15:18
(077) 610-22-33

Ekologiya ilə bağlı qadağalar təsdiqləndi

  • >
542 4 Aprel 2014 11:53 | Cəmiyyət

Bu gün Milli Məclisin iclasında "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər təsdiq edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, qanunun 10-cu maddəsinin 4-cü hissəs ləğv edilib və qanuna yeni maddə əlavə edilib.
Dəyişikliklərə əsasən, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətini tənzimləyən rejimi tətbiq edilir.

Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutulur.

Bundan əlavə, xüsusi mühafizəni təmin etmək üçün xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir.
Qanuna əlavə edilən 10-1-ci maddəyə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.

Bu maddəyə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafə müəyyən edilir.
Müzakirələrdən sonra əlavə və dəyişikliklər səsə qoyularaq təsdiq edilib.

AzNews.az
Bağla X