“London taksi”ləri ilə gəlin gətirənlər barədə araşdırma başladı - Video


"Baku Taxi Company"ni şirkətindən toy karvanı açıqlaması

"Baku Taxi Company"ni "London taksi"lərinin toy karvanında istifadəsi ilə bağlı açıqlama verib. Şirkətinin icraçı direktoru Vüqar İbrahimov AzNews.az-a bildirib ki, qurumun xəbəri olmadan Bakıda "London taksi"ləri yeni evlənən cütlüklərin toy karvanında iştirak edib. Onun sözlərinə görə, bununla bağlı mətbuatda video məlumat dərc olunub və elə o məlumat əsasında şirkət araşdırma aparıb: "Məlum oldu ki, Maştağa qəsəbə sakini İntiqam adlı bir şəxs qeyri-qanuni olaraq vinil adlı materialla taksi maşının rəngini dəyişərək avtomobili ağ rəngdə boyayıb və el arasında deyildiyi kimi "gəlin maşını" vəziyyətinə gətirib. Ümumilikdə karvanda Şirkətə məxsus 11 taksi iştirak edib. Yol hərəkət qaydalarında ciddi bir pozuntu aşkarlanmayıb. Amma buna baxmayaraq, karvanda iştirak edən bütün sürüclər barəsində şirkət məlumatlıdır. Taksi avtomobilinin rəngini dəyişən İntiqam adlı sürücü barəsində ciddi ölçü götrülüb. Maraqlıdır ki, həmin avtomobilin sürücüsu yol polislərinin gözündən necə yayına bilib?".

V. İbrahimov deyib ki, bununla bağlı cərimə nəzərdə tutulmasa da, sözügedən sürücüyə ciddi töhmət veriləcəyi də istisna edilmir: "Sürücünün işdən kənarlaşdırılması məsələsinə də baxılır. Çox güman ki, o işdən kənarlaşdırılmayacaq və qeyd etdiyim kimi ona töhmət veriləcək. Bizim işgüzar imicimizlə bağlı Şirkətə hər hansı bir şikayət daxil olarsa, əlbəttə, o sürücü işdən kənarlaşdırılacaq. Hələk belə bir şikayət yoxdur".

Qeyd edək ki, AzNews.az-ın xəbərinə görə, Bakıda yeni evlənən cütlüklər həmişə yenilik axtarışında olur. Bu dəfəki yenilik toy karvanları ilə bağlı olub. Sujetdən də göründüyü kimi, "London taksi"ləri bu dəfə toy karvanında iştirak edib. 14 maşından ibarət avtokarvan şəhərdə böyük marağa səbəb olub.

Amid
AzNews.az