20:27
(077) 610-22-33

Ədliyyə Nazirliyi istintaq təcridxanasında araşdırma apardı – Təkzibə təkzib

  • >
1 217 5 Aprel 2014 12:00 | Cəmiyyət

"Azərbaycan həbsxanasında görünməmiş vəhşilik" adlı AzNews.az-da bu ilin martının 27-də gedən xəbərə reaksiya verilib. Bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən AzNews.az-a ünvanlanan məktubda bildirilib ki, adıçəkilən qurum bununla bağlı xüsusi araşdırma aparıb: "27.03.2014-cü il tarixdə 15:48-də internet səhifənizdə yerləşdirdiyiniz "Azərbaycan həbsxanasında görünməmiş vəhşilik" başlıqlı məlumatla bağlı bildiririk ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq təcridxanasında 1966-cı il təvəllüdlü Şahin İsmayılov adlı şəxs heç vaxt saxlanılmayıb. Həmin müəssisədə 2010-2011-ci illər ərzində həbs olunmuş şəxs qismində saxlanılmış Şahin İsmayılov 1982-ci il təvəllüdlüdür. Həmin şəxsdə isə şəkərli diabet xəstəliyi olmayıb. Məlumatla bağlı 1982-ci il təvəllüdlü Şahin İsmayılov hal-hazırda saxlanıldığı digər müəssisədə təkrarən müayinədən keçirilib və qanda şəkərin səviyyəsi norma civarında olub.
Eyni zamanda bildiririk ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin, o cümlədən şəkərli diabeti olanların səhhəti həkim nəzarətindədir. Onlar tələb olunan tibbi yardım və pəhriz qidaları ilə təmin edilirlər".

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin bu açıqlaması ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, qeyd olunan xəbərin müəllifi Elçin Behbudovla əlaqə saxladıq. Hüquq müdafiəçisi AzNews.az-a bildirdi ki, Ədliyyə Nazirliyi belə məsələlərlə bağlı daim bu tipli açıqlamalar verir:

"Mən həmin şəxsin yaxınlarının bizim quruma rəsmi müraciətindən sonra məsələ ilə maraqlanmışam. Buna görə də həmin təcridxananın və Penitensiar Xidmətin rəhbərliyinə müraciət ünvanlamışam. Lazım gələrsə həmin müraciəti təqdim etməyə hazıram".

Qeyd edək ki, sözü güdən yazıda Elçin Behbudov AzNews.az-a açıqlamasında bildirmişdi ki, Penitensiar Xidmətin Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan şəkər xəstəsinə dərman verilmir:

"Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında saxlanılan 1966-cı il təvəllüdlü Şahin İsmailov şəkər xəstəliyindən əziyyət çəkir, ona lazımi dərmanlar verilmədiyindən vəziyyəti ağırlaşıb. Onun yaxınları tərəfindən bizim təşkilata müraciət olunub. Müraciətdə deyilir ki, Şahin İsmailov ağır şəkər xəstəsidir və dəfələrlə müraciət etmələrinə baxmayaraq, ona lazım olan dərman verilmir. Xəstə hamının gözü qarşısında ölümə doğru gedir".

AzNews.az
Bağla X