İstefa verən polis rəisi xəstəxanaya yerləşdirildi - Eksklüziv

Bir neçə gün öncə Şamaxı Rayon Polis Şöbəsinin rəisi, polkovnik Şahmar Paşayevin istefa verməsi ilə bağlı məlumat vermişdik.

Bildirmişdik ki, bu istefa rəisin səhhətində yaranan problemlərlə bağlı olub. Bu gün isə Şahmar Paşayevin başqa səbəblərə görə işdən azad olunması xəbəri yayılıb. Bildirilir ki, Şahmar Paşayevlə müavinlərindən biri arasında konflikt varmış. Məsələ Ramil Usubova qədər gedib çıxıb. Daxili İşlər naziri hər iki şəxsi qəbul edib və onları dinləyib. Nazir həqiqəti üzə çıxarmaq üçün şahid də çağırıb. Şahidin söylədikləri Şahmar Paşayevin əleyhinə olub. Yəni, o bu konfliktdə haqsız çıxıb. Bundan sonra Şahmar Paşayev işdən çıxmaq barədə raport yazıb.

Məsələni dəqiqləşdirmək üçün AzNews.az-ın əməkdaşı Şahmar Paşayevə zəng edib. Onun telefonunu isə özü deyil, oğlu Tural Paşayev açıb.

O, atasının hazırda Türkiyədə müalicə olunduğunu deyib: "Atam Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında müayinə olunur və müalicə alır. Şükür Allaha ki, vəziyyəti düzəlib, amma hələ bir müddət orada qalacaq".

T.Paşayev atasının işdən hansısa konfliktə görə deyil, məhz səhhəti ilə bağlı getdiyini bildirib: "Bizim heç kiminlə problemimiz yoxdur. Atam neçə illərdir bu sistemdə çalışır. Yayılan məlumatlar şayiədən başqa bir şey deyil. O, bütün həmkarları ilə münasibətlərini həmişə yüksək saxlayıb. Nazirinə də həmişə sədaqətli olub. Münasibətləri indi də yüksək səviyyədədir. Atam işdən çıxıb, amma qardaşım Daxili İşlər orqanlarında xidmətini davam etdirir. Yəni, heç bir narazılıqdan söhbət gedə bilməz". T.Paşayev qardaşına vəzifə verilməsi barədə yayılan məlumata da münasibət bildirib: "Bu da yalan məlumatdır. O, əvvəlki yerində işləyir".

Qeyd edək ki, Tural Paşayev Fövqəladə Hallar Nazirliyində İdarə rəisidir, polkovnik-leytenantdır.

AzNews.az