Təhsil Nazirliyindən daha bir şans

Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilmiş bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçimi aparılacaq.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar sentyabrın 3-dən 7-dək "Şəxsi səhifə"lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər.

Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı sentyabrın 7-də saat 18.00-da başa çatır və yerləşdirmə aparılır. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin "Şəxsi səhifə"lərinə göndərilir. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə 3-7 sentyabr tarixlərində baxılacaq.

Qeyd edək ki, bu il ümumilikdə orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılıb. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb.

AzNews.az