Meyvənin qiyməti kəskin artacaq - Ekspertin təhlili

Mart ayının sonlarından başlayaraq temperaturun kəskin şəkildə aşağı düşməsi Azərbaycanda kənd təsərrüfatına ciddi şəkildə ziyan vurdu desək, yəqin ki, yanılmarıq. Dolayısıyla bu o anlama gəlir ki, yay aylarında meyvə-tərəvəz bazarda qiymətlər arzuolunan səviyyədə olmayacaq.

Ümumiyyətlə hava şəraitinin kəskin şəkildə sərtləşməsi kənd təsərrüfatına konkret olaraq hansı formada ziyan vurub?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzNews.az-a açıqlamasında mövcud durumu təhlil edib. Ekspert bildirib ki, bu ərəfədə bütün gücünü generativ orqanların formalaşması üçün istifadə etdiyindən çox həssas olur: "Bəzi bölgələrdə havanın tempraturu mənfi 7 dərəcəyə qədər düşmüşdü. Bu ərəfədə çəyirdəkli meyvələrdə çiçəklənmə və mayalanma prosesi gedir. Havanın şaxtalı keçməsi çəyirdəkli və xüsusən də çiçəkləmiş bitkilərin çiçəklərini dondurur. Belə olan halda mayalanma prosesi gedə bilməz. Bu isə o deməkdir ki, bitkilərin məhsuldarlığı ciddi şəkildə aşağı düşəcək".

Ekspert deyir ki, tempratur aşağı düşdüyü ərəfədə bəzi bölgələrdə meyvələrin mayalanma dövrü başa çatmışdı. Bəzi bölgələrdə isə çiçəklənmə prosesi gedirdi. V.Məhərrəmli hesab edir ki, sadalananlar bazara təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə yay aylarında bazarda ərik, alça, gilas, şaftalı kimi çəyirdəkli meyvələrin qiymətində artım müşahidə olunacaq. Ekspertin sözlərinə görə, əgər Azərbaycanın meyvə idxal etdiyi qonşu ölkələrdə-İran, Türkiyə, Gürcüstanda da eyni hava şəraiti müşahidə olunsa, kəskin qiymət artımı baş verəcək. V.Məhərrəmli fermerlərə məsləhət olaraq bildirir ki, belə məqamlarda lazımı aqrotexniki qaydalara riayət olunsa, itkini minimuma endirmək olar:
"Bağların. təsərrüfatların ətrafında qoruyucu meşə zolağı salınmalıdır. Sovet dövründə belə qoruyucu zolaqlar var idi. Sonradan dağıdıldı, yanacaq kimi istifadə edildi. Bu, şaxtalı küləyin təsirini azaldır. İkincisi, bağlarda, təsərrüfatlarda qurumuş ağacların üzərinə yaş ot töküb yandırmaq lazımdır. Yaş otdan istifadənin məqsədi tüstünün daha çox olmasıdır. Tüstü şaxtanın ağaca göstərəcəyi təsiri minimuma endirir. Bir də tüstü "şaşka"larından istifadə etmək oar. Bu metod Rusiyada daha geniş tətbiq edilir".

Qeyd edək ki, mütəxəssisin məsləhət bildiyi aqrotexniki metodlar mənfi iki dərəcəyə kimi olan hava şəraiti üçün keçərlidir.

İntiqam Valehoğlu
AzNews.az