Çingiz Abdullayev: “Hamımız çox narahatıq“ - Müsahibə

"İnanmıram ki, Yanukoviç mənlə görüşmək istəsin"

"Dəyişikliklərin olmasını istəyirik"

Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin AzNews.az saytına müsahibəsi:

- Çingiz müəllim, dünən 55 yaşınız tamam oldu. Əvvəla bu münasibətlə sizi təbrik edirik, sonra da maraqlıdır, kimlər sizi təbrik etdilər yubileyinizdə?

- Çox sağ olun təbrik üçün. Çox adam təbrik elədi. Telefonum zənglərdən partlayırdı. İnternetdə minlərlə təbrik gəlib. Hamısına təşəkkür edirəm. Bir çox yazıçı dostlarım, siyasətçilər, səfirlər təbriklərini çatdırdılar. Hətta elə sözlər yazırdılar ki, bəlkə də mən o sözlərə layiq deyiləm. Dostum Orhan Pamuk da zəng vurub xoş sözlər dedi.

- Bu il il yazıçılar Birliyini qurultayı keçirilməlidir. Qurultaya hazırlıq işləri nə yerdədir?

- İyun ayında qurultay olmalıdır. Təbii ki, namizədləri və qurultaya nümayəndələri seçəcəyik. Biz təkcə qurultay planlaşdırmırıq. Bu il Yazıçılar Birliyinin 80 illiyi tamam olur. Bunu da xarici qonaqların iştirakı ilə keçirmək niyyətindəyik.

- Sizin namizədliyinizin irəli sürülməsi mümkündürmü?

- Yox, məni namizəd versələr də, Anarın qalmağını istəyəcəyəm. Özüm Anara səs verəcəyəm.

- "Ədəbiyyat" qəzeti və "Ulduz" jurnalındakı dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Həmişə gənclərin irəli çəkilməsini istəmişik. Maşallah Elçin Hüseynbəyli artıq cavan deyil, 52 yaşı var. O keçib "Ədbiyyat" qəzetinə. İstəyimiz budur ki, həmin qəzet daha yaxşı çıxsın. Ayaz Vəfalı da sağ olsun ki, əlli ildən artıq həmin qəzetdə çalışıb. Amma dəyişikliklər təkcə bununla bitmir. Qurutlay öncəsi və qurultaydan sonra da müəyyən dəyişiklliklərin olmasını istəyirik.

-Sizi bir sıra məşhur şəxslər, o cümlədən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç haqda kitab yazmısınız. Yaxın vaxtlarda onunla yenidən görüşməyiniz mümkündürmü?

-Vaxtilə görüşümüşük. Amma indi onu kimsə, eləcə də mən tapa bilmərəm. İnanmıram ki, indi mənimlə görüşmək istəsin.

- Siz onunla görüşmək istərdiniz?

-Təbii ki, istərdim. İstərdim vəziyyətin nəyə görə bu səviyyəyə çatdığını soruşum. Həmişə bir addımı atanda düşünməlisən. Zamanında bizdə də belə insanlar olub, gəmini idarə edə bilməyib batırıblar. Bu da Mixail Qorbaçov idi. Vaxtilə ondan da beş cildlik kitab yazmışam. Yanukoviçi iki dəfə prezident seçdilər. Orda dəhşət korrupsiya var idi. Təbii ki, indiki durum uğursuz siyasətin nəticəsi idi. Onların arasında bir az adama oxşayan elə Yanukoviçdir. Yuşşenko və Yatsenyuk faşistdirlər.

- Bu hadisələri də yazmaq fikriniz varmı?

- Məni burda daha çox düşündürən silahlıların öldürdüyü uşaqların taleyidir. O insanları qəsdən qırdırırlar. Həmişə öz kitablarımda belə insanların taleyini düşünmüşəm. Orda insanlar müdafiəsiz qalıblar. Ukraynada nə oldusa, sadə xalqa oldu. Həmin varlılar isə qaçdılar və indi pis də yaşamırlar. Kasıblar isə indi daha da səfil günə düşüblər. Vaxtilə Azərbaycanda da milyonlarla insan meydana çıxırdı. Camaata vəd verirdilər ki, neft bizim özümüzün olsa, küçələri qızıldan düzəldərik. Bəs nə oldu? Demək istədiyim odur ki, avantüristlər çıxıb xalqı aldadırlar və hər şey də sadə insanların başında çatlayır.

- Bir müddət öncə "Qanun" nəşriyyatınin Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimələnməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etmişdiniz. Həmin müraciətdən nə xəbər var?

- Bildiyimə görə həmin məsələ Vergilər Nazirliyinə gönədirlib və baxılır. Təbii ki, məsələyə obyektiv baxılmasını istərdik. Birinci növbədə fikirləşməliyik ki, Azərbaycan dilində kitablar bizim xalqımıza çox lazımdır.

- Bu istiqamətdə daha hansı addımları atmağı düşünürsüz?

- İndi Vergilər Nazirliyin cavabını gözləyirik. Artıq Baş Prokurorluğa da müraciət ünvanlamışıq. Görək nə olur. Hələ ki, gözləmə mövqeyindəik. Çox yazıçılar da bu məsələyə görə narahatdırlar. Hamımız çox narahatıq. Bu məsələ həllini tapmalıdır.

İntiqam Valehoğlu
AzNews.az