04:42
(077) 610-22-33

Ai-95 satışdan niyə çıxarıldı?- SƏBƏB

  • >
1 107 5 Aprel 2014 17:21 | Cəmiyyət

Ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Ai-95 markalı avtomobil benzininin satışdan çıxarılmasının səbəbi məlum olub.

"Qafqazinfo"nun məlumatına görə, "Azpetrol" MMC-dən "APA-Economics"ə bildirilib ki, ehtiyat çənlərindəki Ai-95 markalı benzin qurtardıqdan sonra bu markalı benzinin ölkədə satışı tamamilə dayandırılacaq.

Hazırda məntəqələrdə "Premium Avro-95" markalı benzinin satışına başlanılıb. 1 litrinin qiyməti 93 qəpik olan "Premium Avro-95" markalı benzin xaricdən gətirilir. Ölkəyə xaricdən gətirilən digər benzin markası isə Ai-98-dir. Ai-98 markalı benzinin qiyməti bu günlərdə 1 manat 50 qəpikdən 1 manat 3 qəpiyə endirilib.

Qeyd edək ki, "Premium Avro-95" və Ai-98 markalı benzin növləri ölkəyə ayrı-ayrı sahibkarlar tərəfindən gətirilir və qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Məsələ ilə bağlı Dövlət Neft Şirkətindən "APA-Economics"ə bildirilib ki, Azərbaycan Ai-92 markalı avtomobil benzininin istehsalını davam etdirəcək, Ai-95 markalı avtomobil benzininin istehsalı isə dayandırılır: "Satışa çıxarılan "Premium Avro-95" markalı benzin xaricdən idxal ediləcək. Benzinə olan tələbat ilbəil artır. Neft emalı zavodlarında benzin istehsalı tələbatı ödəyə bilmir. Çünki hazırda ölkədəki müəssisələr bu keyfiyyətdə yanacaq istehsal etmək gücündə deyil, bu standartlar da qəbul edilməyib. Odur ki, Azərbaycanda Ai-95 benzininin istehsalı dayandırılır", - deyə şirkətdən bildirilib.

Şirkətdən həmçinin əlavə ediblər ki, Neft-qaz emalı və Neft-kimya Kompleksinin inşası layihəsi çərçivəsində bu müəssisənin gələcək fəaliyyətinin təmin edilməsi üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartların hazırlanmasına başlayıb.

"Bu istiqamətdə təxminən 1 000-ə yaxın standart qəbul olunacaq. Həmçinin texniki komitələr yaradılacaq. 2023-2025-ci illərdə isə Neft-qaz emalı və Neft-kimya Kompleksində Ai-95 və Ai-98 markalı avtomobil benzini istehsal və ixrac etmək mümkün olacağı ehtimal edilir. Buna qədər isə respublikanın tələbatını təmin etməkdən ötrü öz Neft Emalı zavodlarımızda benzin istehsalının gücünü artırmaqla bağlı işlər görəcəyik. Buraxılan yanacağın keyfiyyətinin Avro-4 standartlarınadək yüksəldilməsi üzərində də işləyirik", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rüsumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.

Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.

Xatırladaq ki, Azərbaycanda neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə satış qiyməti artıb.

Belə ki, Ai-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Ai-92 və Ai-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Buna qədər isə 1 litr Ai-95 markalı benzinin qiyməti 60 qəpik, Ai-92 və Ai-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edirdi. Azərbaycanda buna qədər yanacağın qiyməti 2007-ci ildə dəyişmişdi.

Azərbaycanda neft məhsulları Bakının iki Neft Emalı Zavodunun bazasında istehsal edilir.

Hər iki zavodun birgə gücü ildə 16 mln. ton neft təşkil edir.


AzNews.az
Bağla X