Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu istifadəyə verildi

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa edilir. Təqdirəlayiq haldır ki, bu layihələr indi hər bir rayonu, kəndi və qəsəbəni əhatə edir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilk növbədə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.

Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış, iki il müddətində başa çatdırılıb. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirilib ki, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş, hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılıb. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilib. Tikinti işləri aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri və yol-hərəkət nişanları quraşdırılıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat yollarının xəritəsinə də baxıb.

Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür. Ümumilikdə, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınmış və ya əsaslı təmir olunaraq istismara verilmiş, 21 körpü tikilmiş, 12 körpü isə təmir olunub.

Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına yolun tikintisi başa çatdırılıb.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə edib.

AzNews.az