtiyar Hüseyinli açıqlamasını təkzib etməsinə baxmayaraq, Xalid Niyazov yazıda haqqında deyilənlərə cavab verib. "Qafqazinfo" həmin açıqlamanı təqdim edir:

"Dəyərli həmkarlarım!

Təəssüf edirəm ki, ictimaiyyət arasında peşəkar səviyyəsinə görə haqlı rəğbət qazanmış bir media quruluşunun səhifəsində barəmdə yoxlanılmamış məlumat gedib.

Əslində, buna məlumat demək də mümkün deyildir; həmin açıqlamada başdan-ayağa şər və böhtan, şəxsiyyəti alçaldan tərbiyəsiz ifadələr yer alıb. Və bəri başdan bildirirəm ki, haqqımda söylənənlər Cinayət Məcəlləsinin konkret maddəsi ilə cinayət tərkibi yaratdığı üçün dərhal aidiyyətli orqanlara müraciət edəcəyəm.

Əgər İxtiyar Hüseynli adlı bir adam haqqında haradasa, hansı çap yaxud elektron resursdasa böhtan xarakterli, həqiqətə uyğun gəlməyən fikirlər yer alıbsa, biz hüquqi dövlətdə yaşayırıq, buyurub məhkəməyə müraciət etsin. Hətta müəllifliyin, iddia edildiyi kimi, mənə aid olduğu təqdirdə belə məhkəmə çəkişməsinin predmetini deyilənlərin həqiqətə uyğun olub-olmadığı təşkil edəcəkdir.

Yazılanlar barədə: Əvvəla, mən qəzetdən İ.Hüseynlinin ifadə etdiyi səbəblərə görə deyil, dövlət quruculuğu şöbəsinin redaktoru kimi həmin şöbənin ləğvi (-?!) ilə bağlı getmişəm. Səbəb kimi İ.Hüseynlinin iddia etdiyi məqam cinayət məsuliyyəti və məhkəmə perspektivi yaradan haldır və bunu ən azı rəsmi şəkildə sübut etməli olacaqlar. Özü də baş redaktora yazdığım ərizədə şöbənin ləğvi təşəbbüsünün B.Sadıqovun məhz dövlətçiliyə və Prezidentin yeritdiyi dövlətçilik siyasətinə münasibətini ortaya qoyduğunu göstərmişəm.

İkincisi, mətbuat ictimaiyyəti bu ailədə kimin kim olduğunu çox gözəl bilir. Hamı hər kəsin nə ilə nəfəs aldığından halidir. Üç onilliyə yaxınlaşan fəaliyyətim dövründə təmasda olduğum bir vəzifə sahibi belə deyə bilməz ki, haçansa, hətta yazdığım bir yazıya görəsə də kimdənsə umacağım olub. Əsla! Ancaq sufi həyat tərzi də keçirməmişəm; hər şeyin bir yolu, ərkanı var.

Qəzetdə işlədiyim dövrdə kimdənsə 500 min manat almağımdan bəhs olunur. Kifayət qədər ağır və ciddi ittihamdır. Yəqin ki, həmin adamı tapıb məhkəməyə gətirməli olacaqlar. Əgər sıravi şöbə redaktoru belə bir məbləğ ala bilirsə, onda gör 8-9 şöbənin olduğu qəzetin baş redaktoru nələr əldə edib?

Nəhayət, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adının çəkilməsi məqamı barədə. Anlamadım, yəni məni hörmətli akademikləmi qorxudurlar? Görün hirs-hikkə bu adamların ağlını nə qədər dumanlandırıb ki, "tin razborkası"ndaymışlar kimi ad çəkirlər. Görəsən, hörmətli akademikin bu "özfəaliyyətdən" xəbəri varmı?

Mən bütün şüurlu fəaliyyətim boyu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik xəttinə xidmət etmiş qatı Əliyevçi, dövlətçi biriyəm. Hacı kimi Göydə Allahımı, vətəndaş kimi Yerdə Prezidentimi tanıyır və onların iradəsinin üzərində iradə görmürəm. Görün bu adamlar məsuliyyət hissini nə qədər itiriblər ki, adi bir söz münaqişəsinə dövlətin az qala "ikinci" şəxsinin adını qatırlar.

Yeri gəlmişkən: Ulu öndər Heydər Əliyevin 2001-ci il iyulun 16-da ölkənin KİV rəhbərləri ilə görüşündə səsləndirdiyi bir fikir yadıma düşdü: "... Bəzi insanlar bu qəzetləri (müxalifyönlü - !) oxuyurlar. Nə üçün? Çünki görsün ki, özü haqqında bir şey yazıblar, ya yox... Soruşuram ki, sən mənim haqqımda neçə dəfə yazıldığını oxumusan, bu səni narahat etmir? Axı, mən prezidentəm, sənə böyük etimad göstərərək bu və ya digər vəzifəyə təyin etmişəm. Nə üçün mənim haqqımda yazılanlara münasibət bildirmirsən, özün barəsində yazılanlara isə reaksiya verirsən?" Peyğəmbəranə kəlmələrdir.

İndi ulu öndərin sözü olmasın, əgər belə Ramiz Mehdiyev sevənsinizsə, nəyə görə səhifə-səhifə yazılarını verdiyiniz Elşad Abdullayev kimi şərəfsizin biri ona şər-böhtan atanda sinənizi qabağa verib lap elə başqa qəzetdəsə, lap elə başqa imzaynansa üçcə kəlmə yazmadınız? Özünüzlə bağlı isə səsiniz az qala gedib Avropa Şurasına çıxır.

Böyük Nəsimi necə də yerində deyib: "Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar...""

AzNews.az