Həvva nənəmiz sevirdi axı...

Bu nağılı uşaq vaxtı oxumuşdum. Hindu qəbiləsinin ən gözəl qızını, tayfanın ən cəsur oğlu sevir. Bir gün oğlan qıza hədiyyə etmək istəyir. O, yeganə sərvəti olan, çox sevimli qolbağını satıb sevgilisinin arzuladığı ipləri alır və onun çoxdan arzuladığı uzun hörüklər hörür. Bundan gözəl hədiyyə olmazdı ki...

Qız da sevdiyi oğlanın çoxdan arzuladığı dəri qolbağı almaq üçün uzun hörüklərini kəsib satır. Hədiyyələr də təsadüfən eyni gündə verilir. Bu sevgidir.! Sevgi itirməz, qazandırar. Dost qazandırar, qəlb yoldaşı, can dostu qazandırar. Bir də sevgi elə sevdiyin anın yaddaşıdır. Yaddaşın o ilahi anı tutub elə saxlayır ki...

Ən ağrılı günündə, ən xoşbəxt anında, hər dəqiqə, hər saniyə canına hopmuş bu anla yaşayırsan. Amma bəzən lənətə gəlmiş şeytan qəlbinə girir. Şeytan nə gətirəcək ki...

Qəzəb, aqressiya, sonunda dava gətirəcək.
Yox, nifrət, kin bu, mümkün deyil. Sevgidə nifrət ola bilməz. Heç kin də saxlaya bilməzsən. Axşam dalaşarsan, səhər oyananda onu itirmək qorxusu səni param-parça edər. Daha dəlicəsinə bağlanarsan.
Bir də ki, sevgi qida məhsulu deyil, "sroku" bitə. Bəzən "sevirdim, indi sevmirəm" deyənlər ki var, onlar heç vaxt sevməyiblər. Nə zamansa ya cinsi, ya da maddi ehtiyaclarını ödəmək üçün yaxın olublar. Buna ehtiyac deyilir, sevgi yox.

O ki qaldı Adəmlə Həvvaya, onlar sevdilər və qovuşmaq üçün bütün yaxşılardan vaz keçdilər. Amma bir nağıl da var. Deyir, Adəmlə Həvva günahlarının cəzası olaraq Cənnətdən yerə endiriliblər, özü də ayrı-ayrı qitələrə. Nağıl sahibi deyir ki, Adəm hər gün Uca Yaradana dua edirmiş: "Allahım, günahlarımdan keç, məni Cənnətinə qaytar". Həvva da dua edirmiş: "Allahım, günahlarımdan keç, məni Adəmimə qaytar". Həvva nənəmiz sevirdi axı. Sevən üçün hər yer CƏNNƏTDİR.

interpress.az